Mirhüseyn Seyidov: “Neftçi”də əsas heyətdə oynamaq çətindir”

Mirhüseyn Seyidov: “Neftçi”də əsas heyətdə oynamaq çətindir”
ÖLKƏ FUTBOLU 11 Sentyabr 2013 / 14:50 2520
-  A +

U-21 millimizin və “Neftçi” klubunun üzvü Mirhüseyn Seyidovun Qol.Az saytına müsahibəsi 

- U-21 millimiz İsraillə qarşılaşdı və acınacaqlı məğlubiyyətlə üzləşdi. Bu görüş haqda fikirlərini bilmək istərdik.

- Oyuna həmişəki kimi ciddi hazırlaşmışdıq. Futbolçulara da demişdim ki, oyun çox çətin keçəcək. Matçdan əvvəl məşqçilər mənə dedi ki, səni ehtiyatda saxlamaq istəyirik. Mən də məşqçi fikirinə heç nə deyə bilmərəm. Yəqin ki, son vaxtlar “Neftçi”də meydana çıxmadığımı, oyun təcrübəmin azlığını nəzərə alıblar.

- Böyükhesablı məğlubiyyətin səbəbini nədə görürsən?

- Səbəb odur ki, artıq 3-cü dəqiqədə qapımızda iki qol görmüşdük. Bundan sonra komandamız bir qədər irəli atıldı və müdafiədə boşluqlar yarandı. Azərbaycan futbolunda 0:2 hesabından sonra nəyisə dəyişmək çətindir. Bununla hesab daha da böyüdü. Komanda olaraq çox zəif çıxış etdik. Çox vaxt müdafiə futbolu oynasaq da, bu dəfə açıq futbola üstünlük verdik. Rəqib də boşluqlarımızdan istifadə edib qolları sıraladı.

- Bu hesaba görə baş məşqçini, yoxsa futbolçuları günahlandırmaq olar?

- Məncə, burda tək baş məşqçini qınamaq olmaz. O, bizə öz tapşırıqlarını vermişdi. Uduzmuşuqsa, deməli, hamımız günahkarıq. Hər kəs öz səhvini analiz etməlidir. İstər baş məşqçi, istər də futbolçular.

- “Sumqayıt”a keçmək istəməyinlə bağlı xəbər düzgündür?

- “Sumqayıt”la danışıb razılaşmışdım. “Neftçi”yə bildirdim ki, əvvəki kimi mütəmadi oynamıram, meydana çıxmaq istəyirəm, ən azı icarəyə getməyim yaxşı olar. Klub prezidenti Sadıq Sadıqovla danışdım. O mənə bildirdi ki, hər şey yaxşı olacaq, özündən çox şey asılıdır, klubda qalıb daha artıq çalışmalısan. Ona görə də “Neftçi”də qalası oldum. Bilirəm ki, “Neftçi”də əsas heyətdə oynamaq çətindir. Ona görə ehtiyat oturmaqla barışmırdım. Fikirləşirdim ki, “Sumqayıt”a gedib rahat oynaya bilərəm.

- Tərlan Əhmədovun rəhbərliyi ilə “Neftçi”nin çıxışını necə qiymətləndirisən?

- Məncə, normaldır. Hər şey qaydasında gedir. Düzdü, son turda “Bakı”ya 0:3 hesabı ilə məğlub olduq. Ancaq nəzərə almaq lazımdır ki, uzun marafondayıq. Komandalar da heyətlərin gücləndiriblər. “Bakı”, “Qarabağ” və “Qəbələ” bu il daha da iddialıdır. Onsuz da hamı “Neftçi” ilə ikiqat güclə oynayırdı. Üç ilin çempionluğundan sonra isə rəqiblərimiz istəmir ki, yenə çempion olaq. Ona görə xüsusilə “Neftçi” ilə oyunlara daha yaxşı motivasiya olurlar. Biz də əlimizdən gələni edirik ki, oyunlara hazır olaq. Bilirik ki, bütün komandalarla oyunumuz çətin olacaq.

- “Bakı”ya gözlənilməz məğlubiyyətin səbəbi nə oldu?

- Hiss olunur ki, “Bakı” əvvəlki illərlə müqayisədə çox dəyişib. Bu komanda öz oyunu tapıb. Kollektiv şəkildə çox yaxşı çıxış edirlər. Fərdi oyunçuları da ustalıq səviyyəsinə malikdir. Bizimlə oyunda da hər tərəfli üstün oynadılar. Həm də biz zəif çıxış etdik. Ancaq hər şeyi bir oyunla ölçmək olmaz. Növbəti oyunlarda uğurlarımızı davam etdirəcəyik.

- Razısan ki, bu il “Neftçi” üçün çempionluq asan görünmür?

- Öz aramızda da danışırıq ki, ötən illlərə nisbətən bizə çox çətin olacaq. Çünki indi iddialı olan komandalar daha güclüdü. Ancaq  hansısa oyunda uduzmağımız, o demək deyil ki, indidən təslim olmuşuq.

- “Neftçi”də əvvəlki çempionluq istəyi qalıb, yoxsa komandanın istəyi üç ardıcıl çempionluqdan sonra azalıb?

- Deyərdim ki, hardasa əvvəlki illərdə olan istək yoxdur. Düzdü, hamı istəyir ki, çempion olsun. Ancaq çempion olmaq çətinləşib. “Qarabağ” keçən il ən iddialılardan idi. İndi isə bu siyahıya “Qəbələ” də daxil olub. Əgər "Sumqayıt” “Qəbələ”yə qalib gəlirsə, deməli, zəif rəqib yoxdur. Dediyim kimi komandalar “Nefçi”dən xal almağı çox arzu edirlər. Düşünürlər ki, “Neftçi”ni iki xaldan məhrum ediriksə, deməli, bu komanda yuxarı pillərdə olmayacaq. Bunu da özləri üçün böyük uğur sayırlar.

- Sabah “İnter”lə qarşılaşacaqsınız. Bu görüş haqda nə düşünürsən?

- “İnter”lə öz meydanımızda oynayacağıq. Keçən mövsüm də bu komanda ilə oyunlarımız çətin alınıb. Yəqin ki, yenə həmin taktika ilə oynayacağıq. “Neftçi” sabah öz gücünü göstərək və məncə, qalib gələcəyik. “İnter”in son dövrlərdəki çxışlarını nəzərə alsaq, bizim şansımız daha çoxdur.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər