Kamal Quliyev: "Millimiz hücum futbolu oynamalıdır"

Kamal Quliyev: "Millimiz hücum futbolu oynamalıdır"
ÖLKƏ FUTBOLU 5 Sentyabr 2013 / 19:06 2973
-  A +

“Neftçi” klubunun məşqçisi Kamal Quliyev milli komandamızın "DÇ-2014"ün seçmə mərhələsində sentyabrın 7-də İsrail yığması ilə keçirəcəyi oyun haqda Qol.Az saytının suallarını cavablandırıb.


- Komandamızın sabiq üzvü kimi İsraillə oyun haqda fikirlərinizi bilmək istərdik...

- Hər halda İsraillə öz meydanımızda heç-heçə edəndə gördük ki, hər bir komandaya qarşı oynamaq olar. Əsas odur ki, futbolçular verilən tapşırıqları yerinə yetirsinlər. Bu mövsüm Avroliqada və Çempionlar Liqasında İsrail komandalarının necə oyun nümayiş etdirmələrinin şahidi olduq. Rəqibimiz həm texnikalı, həm də sürətli futbolçulardan təşkil olunub. İsrail millisi dövrünün ən güclü vaxtlarını yaşayır. Ona görə də çox ağır oyun olacağını deyə bilərəm. Qazanılacaq bir xal də bizim üçün qənimət sayılır. Futbolçularımız fiziki, taktiki və psixoloji cəhətdən bu oyuna çox yaxşı köklənməlidirlər. Hazırda dünya futbolunda zəif komanda yoxdur. Həmçinin İsrail də güclü komandalardan biridir.

- Komandamız səfərdən xalla dönmək gücündədir?

- Qalib gələcəyimizə ehtimal azdır. Yığmamız üç xalla qayıtsa, futbolçulara təşəkkür edərdim. Ancaq bir xalla dönsələr də onlara təşəkkür düşür. İsraillə səfər oyunundan bir xal almaq üç xala bərabərdir. Mümkündür ki, komandamız səfərdə məğlub olmasın. Ancaq bunun üçün komandamız çəkinməməli, hücum futbolu oynamalıdır.

- Gözlənilir ki, Foqts millimizi yenə müdafiəyəmeyilli taktika ilə oyuna çıxaracaq... 

- Əlbəttə ki, baş məşqçidən çox şey asıldır. Mən Berti Foqtsun əleyhidarlarından biriyəm. Onun Azərbaycan futboluna gəlişini istəməmişəm. Həmişə bu barədə danışıb pis adam oluram. Müdafiə futbolu məğlubiyyət deməkdir. Bunu birdəfəlik qəbul etmək lazımdır. Qorxaq oyun lazım deyil. Allah Əhməd Ələsgərovun canın sağ eləsin. O, millimizin baş məşqçisi olanda bizləri Portuqaliya kimi komandanın, Luiş Fiqo, Rui Koşta, Vitor Baya kimi oyunçuların qarşısına çıxardı. Əgər Əhməd müəllim o qorxu hissini bizdən uzaqlaşdırdısa, deməli bunu bacarmaq olar. Yenə deyirəm ki, əgər müdafiədə oynayacağıqsa, elə bu başdan texniki məğlubiyət alaq, gələk oturaq evdə. Müdafiə futbolu oynamaq olar. Ancaq baxır hansı məqamda. Hər dəfə meydana müdafiə olunmaq üçün çıxmaq düzgün hal deyil.

- Bir qədər də “Neftçi”dən danışaq. Komandanızda işlər necə gedir?

- Gördüyünüz kimi axırıncı turda heç nədən “Bakı”ya məğlub olduq. Həqiqətən 0:3 hesabı bizim üçün ağır məğlubiyyət idi. Bir tərəfdən bu bizi daha da işimizə məsuliyyətli yanaşmağa vadar edəcək. Ancaq belə olmamalı idi. Verilən tapşırığı 1-2 futbolçumuzdan başqa heç biri yerinə yetirmədi. Hətta rəqib bir nəfər azlıqda qalanda biz müdafiəçini hücumçu ilə əvəzləsək də, qol vura bilmədik, əksinə rəqib daha bir qol vurdu. Həmin gün futbolçularımızın cəsarəti çatmadı. Onlar tam başqa əhval-ruhiyyədə idilər. Buna cavabdeh olan da bizik. İnaşallah çalışacağıq ki, bu fasılədən yararlanaq və “İnter”lə oyunda istədiyimiz futbolu ortaya qoya bilək, üç xal qazanmaqla “Bakı”ya məğlubiyyəti unudaq.

- Böyükağa Hacıyevin gedişindən sonra “Neftçi”də nə dəyişib?

- Heç bir dəyişiklik yoxdur. Hər bir məşqçi belə bir halla üzləşə bilər. Böyükağa Hacıyevin də öz oyun stili var idi. Tərlan Əhmədov da daima üzərində işləyən, daima maraqlanan, oxuyan məşqçilərimizdən biridir. Sadəcə olaraq futbolçularımızdan da asılıdır ki, bizləri qəbul etsinlər. Böyükağa müəllimin gedişi sırf oyunöncəsi müsahibəsi ilə bağlı idi. Hər bir böyük məşqçi bu addımı ata bilər. Böyükağa müəllim belə addım atdı. Böyük klubdan böyük də uğurlar tələb olunur.


Ramiq AĞAMƏMMƏDOV

 

Daha çox


Son xəbərlər