Qurban Qurbanov: "Bunu düşünsək, sabah uduzarıq"

Qurban Qurbanov: "Bunu düşünsək, sabah uduzarıq"
ÖLKƏ FUTBOLU 16 May 2011 / 13:29 2705
-  A +

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun müsahibəsi

- Son oyununuzu Ağdamın Quzanlı stadionunda keçirdiniz. Təəssüratlarınız necədir?
- Biz çoxdandır oyunlarımızı burada keçirməsək də, həmişə futbolu Ağdam azarkeşləri üçün oynamışıq. Onları hər zaman sevindirməyə çalışırıq. Göründüyü kimi, meydança tam hazır deyil. Ancaq buraya azarkeşlər və futbol bayramı yaşatmaq üçün qayıtdıq. Qoy, onlar görsünlər ki, "Qarabağ" yaşayır, mübarizə aparır.
- Hər halda, buradakı meydança paytaxtakılardan daha yaxşıdır.
- Bəlkə də ən yaxşısıdır. Lakin oyun keçirmək üçün tezdir. Yəni, ot ortüyü lazımi səviyyədə bərkiməyib, korlaya bilərdik. Hesab edirəm ki, bizim üçün belə meydan və azarkeş ordusu qarşısında oynamaq daha yaxşıdır.
- "Neftçi"nin ikinci heyəti ilə qarşılaşmada qələbə qazandınız.
- Bu fikirlə razılaşmıram. "Neftçi"nin ikinci heyəti yoxdur. Bu klubun hər bir oyunçusu əsas komandada oynamağa qadirdir. Rəqib çempion olaraq ilk məqsədinə çatıb, indi Çempionlar Liqası haqda düşünür. Komandada əsasən gənclərə üstünlük vermişdi. Bunu da normal qarşılamaq lazımdır. Bizim üçün də nəticə önəmli deyildi. Allahın köməyilə ilk məqsəd Avroliqaya vəsiqə qazanmaq idi ki, buna da nail olmuşuq. Lakin azarkeşlərimizə qələbə sevinci yaşatmağımıza çox şadıq. Əminəm ki, 3 qolla qalib gəldiyimiz oyundan fanatlarımız zövq aldılar.
- Bu qalibiyyəti əvəz çıxmaq kimi qiymətləndirmək olarmı?
- Mən belə düşünmürəm. 
- İkinci yeri tutmaq istərdinizmi?
- 2 və 3-cü yer arasında elə də fərq görmürəm. Doğrudur, gümüş medal bürüncdən üstündür. Ancaq bu iki yeri tutan komandalar Avroliqada eyni mərhələdən mübarizəyə başlayacaq.
- "Qarabağ"ın gümüş mükafat qazanması üçün "Xəzər Lənkəran"ın xal itirməsini arzulayırsınızmı?
- Bu barədə düşünsəydik, bəlkə də azarkeşlərimizi sevindirə bilməzdik. Bu başqa oyunda ola bilər. Hər halda "Xəzər Lənkəran" da ikinci yeri tutmaq istəyir. Biz heyətdə az çıxış edən oyunçulara şans verə bilərik ki, qitə turnirinə yaxşı hazır olsunlar. Çünki bir aydan sonra Avroliqa yarışına start veriləcək. Ancaq hər oyunda qələbə naminə mübarizə aparırıq. 
- Mövümün sonu olduğundan komandanızda yorğunluğun özünü göstərir.
- Əlbəttə. Bu gün hər oyun bizə vacib olsa da, komandada hamı evə qayıdacağı günü düşünür. Bunun səbəbi, iki ildir ağır mövsüm keçirməyimizdədir. Hətta komandamız lazımınca istirahət edə bilməyib. Ötən ilin iyunun 30-dan başlayaraq oynayırıq: futbolçularımız həm Avroliqa, həm ölkədaxili, həm də milli komandada mübarizə aparırlar. Buna görə də onlarda həddən artıq yorğunluq var. Çox istərdim ki, istirahətə vaxtları yaransın. Yenə də dincəlmək üçün az müddət olacaq.
- "Qarabağ" iki dəfə qrup mərhələsinin bir addımlığında dayanıb. İndi hamının tələbi komandanızın bu baryeri də keçməyidir...
- Bunu tələb etmək doğru olmazdı (gülür). Kim istəməz ki, qrup mərhələsinə düşməsin?! Bunun üçün səylə çalışacağıq. İlk növbədə ardıcıl olaraq mərhələləri adlayıb pley-off-a gəlmək lazımdır. Əks halda, "yana" bilərik. Hər rəqibə qarşı ayrılıqda hazırlaşa bilərik. Ən əsası yorğunluğu aradan qaldıraraq, psixoliji hazır olmaq vacibdir. Özü də ilk oyuna. Pley-off-a düşdükdən sonra bütün diqqət qrup mərhələsinə vəsiqəyə yönələcək.
- Komandadan gedəcək futbolçular məlumdurmu?
- Xeyr. Hələ ki, çempionat sona çatmayıb.
- Avroliqa ərəfəsində heyətin gücləndirilməsinə ehtiyac varmı?
- Komandanın gücləndirilməsinə həmişə ehtiyac var. Hər mövsüm bir neçə oyunçu mütləq lazımdır.
- "Qarabağ" 18 ildir çempionluğa həsrətdir. Qurban Qurbanov xoşagəlməz ənənəyə son qoyacağına söz verirmi?
- Gəlin, tələsməyək. Görüləsi işlər çoxdur. Həm bazamız, həm meydançamız tam hazır deyil. Bu gün hər şeyi atıb çempionluğu düşünsək, sabahı uduza bilərik. Məqsədlərə pillə-pillə nail olmalıyıq. Darıxmaq, tələsmək lazım deyil. Elə etməliyik ki, sonda stabillik olsun. Yəni, parlayıb sönməyin olmaması daha yaxşıdır. 

Mənbə: supersport.az

Daha çox


Son xəbərlər