Fərhad Vəliyev: "Piast"la cavab matçında hücumda oynamalıyıq"

Fərhad Vəliyev: "Piast"la cavab matçında hücumda oynamalıyıq"
ÖLKƏ FUTBOLU 22 İyul 2013 / 17:05 2420
-  A +

"Oyun komandamızın üstünlüyü şəraitində keçdi. Rəqibin cəmi bir təhlükəli epizodu oldu, o da qolla nəticələndi. Bizim isə hər iki hissədə çoxlu qol imkanlarımız oldu. Ancaq bunların ikisindən istifadə edə bildik. Nəticədə 2:1 hesabı ilə qalib gəldik. Ümumi götürəndə komandamız çox yaxşı təsir bağışladı. Əzmkar oyun nümayiş etdirdik”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” klubunun qapıçısı Fərhad Vəliyev Avroliqanın II təsnifat mərhələsində Polşanın “Piast” klubu ilə oyun haqda danışarkən deyib.

Təcrübəli qapıçı qələbəni asan qazanmadıqlarını bildirib. O, qeyd edib ki, cavab matçı daha gərgin keçəcək: “İlk dəqiqələrdən rəqib güclü pressinqlərə başladı. Bu bir qədər işimizi çətinləşdirdi. “Piast”ın ucaboy futbolçuları ikinci mərtəbədə bizə çətinlik yaradırdı. Ancaq ikinci hissədə sanki onlar yoruldu.  Həm də rəqib standart vəziyyətlərdə çox təhlükəlidir.  “Piast” dünən ölkə çempionatına qələbə ilə başlayıb. Rəqibə 3:2 hesabı ilə qalib gəldikləri oyunda qolun ikisini standart vəziyyətdən vurublar. Cavab oyununun daha çətin keçəcəyini bilirik. Onların çılğın azarkeşləri var. Düşünürəm ki, cavab oyununda 90-cı dəqiqəyə qədər gərgin oyun gedəcək. Buna hazır olmalıyıq”.

F.Vəliyev “Piast”ı “Qarabağ”ın 2010/11 mövsümündə Avroliqada mübarizədən kənarlaşdırdığı digər Polşa klubu “Visla” ilə müqaisə edib. Onun sözlərinə görə, “Visla” daha səviyyəli və güclü komandadır: “O vaxt “Visla”nın heyətində Polşa milli komandasının üzvləri oynayırdı. Təcrübəli futbolçular o komandada daha çox idi”.

F.Vəliyev mərhələni keçmək şanslarından da danışıb. Bildirib ki, 2:1 hesablı qalibiyyət sürüşkən hesabdı və “Qarabağ” qətiyyən oyuna rahat çıxa bilməz: “Hər halda qalib gəlmək yaxşı nəticədir. Ancaq qapımızdan qol buraxdığız üçün ilk oyundakı hesabı düşünməməliyik. Səfərdə birinci hesabı açsaq, bizə rahat olacaq. Ona görə də, cavab oyununda hücumda oynamalıyıq”.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu