AFFA rəhbərliyi özünü necə gülüş hədəfinə çevirdi?

AFFA rəhbərliyi özünü necə gülüş hədəfinə çevirdi?
ÖLKƏ FUTBOLU 31 May 2011 / 18:47 3101
-  A +

Azərbaycan milli komandasının bir neçə gün əvvəl universitet tələbələri ilə yoxlama oyunu keçirməsi hələ də müzakirə olunmaqdadır Qol.Az-ın məlumatına görə, klubların məşqçiləri, oyunçuları, eləcə də, hətta milli komandamızın futbolçuları belə AFFA rəhbərliyinin bu qərarını təəccüblə qarşılayıblar.

Millinin üzvü olan bəzi futbolçular bu təşəbbüsün AFFA rəhbərliyinə məxsus olduğunu, şəxsən baş katib Elxan Məmmədovun razılığından sonra baş məşqçi Berti Foqtsun matçın keçirilməsinə razılıq verdiyini bildiriblər. Əldə etdiyimiz məlumata görə, federasiya rəhbərliyinin bu qərarı təkcə futbol azarkeşlərinin deyil, elə milli komandanın üzvlərinin də narazılığına və gülüşünə səbəb olub.

Onlar Qazaxıstanla Avropa çempionatının vacib oyunu öncəsi AFFA rəhbərliyinin peşəkarlardan ibarət milli komandanın futbolçularını isti havada və süni meydançada həvəslarlarla oyuna məcbur etməsini anlamadıqlarını deyiblər.

Klub rəhbərləri isə AFFA rəhbərliyinin bu addımını sadəcə olaraq, gülünclə qarşılayıblar.

Çoxlarını bir sual düşündürür: rəsmi oyun ərəfəsində belə oyun milli komandaya lazım idimi? Əgər lazım idisə, o zaman milli komandaya rəqib qismində Azərbaycanda ortabab klub tapılmırdımı?

Sonradan çoxlarına məlum olub ki,
AFFA rəhbərliyinin rəqib kimi universitet komandasını seçməsi təsadüfi deyil. Çünki federasiya ilə həmin təhsil ocağı arasında işgüzar münasibətlər var, odur ki, Elxan Məmmədovun ona matçın keçirilməsi ilə bağlı edilən təklifə «yox» deməyə üzü gəlməyib.

Görünür, bu təklif Elxan Məmmədov üçün həm də göydəndüşmə olub və son illər milliyə ciddi rəqib tapmaqda çətinlik çəkən AFFA rəhbərliyi indi çıxış yolunu özünün tərəfdaşı olan qurumların komandalarıyla oynamaqda görür. 

Bu mənada, artıq özünü gülüş hədəfinə çevirən AFFA rəhbərliyi bundan sonra partnyorları olan şirkətlər və bankların komandalarıyla millinin oyunu təşkil etsə, qətiyyən təəccüblənməyin.

Həm də AFFA rəhbərliyi artıq başa düşüb ki, Avropada bizə futbolumuza görə çox gülüblər. Onlar azarkeşlərimizin məyusluğuna şərik olmağa başlayıblar, ona görə də milli komandamıza rəqib kimi universitet komandasını seçir.

Azərbaycan millisi - universitet komandası - 18:1!

Necədir sizin üçün?

AFFA rəhbərliyi azarkeşlərə söz verib ki, belə oyunlar və qələbələrin sayı bundan sonra daha da çox olacaq.

Odur ki, gözləyin.

İstəsəniz, gülümsəyə də bilərsiniz…

 


Son xəbərlər