“Getdikcə olub-qalan hücumçularımız da itir”

“Getdikcə olub-qalan hücumçularımız da itir”
ÖLKƏ FUTBOLU 13 Avqust 2013 / 14:02 4352
-  A +

“Turan” klubunun sabiq baş məşqçisi Əfqan Talıbovun Qol.Az saytına müsahibəsi

- “Turan” çempionatı tərk etdikdən sonra nə işlə məşğulsuz?

- Hələlik işim yoxdur. Yeni formatda keçirilən çempionata baxır, azərbaycanlı oyunçuların meydançada at oynadan legionerləri nə zaman üstələyəcəyini izləmək istəyirəm.

- “Turan”ın aqibəti necə oldu?

- Bunu klubun vitse-prezidenti Namiq Məstanaov bilər. Komanda ilə o, məşğildur. “Turan”la heç bir əlaqəm yoxdur.

-  Hansısa klubdan təklif almısınız?

- Zəng edib maraqlanırlar, işləyib-işlməməyimi soruşurlar. Ancaq hələlik real təklif yoxdur.

- Artıq çempionatda iki tur arxada qaldı. Klublarda xeyli dəyişikliklər oldu. İki turdan sonra hansı komandaların çıxışı diqqət çəkir?

- Çempionat gözlədiyimiz qədər güclü başlamadı. Hazırda ilk pillələrdə olan “Qarabağ” “Neftçi” və “Qəbələ”nin heyətinə baxsaq, görərik ki, maliyyə imkanları hesabına yaxşı oyunçular alınıb və onlar komandaya güc qatıb. Digər klublarda çox problemlər olacaq. “İnter” heç vaxt çempionata iki məğlubiyyətlə başlamayıb. Əsas problemli məsələ ondadır ki, klublarda qol vuran oyunçular yenə legionerlərdir. Keçən tur yeganə “Bakı” klubunda hücumda yerli futbolçu – Rauf Əliyev oynadı. Mən keçmiş hücumçu kimi çox təəssüf edirəm ki, Azərbaycanda yaxşı texnikalı, sürətə və driblinqə malik hücumçular artıq yetişmir. Qol vuranlar hamısı əcnəbilərdir. Azərbaycanlı futbolçular isə yalnız gedib onları qucaqlayır. Səviyyəli legionerlərin olması yaxşıdır. Ancaq bunun sonu necə olacaq?! Azərbaycanlı futbolçular yetişməlidir, axı. Legionerlər qol vuranda insan çox da sevinə bilmir. Yəni ürəkdən o hiss gəlmir. Fikirləşirsən ki, bəs, bizimkilər nə vaxt vuracaq? Getdikcə, olub- qalan hücumçular da itir.

- Sizcə bunun səbəbi nədir? Bu problemi necə aradan qaldırmaq olar?

- Təcili sürətdə aşağı yaş qruplarında, komandaların əvəzedici heyətlərində hücumçular yetişdirmək lazımdır. Hücumameyilli oyunçularımız həddindən artıq azdır. Artıq 20 ildir müstəqil ölkəyik. Bu illər arzində yaxşı hücumçular yetişməli idi axı. Klubların xərclədiyi vəsaitin müqabilində yaxşı oyunçularımız olmalı idi. Ona görə də hələ ki, çempionat ürəkaçan səviyyədə deyil. Artıq autsayderlərlə liderlər arasında altı xal fərq var. Bu fərq bir qədər də artsa, çempionatd maraq qalmayacaq. Halbuki biz bu ilki çempionatda daha çox mübarizə gözləyirik. Hansı klub ilk iki turda məğlub olub, onların sonrakı fəaliyyəti çox çətin olacaq.

- “Qarabağ”ın Avroliqadakı çıxışları haqda nə deyə bilərsiniz?

- Əvvəlllər Azərbaycan klubları Avropaya gedəndə hazırlıqsız və cibi boş olurdu. Bu gün isə komandaların həm hazırlıq səviyyəsi yaxşıdır, həm də cibləri doludur. “Qarabağ”da da bu işlər qaydasındadır. Bu gün “Qarabağ”ın oyun səviyyəsi Rusiya və Türkiyə kimi ölkələrin çempionatında ilk beşlikdəki komandalarla eynidir.  Komandaya yaxşı legionerlər gəlib. Onlar “Qarabağ”ın oyun sisteminə uyğunlaşıb. Komandamız Avroliqanın hər üç mərhələsində inamlı oyunu ilə yadda qaldı.

- Bəs komandamızın “pley-off”dakı rəqibi “Ayntraxt” haqqında nə deyə bilərsiniz? “Qarabağ” bu rəqibini keçmək gücündədir?

- “Qarabağ” qətiyyən “Ayntraxt”ın qarşısında aciz görsənməyəcək. Kim belə fikirləşirsə, səhv edir. Yəni komandalar arasında fərq yoxdur. Bu gün “Ayntraxt” narahat olmalıdır ki, “Qarabağ”la düşüb, bu, elə belə komanda deyil. “Ayntraxt” üçün çox çətin olacaq. Mərhələnin taleyini 1-2 top həll edəcək. Amma onu da deyim ki, “Qarabağ” da çox ehtiyatlı olmalıdır. Çünki Almaniya klublarının hamısı güclüdür. Bütün liqalarında mübarizə aparan klublarda səviyyəli oyunçular var.  Fiziki cəhətdən almanlar çox güclüdür. “Gefle” və “Piast”la müqayisədə “Ayntraxt” qat-qat sürətlidir. Komandamız hücumlarda çox ehtiyatlı olmalıdır. Alman klubu çox sürətli əks-hcumları ilə komandamızı cəzalandıra bilər.Birinci şans lazımdır. Şans da sürətli olan, daha çox hücum edən komandanın əlinə düşür. Hesab edirəm ki, “Qarabağ”ın qrupa düşmək şansı 50/50-yədir. 

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə