"Sumqayıt"ın baş məşqçisi: "Artıq yüksək yerlər uğrunda mübarizə aparmağın vaxtıdır"

"Sumqayıt"ın baş məşqçisi: "Artıq yüksək yerlər uğrunda mübarizə aparmağın vaxtıdır"
ÖLKƏ FUTBOLU 21 May 2011 / 19:45 2560
-  A +

"Sumqayıt" klubunun baş məşqçisi  Baba Əsgərovun Qol.Az saytına müsahibəsi

-Artıq I Divizionda mübarizə sona yetib. Komandanız mövsümü 7-ci yerdə başa vurdu. Necə düşünürsüz bu nəticəni qənaətbəxş saymaq olar?

-Uğurun başlanğıcı ondan ibarətdir ki, Sumqayıta yenidən böyük futbol qayıtdı. İlk mövsümdə əsas məqsədimiz yerli uşaqlardan təşkil olunan komandanın qurulması idi ki, bu yöndə gördüyümüz işləri qənaətbəxş saymaq olar. Həm də komanda rəhbərliyi sağ olsun ki, mənə sərbəst iş görməyimə şərait yaratdı. Azərbaycan miqyasında bu cür yanaşma nadir hallarda müşahidə olunur. Mövsüm bitdikdən sonra komandada 6-8 yeni oyunçu parlamağa və tanınmağa başladı ki, onlar da gələcəkdə Sumqayıt futbolunun inkişafına öz töhfəsini verəcəklər.

-Konkret olaraq kimləri adın çəkə bilərsiz?

-Ən azı etika xatirinə onların adlarını çəkmək istəməzdim. Həmin futbolçular öz üzərilərində daha çox çalışsalar, siz gələcəkdə onların uğurlu futbolçu karyeralarına şahidlik edərsiniz. Onların komandanın formalaşmasında böyük rolu var. Ona görə də, onlarla gələcəkdə də işləmək maraqlı olardı. Çox təəssüf ki, ümidləri doğrultmayan futbolçular da var. Bu da məsələnin mənfi tərəfidir. Həm də bizim heyətin 80-90 faizi 1-ci dəstə təcrübəsi görməyib. Uzun müddətdi Sumqayıtda futbol olmayıb deyə, müəyyən qədər boşluqlar var. Komandada təcrübəli oyunçularla yanaşı, 2-3 futbolçudan başqa digərləri 1-ci dəstədə ilk dəfə çıxış etməklə futbolda olan çətinliyi, təzyiqi hiss edərək xeyli təcrübə toplayıblar. Düşünürəm ki, bu onlar üçün böyük uğur oldu.

-Komandadan gedəcək futbolçuları müəyyənləşdirmisiz?

-İndidən bu haqda nəsə deyə bilmərəm. Buna yaxın günlərdə rəhbərliklə görüşdükdən sonra aydınlıq gələcək. Həmçinin bu toplantıda mövsümün sonunda bitəcək müqaviləmin artırılıb-artırılmaması müzakirə olunacaq ki, yalnız bundan sonra hansısa bir futbolçunun gedəcəyi haqda fikrimi deyə bilərəm. Eyni zamanda daha bir iclas keçirib mövsüm ərzində keçirdiyimiz oyunları analiz edəcəyik.

-Bu toplantı təxminən nə vaxta planlaşdırılır?

-Gələn həftə ərzində belə bir görüş təşkil olunacaq. Çünki bunu ötən mövsüm olduğu kimi yenə uzadıb, sonra bunun acısın çəkmək istəmirik. Bu görüş nə qədər tez keçirilsə, bir o qədər yaxşı olar. Biz də öz planlarımızı vaxtında müəyyən edib səmərəli iş qura bilərik. Bununla da, gələn mövsümə uğurlu start verə bilərik. Həmçinin həmin görüşdə hansı şərtlər altında, hansı məqsədlər üçün mübarizə aparacağımız da müəyyənləşəcək.

-Gələn mövsüm böyük maliyyə vəsaiti ayrılarsa, legioner futbolçular transfer etməyi planlaşdırırsınız?

-İddialı bir komanda olmaq üçün  şərt qoyulsa belə, biz yenə də yerli oyunçulara üstünlük verəcik. Buna görə xaricdən oyunçu gətirməyə ehtiyac yoxdu. Çünki birinci dəstədə oynaya biləcək kifayət qədər təcrübəli yerli oyunçular var. Hətta bəzi gözaltılarımızın olduğunu da deyə bilərəm. Həm mövsümün əvvəlində, həm də dövrələrarası fasilədə bir xeyli oyunçu klubumuzun heyətinə düşmək istəyirdi. Ancaq rəhbərlik bizim qarşımıza yerli oyunçulara üstünlük vermək məqsədini qoymuşdu ki, biz də onlardan imtina edərək təcrübəsiz yerli oyunçulara şans verdik. Burada əsas məqsəd isə onların təcrübə toplayaraq gələcəkdə komandaya xeyir verməsi idi.

-Bu mövsüm qarşınıza əsasən hansı məqsədlər qoyulmuşdu?

-Bu mövsüm əsas məqsədimiz güclü və mübariz bir komanda yaratmaq idi ki, buna da nail olmuşduq. Çempionat ərzində də fikir verirdimki, hər bir komanda bizimlə oyundan çəkinir. Bu, artıq komandanın gücündən xəbər verir. Güclü komandalarla oyunda rəqiblərimiz də bizə hörmətlə yanaşırdı. Sadəcə təcrübəsizliyimiz və ustalıq səviyyəmizin aşağı olması bizim yuxarı pillələrdə qərarlaşmağımıza mane oldu.

-Mövsüm ərzində ardıcıl qələbələr qazadıqdan sonra məğlubiyyətləri sıraladınız. Bunu necə şərh edərsiz?

-Düzdü komandada belə tendensiya yaşanıb. Ancaq ikinci dövrədə elə bir məqamda oldu ki, bir neçə tur 3-cü yerə də şansımız oldu. Ancaq həmin vaxtı bizim 4 əsas oyunçularımızın zədələnməsi, təcrübəli Aqil Məmmədovun karyerasını bitirmək fikrinə düşməsi, Nahid Mehrəliyev və Vaqif Şirinbəyovun çimərlik futbolu üzrə milli komandaya cəlb olunması bizim ehtiyat oyunçular skamyamızı zəiflətdi ki, nəticədə mövsümü daha aşağı bir yerdə başa vurduq. Bütün bunlar da planlarımıza daxil olmayan amillər idi ki, nəticəmizə mənfi təsir etdi.

-Necə düşünürsüz komanda gələn mövsüm Premyer Liqaya vəsiqə qazana biləcəkmi?

-Əlbəttə, bunu çox istərdik. Çünki komanda üzvləri də artıq kifayət qədər birinci dəstə səviyyəsində həm psixoloji, həm də oyun təcrübəsi qazanıb. Bunun üçün rəhbərliklə görüşdə də lazım olan məsələləri müzakirə edəcəyik. Artıq daha yüksək yerlər uğrunda mübarizə aparmağın vaxtıdır. İnşallah, bununla bağlı müəyyən işlər aparıldıqdan sonra bizdə öz iddiamızı ortaya qoyacağıq.

-Gələn mövsüm də komanda Premyer Liqaya vəsiqə qazana bilməsə sizə qarşı tənqidlərin olacağından qorxmursunuz ki?

-Doğrudur, uğur qazandıqda bu cür tənqidlər ört-basdır edilir. Ancaq bir şeyi nəzərə almaq lazımdır ki, hər şey plan üzrə qurulur. Qaldı ki, bu cür söz-söhbətlərə belə şeylərə baş qoşmaq lazım deyil. Hamı bir olaraq nizamlı bir şəkildə futbolun inkişafını fikirləşməli və bu işə öz töhfəsini verməlidir. Bu gün milli komandamız 108-ci yerdə gedir. Burada, sənin, mənim yox bütün Azərbaycanın adı hallanır. Sadəcə olaraq futbola yanaşma düzgün qurulmalıdır. Azərbaycan necə ki, bir olub “Eurovision-2011” mahnı müsabiqəsində qalib gəldi, futbolda da belə olmalıdı. Mənasız sözlər danışan həmin insanlardan fərqli olaraq elə qrup yaradmalıdır ki, o, gecə-gündüz  Sumqayıt futbolun inkişafı haqda düşünsün.

Daha çox


Son xəbərlər