“Qarabağ” Almaniyaya ancaq qələbə üçün gedir”

“Qarabağ” Almaniyaya ancaq qələbə üçün gedir”
ÖLKƏ FUTBOLU 26 Avqust 2013 / 14:37 3490
-  A +

Topaz Premyer Liqanın 4-cü turunda “Qəbələ”nin qonağı olan “Qarabağ” 1:0 hesablı qələbə qazanıb. Uzun müddətdir ehtiyata qalan, dünənki oyunda isə əsas heyətdə yer alan və inamlı çıxışı ilə yadda qalan “Qarabağ”ın qapıçısı Fərhad Vəliyev matçla bağlı Qol.Az saytının suallarını cavablandırıb.



-  Oyun haqda nə deyə bilərsən?


- “Qəbələ” ilə həm səfərdə, həm də evdə çox gərgin və maraqlı oyunlarımız olur. Avroliqa oyunlarına görə baş məşqçimiz ikinci heyəti oyuna buraxmışdı. Buna baxmayaraq, meydanda olan futbolçularımız qələbə qolunu vurmağı və hesabı qorumağı bacardılar. İlk hissədə bərabər şəraitdə oyun keçdi. Ancaq ikinci hissədə təkqapı oyun getdi. Qapımıza hücumların ardı kəsilmirdi.

- Qalibiyyəti bəxt amili ilə bağlamaq olar?

- Doğrudan da “Qəbələ” qapımıza çoxsaylı zərbələr endirə bildi. Hesab edirəm ki, bəxt bizim tərəfimizdə idi.

- Amma bəzi epizodlarda bəxt  amili yox, sənin inamlı oyunun da komandanızı qoldan xilas etdi.

- Əlbətdə, mən də əlimdən gələni etdim ki, qapımda qol görmüyüm. Bir neçə epizodda rəqib qola çox yaxın oldu, ancaq buna imkan vermədim.

- “Qarabağ”ın ikinci heyəti necə təsir bağışladı? Bu futbolçularla çempionatda mübarizə aparmaq olar?

- Baş məşqçimiz də oyundan qabaq futbolçulara demişdi ki, hər bir oyunçuya inanır, kimi meydana buraxacaqsa, o, əzmkar oyun nümayiş etdirməlidir, rəqibdən çəkinməməlidir. Futbolçular da baş məşqçinin dediyinə əməl etdilər. Heyətimizdə cavan futbolçular çox idi. Onlar həm də özlərini sübut etmək üçün əzmlə oynadılar. Ona görə də düşünürəm ki, bu heyətlə də mübarizə aparmaq olar.

- Təcrübəli futbolçu kimi gənc oyunçulardan hansının daha çox ümidləri dorultduğunu deyə bilərsən?

 - Əvvəllər də “Qarabağ”ın aşağı yaş qruplarından yaxşı futbolçular yetişib. Bunlardan Əfran İsmayılov, Maksim Medvedyev və Rauf Əliyevi misal gətirmək olar. Onlar Azərbaycan futbolunda öz sözlərini deyib. Qurban müəllim indi də çalışır ki, yerli futbolçulara tez-tez şans versin, onlar da özlərini göstərsin. Dünənki oyunda Təmkin Xəlilzadənin çıxışını qeyd edə bilərəm. Premyer Liqada ilk oyununu keçirdi. Toğrul Bilallı da gələcəkdə özünü yaxşı tərəfdən göstrərəcək.

- “Ayntraxt”a 0:2 hesabı ilə uduzduqdan sonra səfər oyununa nə dərəcədə hazırsınız? Komandanızda səfər meydanında qələbəyə inam var?

- Hər gün toplanışda baş məşqçimiz “Ayntraxt”la cavab oyununa toxunur. Öz meydanımızda 0:2 hesablı məğlubiyyətə baxmayaraq biz Almaniyaya ancaq qələbə dalınca gedəcəyik. Yaxşı oyun nümayiş etdirəcəyik, rəqibdən çəkinməyəcəyik. Heyətimizdə yaxşı, Avropa təcrübəsi olan futbolçuların sayı çoxdur. İlk matçda Reynaldonun yoxluğu oyunumuza təsirin göstərdi. Ola bilər ki, cavab oyununda Reynaldo komandamıza köməklik etsin. Əgər meydana çıxa bilsə, qollarını sıralaya bilər.

- Konkret mərhələni keçmək şanslarını necə qiymətləndirirsən?

- Rəqib meydanında iki qol vurduğu üçün “Ayntraxt” bizdən üstün görsənir. Doğma meydanda, azarkeşlər qarşısında ondağından rəqibin mərhələ keçmək şansı daha çoxdur. Yəni 60/40-a nisbətində rəqib daha şanslıdır. 

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
topaz banner