Fariz Nəcəfov: "Syominin işləri bəhrəsini verir"

Fariz Nəcəfov: "Syominin işləri bəhrəsini verir"
ÖLKƏ FUTBOLU 5 Sentyabr 2013 / 16:07 2396
-  A +

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az saytına müsahibəsi


- “Qəbələ”nin yeni mövsümdəki çıxışı haqda nə deyə bilərsiniz?

- Komandamız çempionata yaxşı start verdi. “Bakı” və “İnter” üzərində ardıcıl qələbələr qazandıq. Daha sonra gözlənilmədən “Sumqayıt”a uduzduq. Futbolda hər cür nəticələr qeydə alınır. Ümumən komanda yaxşı oyun sərgiləyir. Getdikcə daha yaxşı olacağına inanırıq.

- Üç qələbə və iki məğlubiyyət, bu nəticəni necə hesab edirsiniz?

- Nəzər alsaq ki, uzun bir marafondayıq, hələ ki, bu nəticələr çox da əhəmiyyət kəsb etmir. Ancaq əsas odur ki, “Qəbələ” oyun baxımından yaxşı təsir bağışlayır. Məğlub olduğumuz iki oyunda da komandamız aşkar üstünlüyə malik idi. Gördüyünüz kimi “Sumqayıt” və “Qarabağ”a məğlub olsaq da, hər iki oyunda komandamız rəqibi üstələdi, çoxlu sayda qol imkanları yaratdılar. Dediyim kimi əsas komandanın oyunu olmalıdır. “Qəbələ”də də bunu görmək olar.

- Baş məşqçi Yuri Syominin gördüyü işlər artıq nəzərə çarpır?

- Əlbəttə, artıq onun işləri öz bəhrəsini verir. Ona ümidlər böyükdür. Hiss olunur ki, komandada canlanma var. Tək “Qəbələ”nin oyunundakı irəliləyiş yox, elə komandada yaratdığı ab-hava, futbolçulara münasibəti də diqqəti cəlb edir.

- “Qəbələ”də xeyli dəyişiklik olub. Yeni heyət, yeni transferlər ümidləri doğruldurmu?

- Məncə, hər bir transfer bizim üçün uğurlu oldu. Özünüz də onların
oyunlarını görürsünüz. Alınan hər bir futbolçunun komandaya böyük xeyri dəyəcək. Çünki Syomin onları sınaqdan keçirib və razı qaldığı oyunçular komandaya cəlb olunub.

- Sizcə, bu heyətlə “Qəbələ” çempion olmaq gücündədir?

- Bəli. Hər bir futbolçumuza güvənirik. Əsas heyətdə yer alan oyunçularımız hamısı səviyyəsi ilə seçilir. 

- Çempionatda 5 tur arxada qaldı. Hansı komandaların çıxışı diqqət çəkir? “Qəbələ” üçün ən çətin sayılan rəqib hansılardır?

- Hələ ki, əsas oyunlar qarşıdadır. Hələ bilmək olmaz hansı komanda necə çıxış edəcək. Çempionatın bu il daha çətin keçəcəyini söyləmək olar. Öz çıxışı ilə, oyunçularının səviyyəsi ilə diqqət çəkən komanda isə “Qarabağ”dır.

-  “Qəbələ” Futbol Akademiyasının stadionu nə vaxt istifadəyə veriləcək?

- Artıq stadion istifadəyə hazırdır. Komandamız çempionatdakı növbəti ev oyununu akademiyanın stadionunda keçirəcək. Əsas stadion isə 2014-cü ildə isfadəyə veriləcək.


Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər