Cəmşid Məhərrəmov: "6-cı pillə mənim üçün utancvericidir"

Cəmşid Məhərrəmov: "6-cı pillə mənim üçün utancvericidir"
ÖLKƏ FUTBOLU 24 May 2011 / 00:43 2188
-  A +

"Bu mövsüm həm "Bakı" klubunun rəhbərliyi, həm də şəxsən mənim özüm üçün çox uğursuz oldu. Premyer Liqanı 6-cı pillədə başa vurmağımız mənim üçün utancvericidir. Mən bunu ən zəif nəticə sayıram. Bu cür şərait, bu cür imkanlar, bu cür maddiyyatla göstərdiyimiz nəticə heç uyğun gəlmir". Qol.Az-ın məlumatına görə, bunu "BakuTV"yə klubun kapitanı Cəmşid Məhərrəmov deyib.

Məhərrəmov növbəti mövsüm həm çempionluq, həm də ölkə kuboku uğrunda mübarizə aparacaqlarını deyib: "Bakı" həmişəki kimi, öz hədəfindən dönməyəcək. Növbəti mövsümdə komandamız çempionluq və kubok üçün oynayacaq. İnanıram ki, gələn il bu mövsümün əvəzini çıxacağıq. İnşallah, həm çempion olarıq, həm də kuboku götürərik. Azarkeşlərə onu demək istəyirəm ki, həvəsdən düşməsinlər. İnşallah, gələn mövsüm onları ürəkdən sevindirməyə çalışacağıq. Onlara layiq olduqları çempionluğu və kuboku bəxş edəcəyik".

Müdafiəçi Azərbaycan milli komandası barədə də danışıb: "Yığmada olduğum vaxt AFFA-nın baş katibi Elxan Məmmədov bizə demişdi ki, Qazaxıstana qalib gəlmək lazımdır. Biz də hazırlaşırıq. Çalışacağıq ki, əvvəlcə Qazaxıstanla səfərdə, sonra isə Almaniya ilə evdə keçirəcəyimiz Avro-2012-nin seçmə oyunlarında azarkeşlərimizi sevindirək".

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camalın "Eurovision 2011" beynəlxalq mahnı müsabiqəsindəki qələbəsinə də toxunan Məhərrəmov bundan qürur duyduğunu bildirib: "Azərbaycanın hər bir nailiyyəti məni sevindirir. "Eurovision" müsabiqəsinə sonadək baxdım. Ulu öndərin bir sözü var: Mən fəxr edirəm ki, azərbaycanlıyam. Doğrudan da bu, adi müsabiqə deyildi. Azərbaycanın qələbəsinə bütün Azərbaycan sevindi. Bu, insana qürur verir, insanı hər şeyə daha da ruhlandırır. Əgər "Eurovision"dakı qələbəni qeyd etməyə bu qədər insan küçələrə çıxırsa, görün, Qarabağ qələbəsini nə qədər insan qeyd edəcək. Hamı torpaqlarımızı qaytarmağa canla-başla gedər".   

Daha çox


Son xəbərlər