Joze Rui «Bakı»ya 250 min avroya başa gələ bilər
«Bakı»nın maraq dairəsində olan portuqaliyalı Joze Rui paytaxt klubuna 250 min avroya başa gələ bilər. Qol.Az-ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, Sofiya MOİK-nin yarımmüdafiəçisinin oyunu olan disklər Bakıya göndərilib. Və bir vaxtlar MOİK-i çalışdırmış Qyoko Hacıyevski 26 yaşlı futbolçunun oyununu bəyənib. Joze Rui əvvəllər Avropa klublarına yollanmaq istədəyini bildirsə də, yaxşı təklif halında «Bakı»da oynamaqdan imtina etməyəcəyini deyib. Portuqaliyanın «Nasional», «Penyafiel», «Setubal», «Alverka», Lourinxanze» klublarının şərəfini qorumuş futbolçu MOİK-in əsas heyətinə düşməkdə çətinlik çəkir. O, ötən mövsüm 8 oyunda meydana çıxaraq, 1 qol vurub. Joze Ruinin əmək haqqı kifayət qədər yüksək olduğundan MOİK rəhbərliyinə onu komandada saxlamaq sərf etmir. Yarımmüdafiəçinin bir illik transfer haqqı 200 min avrodur. Daha 50 min isə MOİK-ə ödəmək gərəkir. «Bakı» cinah yarımmüdafiəçisini icarəyə götürmək niyyətindədir. Qeyd edək ki, hazırda paytaxt klubunun şərəfini 2 bolqarıstanlı futbolçu - Aleksandr Tamaşla Stanislav Baçev qoruyur.