Əsgər Abdullayev: “İstəmədiyim futbolçular göndəriləcək”

Əsgər Abdullayev: “İstəmədiyim futbolçular göndəriləcək”
ÖLKƏ FUTBOLU 10 İyun 2011 / 15:12 2563
-  A +

“Turan”ın baş məşqçisi Əsgər Abdullayevin Qol.Az saytına müsahibəsi

- “Turan”a gəlməzdən öncə başqa klublardan təklif almışdınız?

- Biri “Turan” olmaqla, iki variantım var idi. Bunlar arasında seçim etdim və Tovuz klubunu seçdim.

- Digər variant hansı idi?

- O, keçmişdə qaldı. Ona görə də bu barədə danışmaq istəmirəm.

- Bir halda ki, keçmişdə qalıb, niyə danışmaq istəmirsiniz?

- Yox, istəmirəm. Konkret deyirəm ki, “Turan”ı seçdim. Qurtardı.

- Yaxşı, niyə məhz “Turan”?

- “Turan”ı ona görə seçdim ki, köklü komandadır. Yaxşı şəraiti, güclü azarkeş dəstəyi, ən əsası isə Premyer Liqa təcrübəsi var. Burada hamı futbolu çox sevir, onunla nəfəs alır. Azərbaycanı avrokuboklarda təmsil edən birinci klubdur. Qalmağa yeri var.

- Digər klubun qalmağa yeri yox idi?

- Yox, var idi. Amma mən “Turan”ı üstün tutdum.

- Növbəti mövsüm üçün qarşınıza hansı hədəf qoyulub?

- Düzgün seleksiya aparıb, mənə lazım olan futbolçuları yığa bilsəm, bu barədə dəqiq bir söz deyə bilərəm. Hər halda əsas məqsədimiz “Turan”ın əvvəlki oyununu özünə qaytarmaqdır. Amma bütün bunlar yalnız yuxarıda saydığım amillərdən asılıdır. Düzgün seleksiya və istədiyim futbolçuların alınması.

- Dediniz ki, seleksiya işləri aparacaqsınız. Bundan sonra “Turan”dan göndərəcəyiniz oyunçular olacaq?

- Artıq bir çox oyunçunun müqaviləsi başa çatıb və onlarla yollarımızı ayırmışıq. Heyətdə qalan futbolçularla isə iyunun 20-də görüşüb, yenidən danışacam. Əlbəttə ki, onların bəzilərini saxlamaq lazım gələcək. İstəmədiyim futbolçular isə göndəriləcək.

- Son vaxtlar mətbuatda belə bir söz-söhbət gəzir ki, Aftandil Hacıyev, Emin Quliyev və Nadir Nəbiyev kimi oyunçuları “Turan”a gətirmək istəyirsiniz. Bunlar nə dərəcədə realdır?

- Bəli, belə bir fikrim var. Bu futolçuları komandamda görmək istəyirəm. Onların hər birini yaxşı tanıdığım üçün oyun sistemimizə uyğun gəldiklərini düşünürəm. Məncə, bu futbolçular tam istifadə olunmayıb. Onlardan istifadə etmək niyyətim var.

- Aftandil Hacıyevlə Emin Quliyevi almaq istəyinizi hardasa başa düşmək olar ki, bu futbolçuların oyun praktikası az da olsa, var. Ancaq Nadir Nəbiyev uzun müddətdir futbolsuzdur.

- Əsas məsələ odur ki, bu futbolçunun qabında var. Nadiri özünə qaytarmaq elə də çox vaxt aparmayacaq. Çünki yüksək texnikaya və dərin təcrübəyə malikdir. Qalır təkcə onun fiziki durumunu və oyun praktikasını artırmaq. Bu da məşqdən məşqə, oyundan oyuna düzələcək. O, özü də futbola qayıtmaq istəyir. İstəkdən də çox şey asılıdır. Futbolda əsas amillərdən biri də budur. Fikrimcə, Nadir kimi futbolçular Azərbaycana çox xeyir verə bilər.

- Adlarını çəkdiyimiz oyunçulardan başqa daha kimləri komandada görmək istərdiniz?

- Bir neçə oyunçu ilə danışmışam. Onların arasında cavan, ancaq Azərbaycan futbolunda öz sözünü demiş oyunçular da var. Bir sözlə, həvəskarlardan tutmuş peşəkar klublara qədər bir çox futbolçuları izləyib, seçim edəcəyik.

- Maraqlandığınız oyunçulardan hansıların adlarını çəkə bilərsiniz?

- İndi ad çəkmək olmaz. Bilirsiniz necədi, rəsmi bir şey olmamış nəsə demək düzgün deyil. Onda futbolçunun adına da pisdir. Müqavilə bağladıqdan sonra bu haqda danışmaq olar. Hansısa oyunçuyla saziş bağlananda mən zəng vurub deyirəm ki, bu barədə məlumat verin ki, bilsinlər.

- Maraqlandığınız futbolçular arasında əcnəbilər də var?

- Əlbəttə, var. Gənc və yerli oyunçularla yanaşı, əcnəbi futbolçular da olacaq ki, digərləri onlara baxıb, təcrübə toplasınlar.

- “Turan”ın əsas qapıçısı Kamal Bayramov “Xəzər Lənkəran”a keçdi. Yəqin ki, komandaya yeni qolkiper alınacaq.

- Hə, qapıçı mütləq alınacaq. Bu, yerli də ola bilər, legioner də.

- Bir az da təlim-məşq toplanışınız barədə məlumat verərdiniz.

- Ayın 20-də Tovuzda toplaşacağıq. Bir həftə dartınma dövrü keçdikdən sonra, hazırlığın ikinci mərhələsi üçün ya Quba, ya da İsmayıllıya yollanacağıq. Təxminən 10-15 gün orada qaldıqdan sonra, yenidən Tovuza qayıdacağıq. Təlim-məşq toplanışının 3-cü mərhələsi isə ya Tbilisi, ya da Antalyada baş tutacaq. Hazırlıq prosesində 3 yoxlama oyunu da nəzərdə tutulub.

Daha çox


Son xəbərlər