"İsrail millisi 2-3 qol da buraxa bilər"

"İsrail millisi 2-3 qol da buraxa bilər"
ÖLKƏ FUTBOLU 4 Sentyabr 2013 / 19:23 3471
-  A +

“Oyunçularımızın məsuliyyəti birəbeş artmalıdır. Bizi səfərdə çox çətin oyun gözləyir. Çünki İsrail çalışacaq ki, şansı əldən buraxmasın. Rusiyanın məğlub olmasından sonra İsrail yığmasının şansları artıb. Təbii ki, oyuna çox soyuqqanlı başlamaq lazımdır. Komandamız erkən qol vurmalıdır ki, görüşü yaxşı sonluqla bitirsin”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Turan” klubunun sabiq baş məşqçisi Əfqan Talıbov milli komandamızın DÇ-2014-ün seçmə mərhələsində sentyabrın 7-də İsrail yığması ilə keçirəcəyi oyun haqda danışarkən deyib.

Təcrübəli mütəxəssis qeyd edib ki,millimizə yeni futbolçular qoşulduğu üçün müəyyən anlaşılmazlıqlar baş verir, hücumlarımızın kəsəri olmur:

“Fikir vermisinizsə, milli komandamız ilk hissəni yaxşı oynayırsa, görüşün 60-70-ci dəqiqəsindən sonra həmin oyundan əsər-əlamət qalmır, qapımız ağzında çoxlu təhlükəli vəziyyətlər yaranır. Ancaq İsraillə oyunda belə olmayacaq. Çünki rəqib futbolçularına tez bir zamanda qol vurmaq tapşırığı veriləcək. Onlar ilk 15 dəqiqədə qapımıza qol vurmağı qarşılarına məqsəd qoyublar. İlk dəqiqələrdən rəqib pressinq edəcək. Bu gün heyətimizdə çox dəyişikliklər olub. Hücumlarımız o qədər də kəskin olmur. Çünki xətlər arası əlaqə yaxşı qurulmur. Müdafiədə olduğu kimi hücumda da futbolçular bir-birini yaxşı başa düşməlidir. Bizim komandamızda isə futbolçular tez-tez dəyişir. Buna görə onlar bir-birini anlamaqda çətinlik çəkir”.

Əfqan Talıbov komandaların şanslarını da dəyərləndirib. Millimizin İsrailə qalib gəlməyinin yollarından danışıb, tez bir zamanda qol vurmalı olduğumuzu deyib: “Təbii ki, oyundan çox qol gözləmirəm. Amm bir qol vura bilsək, rəqib hesabı bərabərləşdirməkdə çox çətinlik çəkəcək. Ancaq sırf müdafiədə otursaq, onda rəqibin cinahlardan hücumlarının ardı-arası kəsilməyəcək. İnamla hücuma çıxmalıyıq. Bir nəfərlə yox, 4-5 nəfərlə hücuma qoşulmalıyıq. Əgər cinahlardan hücum zamanı rəqibin cərimə meydançasında bir futbolçumuz olsa, qol vurmaq şansımız olmayacaq. Ancaq cərimə meydançasına ən azı 3 futbolçumuz daxil olsa, bu, rəqibi məcbur edəcək ki, səhvə yol versin. Arzu edirəm ki, birinci qolu biz vuraq. Rəqibin Dünya Çempionatına getmək  şansı yarandığı üçün həyacanı da olacaq.

Çox az ehtimal olunur ki, top buraxdıqdan sonra qalib gələk. Çünki qapımızda qol görsək, təzyiqlər artacaq, rəqib özünə gələcək. Ancaq biz hücumlarımzı artırsaq, rəqibin hücumunun qarşısını elə rəqib qapısı ağzında dayandırsaq, inanın ki, İsrail əsəbindən 2-3 qol da buraxa bilər. Ancaq top bizdə qalmadıqca, rəqibin təzyiqləri artacaq. Çünki onlar qol vurmağa məcburdur”.

Daha çox


Son xəbərlər