Nazim Süleymanov baxışa çağırdığı oyunçuları bəyənmədi

Nazim Süleymanov baxışa çağırdığı oyunçuları bəyənmədi
ÖLKƏ FUTBOLU 18 İyun 2011 / 15:10 2521
-  A +

AZAL-ın baxışa dəvət etdiyi futbolçuların çıxışı komandanın baş məşqçisi Nazim Süleymanovu qane etməyib. Gənc mütəxəssis legioenerlərin hazırlığından razı qalmayıb. Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində Süleymanov özü məlumat verib:

“Baxışa çağırdığımız futbolçular xoşumuza gəlmədi. Hazır gəlməyiblər. Bilirsiniz ki, Avroliqada oynayırıq. Bizə hazır futbolçular lazımdır. Onları çempionat oyunları üçün götürmürük ki. Komandaya hər futbolçunu almırlar. O, heç olmasa heyətdəki futbolçulardan üstün olmalıdır. Bu futbolçuları göndərəcəyik. Hələ ki, gözləmə mövqeyində olacağıq. Yeni oyunçular gəlməlidir”.

Baş məşqçi 4 futbolçudan yalnız biri ilə müqavilə bağlamaq istədiklərini bildirib: “Onların arasında yalnız Vladimir Cilasın oyunu məni qane etdi. Ola bilsin ki. bu hücumçu ilə müqavilə bağlayaq. Bunun üçün Vaqif Qasımovun İsveçrədən qayıtmasını gözləyirik”.

Süleymanov birinci təsnifat mərhələsindəki oyuna hazırkı heyətlə çıxacaqlarını istisna etməyib: “Maraqlandığımız oyunçular var. Yerli futbolçulara üstünlük verəcəyik. Ancaq hələlik baxışda yeni oyunçu yoxdur. Böyük ehtimalla birinci təsnifat mərhələsinin oyununa əlimizdəki heyətlə hazırlaşacağıq”.

Qeyd edək ki, AZAL-da baxışda olan futbolçular serbiyalı hücumçu Vladimir Cilas, onun həmyerliləri mərkəz müdafiəçisi Neboja Skoplyakla hücumçu Marko Paviçeviç və albaniyalı yarımmüdafiəçi Jetmir Sefa idi.

Daha çox


Son xəbərlər