Cavid Hüseynov: "Millinin üzvü olduğumu düşünmək lazım idi"
Milli komandamızın və “Bakı” klubunun yarımmüdafiəçisi Cavid Hüseynovun Qol.Az saytına müsahibəsi
- “DÇ-2014”-ün seçmə mərhələsində İsrail millisi ilə səfər oyunundan bir xalla dönə bildiniz. Bu görüş haqda fikirlərini bilmək istərdik.
- Hamı İsrailin necə komanda olduğunu və necə oynadığını yaxşı bilir. Bizə də bəlli idi ki, rəqibimiz evdə lap yaxşı təsir bağışlayır. Ona görə oyun çox ciddi hazırlaşmışdıq. Futbolçularımızın da hamısının formada olan vaxtıdır. İlk qolu da vurmağı bacardıq. Təəssüf ki, rəqib səhvimizdən istifadə edib hesabı bərabərləşdirdi. Məncə, pis çıxış etmədik. Ancaq yaxşı da oynamadıq. Qalib gələ bilərdik. İsrail millisinin də qol epizodları oldu. Ona görə də hesab oyuna görə oldu. 1:1 hesablı nəticəni normal saymaq olar.
- Komandamızda əvvəlki oyunlara nisbətən özünəinam hissi daha artıq idi. Futbolçularımız rəqibdən çəkinmirdi. Bunun xüsusi səbəbi var idi?
- Fikrinizlə razıyam, komandamızda getdikcə psixoliji durum daha yaxşılaşır, özünəinam hissi artır. Biz futbol oynaya bilirik. Sadəcə olaraq inam hissi bizdə çatmır. Oyunda hər cür texniki hərəkətlər göstərə bilirik. Ancaq oynamaq üçün, qol vurmaq üçün futbolçularda inam olmalıdır. Bu da zamanla həll olunan bir şeydir. İnşallah beynəlxalq turnirlərdə oynadıqca bu problemi aradan qaldıracağıq. Qarşıda Rusiya və Şimali İrlandiya ilə oyunlarımız var. Düşünürəm ki, həmin görüşlərdə bizim üçün nəticəsiz olmayacaq. Hər iki oyunda yaxşı nəticə qazanacağıq.
- Bu gün millimizə daha yaxşı nəticə, yəni qələbə lazımdır. Bu tsikldə millimiz üç xala həsrətdir.
- Yaxşı nəticə deyəndə elə qələbəni nəzərdə tuturam. Öz meydanımızda heç-heçədən danışmaq qorxaqlıq olardı. Şəxsən mən belə düşünürəm. Biz ancaq qələbə üçün oynamalıyıq. Artıq qələbə istəməyin vaxtından keçib. Demək olmaz ki, qələbə istəyirik. Artıq bunu etməliyik. İstəyərdik, istəyirik kimi sözlərdən qurtarmalıyıq. Qələbə qazanmağa qadirik. Artıq biz də futbol oynamağı bacarırıq.
- Şimali İrlandiyaya öz meydanımızda qalib gələ biləcəyik?
- İnşallah qələbə qazanacağıq. Bunu edəcəyimizə çox inanıram.
- Bir qədər də “Bakı” haqda danışaq. Komandanız çempionata ardıcıl məğlubiyyətlə başladı, daha sonra hər üç oyunda böyükhesablı qələbə qazandınız. Komandanızda nə kimi dəyişklik oldu?
- Bizim baş məşqçimiz təzə gəlib. Oyunçuların mövqeyində, sistemdə dəyişiklik edib. Bunlar öz təsirini göstərməyə bilməz. İlk iki tur bizim üçün çox acınacaqlı keçdi. “Qəbələ”yə uduzsaq da, yaxşı oynadıq. Ancaq AZAL-la oyunda hər cəhətdən rəqibə uduzurduq. Komandamızda çatışmazlıqların tez üzə çıxması yaxşı oldu ki, vaxtında ayıldıq. İndi isə hər şey qaydasındadır. Qələbələrimzi sıralayırıq. Heç bir problemimiz yoxdur.
- Sevindirici haldır ki, bombardirlər sırasında gedirsən. Bu siyahıya isə həmişə legionerlər başçılıq edib. Düşünürsənmi bu mövsüm özün bombardir olasan?
- Qeyd etdiyiniz kimi hər il legionerlər bombardir olur. Yerli futbolçularda hücumçu qıtlığı olduğu üçün qol vuranlarımız da azdır. Bu gün yerli hücumçu deyəndə hamının ağlına yalnız Rauf Əliyev gəlir. Həqiqətən də Azərbaycanda hücumçu çatışmazlığı var. Mən də bombardirlər siyahısına baxmışam. Qarşıma məqsəd qoymuşam ki, nə əqədər bacarıramsa, qol vurum, axıra qədər bombardirliyimi qoruyum. Ancaq təəssüf ki, “Neftçi” ilə oyunda qırmızı vərəqə aldığım üçün məni 3 oyunluq cəzalandırıblar. Bu qərarla razı deyiləm. Milli komandanın üzvü olduğumu da düşünməyiblər. Bunu nəzərə almaq lazım idi. Bu, mənə bir qədər sıxıntı yaradır. Ancaq qarşıdakı oyunlarda da qol vurmağa çalışacam.
- Premyer Liqanın növbəti turunda “Xəzər Lənkəran”la qarşılaşacaqsınız. Bu oyun haqda nə düşünürsünüz?
- “Xəzər Lənkəran” göstərilən diqqətə görə bu gün yaxşı yerdə deyil. Bu komandanı öyrəşmədiyim yerdə görrürük. Arzu edirəm ki, “Xəzər Lənkəran” özünə gəlsin ki, çempionatın marağı daha da artsın. Bizə rəqib olduqları üçün onlara başqa arzular da edə bilərdim ki, qoy həmişə belə olsunlar. Ancaq mən həmişə Azərbaycan futbolunu istəyənlərdən olmuşam. Lənkərana ancaq qələbə üçün gedirik. Artıq çempionat başlayandan iki dəfə uduzub məğlubiyyət limitini doldurmuşuq. İnşallah səfərdən qələbə ilə qayıdacağıq.
- Yəqin qələbələri sıraladıqca “Bakı”nın iddiası da artır...
- Komandamızın oyununa baxın, özünüz məqsədimizi görəcəksiniz. Necə qiymətləndirirsinzə, elə də dəyərləndirin. Çox yaxşı heyətimiz var. Ehtiyat oyunçularımız kifayət qədərdir. Hansısa problem olmasa, inşallah çempionluğu qeyd edə bilərik.
Ramiq AĞAMƏMMƏDOV