Vaqif Sadıqov: "Komanda olduğumuzu sübut etməliyik"

Vaqif Sadıqov: "Komanda olduğumuzu sübut etməliyik"
ÖLKƏ FUTBOLU 6 Noyabr 2013 / 19:05 2359
-  A +

AZAL klubunu baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi

- Ötən tur komandanız "Sumqayıt"la qarşılaşdı. Autsayderlə xal itirdiyiniz oyun haqda fikirlərinizi bilmək istərdik.

- Məncə, maraqlı oyun alındı. Qələbəyə yaxın idik. Ən azı 3-4  yüzfaizli qol epizodunu dəyərləndirə bilmədik. Rəqib də sona qədər mübarizə apardı, çox yaxşı təsir bağışladı. Kimsə, fikirləşirsə, "Sumqayıt" bu gün aşkar autsayderdir, bu, belə deyil. Bu komandanın böyük potensialı, perespektivli futbolçuları var. Məncə, "Sumqayıt" futbolçularının hər biri ayrı-ayrı klubların maraq dairəsindədir. Bu oyunda istədiyimizə nail ola bilməsək də, yolumuza davam edirik.

- AZAL çempionata başladığı templə getmir. Komandanız V turda lider olduğu halda, hazırda 6-ci pillədə qərarlaşıb. Bunun səbəbini nədə görürsünüz?

- Bizim kimi komanda üçün eyni templə getmək çox çətindir. Əvvəllər də bildirmişəm ki, ehtiyat qüvvəmiz yoxdur. Ağır duruma düşəndə əsas oyunçularımızı əvəz etməyə futbolçu tapmırıq. Heyif ki, heyətdə olan itkilərə görə yeddi turdur ki, qalib gələ bilmirik. Ancaq oyunların çoxunda qələbəyə layiq olmuşuq. Hər bir uğursuzluğun obyektiv və subyektiv səbəbləri var. Vacib olan odur ki, çatışmazlıqları aşkar edib aradan qaldıra biləsən. Əlimizdən gələni edirik, bizi ağır oyunlar gözləsə də, komandada yaxşı əhval-ruhiyyə var. 

- Növbəti turda komandanız lider "Qarabağ"la qarşılaşacaq. Sizin üçün nə dərəcədə çətin oyun olacaq?

- Tək bizim üçün yox, hər bir komanda üçün "Qarabağ"a qarşı oynamaq çox çətindir. "Qarabağ" çox baxımlı futbol sərgiləyir. Bəlkə də iki güclü heyətə malik olan bir komandadır. Ancaq biz bunu dərk edərək, rəqibə qarşı öz oyunumuzu qurmağa çalışacağıq. Kiməsə elə gəlməsin ki, əvvəlcədən məğlubiyyətlə barışmışıq. Biz "Qarabağ"la da sona qədər mübarizə aparacağıq və çalışacağıq ki, öz azarkeşlərimizi sevindirək.

- Birinci dövrədə "Qarabağ"a qalib gəlməyi bacarmışdınız və "Qarabağ"ın hələ ki, cari mövsümdə ilk məğlubiyyətidir.

- Bununla fəxr etmək olar.

- İlk oyunda "Qarabağ"a qarşı öz "silah"ınızın olduğunu demişdiniz. Bu gün də həmin "silah"dan istifadə edə bilərsiniz?

- İndi bunu demək çətindir. Hesab edirəm ki, bu "silah"dan bir dəfə istifadə etmək olar. "Qarabağ" artıq həmin oyunu təhlil edib. Yeni bir plan seçməliyik. Gəlin tələsməyək, qarşıda iki günümüz var. Ən vacib odur ki, zədəli futbolçularımız sıraya döznsünlər. Ondan sonra hansısa taktiki modelə üstünlük verəcəyik. Onu da deyim ki, "Qarabağ"a qalib gəldiyimiz dövrdən indiyədək altı futbolçu itirmişiksə, əlbəttə ki, vəziyyət yaxşı deyil. Ona görə də hasısa dəyişikliklərə ehtiyac olacaq. Amma ümid edirəm ki, "Qarabağ"ın oyununu çox yaxşı təhlil etmişik.

- AZAL-ı "Qarabağ"la oyundan sonra da "Qəbələ" və "Xəzər Lənkəran" kimi çətin komandalar gözləyir.

- Mən deməzdim çətin oyunlarımız bununla bitir. Daha sonra "Rəvan"la, "Simurq"la və "Neftçi"  ilə də çox ağır oyunlar olacaq. Yəni bu gün rahat oyunlar yoxdur. Hər bir oyun bizim üçün çox məsuliyyətlidir.  Hər bir oyunda komanda ruhunu və əzmkarlığımızı göstərməliyik. Bu gün bizim üstünlüyümüz bundadır. Bu üstünlüyümüzü qorumaq üçün mübarizə aparmalıyıq. Səviyyə baxımından hansısa komandadan üstün deyilik. Ancaq əzmkarlıqla, istəklə hansısa nəticəni əldə edə bilərik. Nə dərəcədə güclü olduğumuzu bu oyunlarda sübut etməyə çalışacağıq.

- Təkcə əzmkarlıq və komanda ruhu ilə qarşıdakı çətin oyunların öhdəsindən gəlmək olacaq?

- Bu gün komndamızın gücü bundadır. Dediyim kimi bizdən aşağı və yuxarı pillələrdə olan komandalardan səviyyə baxımından üstün deyilik. Ona görə də hər bir oyunda komanda ruhunu qorumaqla nəticə qazanmalıyıq. Komanda olduğumuzu sübut etməliyik.

- AZAL yayda təlim-məşq toplanışı üçün ölkə xaricinə getmədi və bunun acısını gördünüz. Qış fasiləsində hazırlığı harada keçirməyi düşünürsünüz?

- Çempionatın gedişində boşluqlarımız olduğunu gördük. Yaxşı hazırlıq keçmədiyimiz üçün daha əvvəldən çatışmazlıqları aşkar edə bilmədik. Bu baxımdan sizinlə razıyam. Ancaq qış fasiləsində hansı səviyyədə hazırlıq keçəcəyimizi deməyə çətinlik çəkirəm. Hesab edirəm ki, mütləq toplanıb, harasa getməliyik. Ən azı hər mövqeyimizə bir oyunçu qatmalıyıq. Rəhbərliklə görüşüb bu məsələyə aydınlıq gətirəcəyik. İstərdim ki, Azərbaycandan kənarda təlim-məşq toplanışı keçirək, güclü rəqiblərlə yoldaşlıq oyununa çıxaq və həmin dövrdə ən azı 3-4 yeni futbolçu cəlb edək.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər