Sadıq Sadıqov: "Günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar"

Sadıq Sadıqov: "Günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar"
ÖLKƏ FUTBOLU 28 Oktyabr 2012 / 23:26 4049
-  A +

“Neftçi”nin prezidenti Sadıq Sadıqov klubun rəhbərliyinin və məşqçilər korpusunun istefaya getməsi ilə bağlı mətbuatda yer alan xəbərlərə  münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, hazırda Həcc ziyarətində olan S.Sadıqov klubun saytına açıqlamasında deyib ki, “Neftçi”nin “Rəvan”a məğlubiyyəti ilə barışa bilməz:

"Çünki “Neftçi” “Rəvan” kimi komanda ilə hər oyunda top buraxmadan qalib gəlməlidir. Buna görə də məğlubiyyətin səbəbləri mütləq araşdırılmalıdır. Mətbuatda klubun vitse-prezidenti  Tahir Süleymanovun, komandanın idman direktoru Güloğlan Cabbarovun, eləcə də baş məşqçi Böyükağa Hacıyevin istefa verməsi haqda xəbərlər də yer alıb. Qəti şəkildə bildirirəm ki, istefalardan söhbət gedə bilməz. Bakıya qayıtdıqdan sonra məşqçilər korpusundan, həmçinin komandanın rəhbərliyindən hesabat tələb edəcəyəm".

S.Sadıqov bildirib ki, məğlubiyyətin səbəbləri araşdırılacaq və günahkarlar ciddi şəkildə cəzalandırılacaqlar: "Amma, bir məqama da toxunmaq niyyətindəyəm. Hər kəsə bəllidir ki, futbolumuzun tarixində bir ilkə imza ataraq, Avrokubokların qrup mərhələsinə vəsiqə qazanmış “Neftçi” həm də bütün Azərbaycanı təmsil edir. Ölkəmizin avrokuboklardakı yeganə ümidi olan komandamız "Rubin"ə qarşı ağır oyun keçirmişdi. Kazan səfərindən qayıtdıqdan bir gün sonra növbəti görüşə çıxan futbolçularımızın yorğunluğu öz sözünü deməyə bilməzdi. Üstəlik, üç gün aralıqlarla çempionatda daha iki ağır qarşılaşma bizi gözləyir.
 
Noyabrın 8-də “Neftçi” Bakıda “Rubin”lə cavab görüşünə çıxacaq. Heyətimiz legioner futbolçularla əsasən gənc olan yerli oyunçulardan qurulub. Matçlar da onu göstərir ki, futbolçularımız bu cür ağır qrafikə tam hazır deyillər. Belə olan halda Azərbaycan adını təmsil edən “Neftçi”yə daxili çempionatda oyunların təxirə salınması baxımından müəyyən güzəştlər edilməlidir. Çünki üç gündən bir  keçirilmiş oyunlar komandamızın avrokubok qarşılaşmalarına mənfi təsir edəcək. Nəzərə alaq ki, “Rubin” və “Partizan”la doğma azarkeşlər önündə oynayacağıq və az da olsa Avroliqanın qrup mərhələsini adlamaq şanslarımız mövcuddur. Mən klub prezidenti kimi bəyan etmək istəyirəm ki, “Neftçi”nin şərəfini qoruyan hər bir futbolçuya güvənirəm. İnanıram ki, onlar “Rəvan”a məğlubiyyətdən dərs çıxarıb, qarşıdakı oyunlarda, xüsusən Avroliqa turnirinin qrup matçlarında Azərbaycan xalqını sevindirəcəklər".

Daha çox


Son xəbərlər