“Neftçi”nin sistemi bir nəfər üzərində qurulmayıb”

“Neftçi”nin sistemi bir nəfər üzərində qurulmayıb”
ÖLKƏ FUTBOLU 13 Sentyabr 2013 / 16:16 2815
-  A +

“Neftçi” klubunun vitse-prezidenti Tahir Süleymanov Qol.Az saytının suallarını cavablandırıb.



- “Neftçi”nin bu mövsümkü çıxışını necə dəyərləndirirsiniz?

- “Neftçi” son 3 ilin çempionu kimi yoluna davam edir. Böyük klubların böyüklüyü odur ki, həmişə sabit çıxıları ilə yadda qalır. Bu gün “Neftçi”də olan stabillik turnir cədvəlində öz əksini tapır. Senindirici haldır ki, bütün çətinliklərə baxmayaraq, uğurlu çıxışlarımızı davam etdiririk. Artıq VI turda “Neftçi” öz iddiasını ortaya qoyub. Çempionluq uğrunda mübarizəsini də sona qədər aparacaq. “Neftçi” və “Qarabağ” stabil çıxışları ilə son illər çempionatda öz sözünü deyir. Bir xüsusi məqamı qeyd etmək istəyirəm ki, V turdan sonra məğlubiyyət acısını dadmayan komanda yoxdur. Bu da onu göstərir ki, çempionatda rəqabət çox yüksəkdir və sona qədər klublar arasında gərgin mübarizə gedəcək. “Bakı” və “Qəbələ” çox iddialı görünür. AZAL və “Simurq”un da çıxışını qeyd etmək lazımdır. Onların iddialı klublarla başabaş oynaması, qalib gəlməsi çempionata əlavə rəng qatdı. “İnter” üzərində böyükhesablı qələbəmizə baxmayaraq, inanıram ki, həm “İnter”, həm də “Xəzər Lənkəran” bu uğursuz zolaqdan çıxacaqlar. Qarşıda hələ 30 tur var, böyük marafondayıq. Hər hansı bir arxayınçılıqdan söhbət gedə bilməz.

- Böyükağa Hacıyevin istefasından sonra komandada ümumi vəziyyət necədir? Tərlan Əhmədov klub rəhbərliyini qane edirmi?

- Klub və komanda fərqli bir anlayışdır. “Neftçi”nin son 4 ildə əldə etdiyi uğurlar göz qabağındadır. Ardıcıl 3 çempionluğumuzun birinci ilində heç bir təcrübəsi olmayan Arif Əsədov komandaya rəhbərlik edirdi. Daha sonra Böyükağa Hacıyev komandanı çalışdırdı. İndi isə Tərlan Əhmədovla iddiamızı davam etdiririk. Bunun da kökündə doğru, dürüst klub idarəçiliyi dayanır. Sadıq Sadıqov klub prezidenti olandan bu sistem yaradılıb. Təbii ki, hər baş məşqçinin öz fəlsəfəsi olur. Ancaq “Neftçi”də klubun siyasəti var. Komandada çalışan məşqçilər korpusu da buna uyğun hərəkət etməlidilər və edirlər.

- Yeni baş məşqçinin gəlişi nə vaxta nəzərdə tutulub?

- Hazırda məşqçilərə şans yaratmışıq. Klub prezidenti də çıxışlarında qeyd edir ki, gənc, yerli məşqçilərə şərait yaratmaq lazımdır ki, özlərini göstərə bilsinlər. Hələ ki, “Neftçi”nin rəsmi olaraq baş məşqçisi olmamasına baxmayaraq, komanda bu gün uğurla yoluna davam edir. Bu, bir daha onu sübut edir ki, “Neftçi”də möhkəm idarəçilik var və klub öz idarəetmə sisteminin nəticəsi olaraq heç bir məşqçidən asılı deyil.  Bilirsiz ki, Vobay və Kanales “Neftçi”dən getdi. Böyükağa Hacıyev istefa verdi.  Ancaq bunların kluba heç bir mənfi təsiri olmadı. Sabah Tahir Süleymanov da getsə, “Neftçi” öz yolunu davam etdirəcək.

- Hər halda, yaxın vaxtlarda yeni baş məşqçinin gəlməsi gözlənilmir?

- Bu, birbaşa klub prezidentinin nəzarətindədir.  Bu barədə hər hansı bir rəsmi mövqe olanda klub tərəfindən elan olunacaq.

- Tərlan Əhmədov hələ ki, yaxşı nəticələr qazanır. O, buna görə “Neftçi”də baş məşqçi qala bilər?

- Qeyd etdiyiniz yaxşı nəticələr təkcə Tərlan Əhmədovun yox, “Neftçi”nin nəticələridir. “Neftçi”nin sistemi bir nəfər üzərində qurulmayıb. Tərlan Əhmədov da, futbolçular da bu sistemin içərisində olan şəxslərdir. “Neftçi”nin gücü onun birliyindədir.
Klub rəhbərliyi tərəfindən həmişə gənc mütəxəssislərə işləmək üçün şərait yaradılıb. Bu gün də Tərlan Əhmədov, Bəxtiyar Musayev və Kamal Quliyevə şərait yaradılıb. Bu şəxslər yaradılan şəraitdən maksimum istifadə etməlidirlər. Klub rəhbərliyi olaraq bundan sonra da onlara hər cür dəstək verəcəyik.

- Sözünüzdən məlum olur ki, “Neftçi”yə əcnəbi mütəxəssis gətirilməyəcək?

- Çempionata nəzər yetirsəz, adlı-sanlı baş məşqçilərin rəhbərlik etdiyi komandaların turnir cədvəlinin hansı pillədə olduğunu görərsiz. Onların aşağı pillələrdə olduğu göz qabağındadır. Bir daha vurğulayıram ki, böyük klub hansısa şəxsdən asılı olmamalıdır. “Barselona”da da belədir, “Mançester Yunayted” və başqa klublarda da. “Bakı” məğlubiyyətindən sonra “Neftçi”də heç bir təlaş baş vermədi. Klub prezidenti oyundan sonra ümumi bir toplantı keçirdi. Məğlubiyyətin səbəblərini analiz etdik. Dünən “İnter”lə elə ilk hissədə “Neftçi” göstərdi ki, “Bakı” ilə görüş bir qəza idi. Baxmayaraq ki, milli komandaların oyunu ilə əlaqədar futbolçuların yarısı məşqlərə gec qoşulmuşdu, doğru analizlərin nəticəsi olaraq “Neftçi” öz gücünü göstərdi. Amma bilirik ki, böyük bir marafondayıq. Bütün klublar “Neftçi”yə qarşı ikiqat motivasiya ilə oynayır. Çalışırlar ki, bu dəfə “Neftçi”nin çempionluğuna mane olsunlar.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər