Azərbaycan millisinin keçmiş üzvü, "Kəpəz"in sabiq məşqçisi Vidadi Rzayevin Qol.az saytına müsahibəsi
- Vidadi bəy, hazırda işsizsiniz, düzdürmü?
Həmçinin oxuyun: "Kəpəz" kimi klubu bazara, marketə çeviriblər" - Vidadi Rzayev
- Bəli.
- Bəs hansı işlə məşğulsunuz?
- Heç nə, evdə oturmuşam, kənd həyatı yaşayıram (gülür). Qısa müddət üçün futboldan uzağam. Təxminən 3-4 aydır.
- Bu yay sizə təkliflər gəldimi?
- Var idi. Amma məni qane etmədi.
- Həmin kluların adını çəkə bilərsinizmi?
- Buna ehtiyac yoxdur. Mən yalan danışan adam deyiləm (gülür).
- Özünüzə münasibət haqqında nə deyə bilərsiniz?
- Düzü, maraq var, təkliflər almışam. Amma mənim istədiyim səviyyədə komandalar olmayıblar. İnşallah, yaxşı yerləri tutarlar. Sadəcə maliyyə az idi. Mən də dedim ki, futbolçular da belə az maaş alacaqlarsa, mən o futbolçuların üzünə baxa, onlardan nəsə tələb edə bilmərəm. Bilirəm ki, o klubda pul yoxdur. Pul bir yana, heç meydançaları yoxdur. Üzr istəyirəm, bir məsəl gətirim, atdan düşüb, eşşəyə minmək istəmədim.
- Yeri gəlmişkən, Misli Premyer Liqasının 2023/24 mövsümü başladı, 5 tur geridə qalıb. Premyer Liqanın startı bizə nə vəd edir?
- Premyer Liqanın startı sürprizlərlə dolu oldu. O sürprizləri də "Kəpəz" etdi. "Neftçi"yə qalib gəldilər, "Qarabağ"la heç-heçə etdilər. "Zirə"nin ilk pillədə olmasını da sürpriz adlandırardım. Rəşad Sadıqov yaxşı komanda yığıb. Qarşıda hələ çox oyun var. Görək, necə olacaq.
- "Qəbələ" isə mövsümə uğursuz başladı və sonuncu pillədədir...
- "Qəbələ"nin oyunu xoşuma gəlir, pis komanda deyil. Klublara verilən maliyyə normaldır. Burada 10 milyona legioner alınmır ki, deyəsən, pul çatmır. Biz o səviyyəyə çata bilmərik. Seçimdən çox şey asılıdır. "Zirə" ötən mövsüm komanda yığdı, amma o qədər uğurlu nəticə qazana bilmədi. Bu mövsüm isə uğur qazanırlar. "Araz-Naxçıvan" öz imkanlarına görə komanda qurub. Elə legionerləri var ki, pis futbolçular deyillər. Yəni, pulsuzluq deyəndə, klublara verilən pulla normal komanda qurmaq olur. Mübariz komanda yaratmaq mümkündür. Biz Rusiya çempionatında oynamırıq ki, matçlara təyyarə ilə gedək. Hamı bölgələrə avtobusla gedir-gəlir. Yəni, elə bir çox xərc yoxdur. "Qəbələ" pis komanda deyil. Konfrans Liqasında "Omoniya"ya uduzandan sonra özlərinə gələ bilmədilər. Lakin "Zirə" ilə matç da göstərdi ki, "Qəbələ" yaxşı komandadır. Elmar Baxşıyev yaxşı komanda yığıb. Onlar sırf sonuncu pilləddən qurtulmaq üçün yox, elə bacardıqları qədər yüksək pillələrdə olmaq üçün oynayacaqlar. Deyə bilmərəm ki, Konfrans Liqasına vəsiqə qazanacaqlar, ya yox. Bu, ayrı məsələdir. Vəsiqə qazanacaqlarına inanmıram. Amma "Qəbələ" sonuncu pillədə qalmayacaq.
- Bəs sizcə, autsayder hansı klub olacaq?
- "Araz-Naxçıvan"da sonuncu olmayacaq. "Sumqayıt"ın da oyununa baxdım, "Neftçi" son 10-15 dəqiqədə heç mərkəzi keçə bilmirdi. Yəni, "Sumqayıt" da pis komanda deyil. Zəif bənd "Kəpəz"dir. Həm oyununa görə, həm də heyətinə.
- Sizcə, bu mövsüm də çempion "Qarabağ" olacaq?
- "Qarabağ" "Kəpəz"lə heç-heçə etdi. Amma "Qarabağ" Avropadan qayıdıb, birbaşa Gəncəyə gedib, "Kəpəz"i uduzb qayıtmalı, istirahətini etməli idi. Çünki "Qarabağ" buna qadirdir. Onların 2 heyəti var. "Qarabağ"ın əvvəllər daha yaxşı heyəti var idi, rotasiyalar edə bilirdilər. Amma hələlik o səviyyədə futbolçuları yoxdur. Yeni futbolçuların komandaya uyğunlaşması məsələsi də var. Amma mən inanıram ki, onlar tez uyğunlaşacaqlar. Çempion elə "Qarabağ" olacaq.
- "Sabah"la bağlı fikriniz necədir?
- "Sabah" çempionata çox pis başladı. Konfrans Liqasında "Partizan"a penaltilər seriyasında məğlub oldular, ondan sonra da "Turan Tovuz"a uduzdular. Xal itirə-itirə gedirlər. Lakin yenə də əsas mübarizə "Qarabağ", "Neftçi" və "Sabah" arasında gedəcək. "Zirə" də onlara baş ağrısı ola bilər.
- Bu yay "Neftçi"də əsaslı dəyişikliklər oldu...
- "Neftçi"nin çatışmayan tərəfi hücumçu məsələsidir. Yaxşı hücumçuları yoxdur. Mateus Saldanya var idi, o da "Partizan"a getdi. Adrian Mutu üçün çətin olacaq. Rəhbərlik Adrian Mutunu gətirib ki, "Neftçi" "Qarabağ"ın hegemonluğuna son qoysun. Mutu üçün çox ağır vəziyyətdir. "Neftçi" 1-ci yeri tutmasa, fiasko olacaq. Çünki Mutu nə istəsə, onu da edirlər. Qa deyir, qa edirlər, qu deyir, qu edirlər (gülür). Rəhbər elə olar də. Baş məşqçinin istəkləri reallaşdırılmalıdır. Amma nəticə olmayanda məşqçinin boğazından yapışırlar. "Neftçi" "Qarabağ"ın hegemonluğuna son qoymasa, heç Mutunun boğazından yapışmağa ehtiyac qalmayacaq, birbaşa yola salacaqlar. Onsuz da məşqçilik elə bir sahədir ki, çamadanın hər zaman hazır olur. Götür, get. Məşqçilikdə hamı ideal ola bilməz. "Neftçi" üçün 2-ci yerdən söhbət gedə bilməz. İstəyirsən, 2-ci yeri "Kəpəz" tutsun, fərqi yoxdur. "Neftçi" üçün məsələ çempionluqdur. O boyda xərc çəkiblər, şərait qurublar. Amma məncə "Neftçi" "Qarabağ"ın hegemonluğuna son qoya bilməyəcək. Çünki "Qarabağ" öz oyununu tapacaq. "Qarabağ"da belə hallar çox olub. Sonradan özlərini toparlayırlar. Onlar öz işlərini bilirlər.
- Artıq 1-ci və 2-ci liqa start götürdü. Bu çempionatlar haqqında fikirləriniz necədir?
- Mən nə Nastradamusam, nə də Vanqa. Amma yalan olmasın, təxminən 10 il əvvəl də deyirdim ki, əvəzedicilərin çempionatı ayrı olmalıdır, 1-ci dəstə ayrı. Düzdür, 2-ci dəstəni deməmişdim. Çünki mən bilməzdim ki, bunlar 2-ci dəstə yaradarlar. Bu fikri alqışlamaqdan başqa bir iş qalmır. Onsuz da yaxşı bir fikir çıxanda Məşqçilər Komitəsi deyir ki, bizim ideyamızdır. Pis nəticə olanda deyirlər ki, bizlik deyil. Canni de Byazi mövzusunda da belə oldu. Amma 2-ci liqanın yaradılması alqışlanmalıdır.
- Elə De Byazi demişkən, Azərbaycan millisi bir neçə gün öncə Avro-2024-ün seçmə mərhələsində Belçikaya uduzdu (0:1), daha sonra yoxlama görüşündə İordaniyaya qalib gəldi (2:1).
- Bunlar elə yoxlama oyunlarında qalib gəlirlər. Qrupda cəmi 1 xalımız var e. Məğlubiyyət, məğlubiyyətdir. Belçika vacib oyunçularının çoxunu Azərbayana gətirməmişdi. Əsas futbolçularını heç yormaq da istəmədilər. Yaxşı, bəs biz nə istəyirik? Almaniya, İngiltərə kimi yığma komandalar sırf cavanlaşdırılmaya görə neçə mərhələni əldən verdilər. Nəsil dəyişməlidir. Biz isə müvəqqəti nəticə axtarııqr. Klublarımızın da çoxu belədir, şans vermək istəmirlər. Bu qədər akademiya var. Mənə göstərin, görüm, neçə futbolçu çıxıb? Dövlət o boyda pul ayırdı, amma heç bir nəticə olmadı. Hardadır o pullar? Orta məktəbdə futbol dərsi keçirlər. Orta məktəbdə də futbol dərsi olur?
- Deməli, problem baş məşqçilərdə yox, futbolçu çatışmazlığındadır?
- Berti Foqtsu milliyə baş məşqçi gətirəndə mən dedim ki, etməyin, bu, Azərbaycana yaramır. Hamısı dedi ki, Vidadinin başı işləmir, dəlidir. Berti Foqts da 15 milyonunu aldı, getdi. AFFA bunlar üçün yemdir. Vallah, axmaqlıq edirlər. Yeni baş katib Sərxan Hacıyev isə çalışır, vuruşur. Mən onunla görüşdüm. Əla işlər görmək istəyir. Allah ona kömək olsun. Ağır yükün altına girib. Sərxan Hacıyevə dəstək olmaq lazımdır. Tənqiddən nəticə çıxarmaq lazımdır. Düz söz həmişə acı olur və heç kimin xoşuna gəlmir. Bəlkə də elə mənim özümün də xoşuma gəlmir. Mənim də eyiblərim var, üzümə deyiblər, qəbul etmişəm. Qəbul etməyi bacarmaq lazımdır. Bəziləri bunu bacarır. Berti Foqts işdən çıxarılanda dedilər ki, hə, getməlidir. Dedim yox, istəyirsiz, çıxarmayın, yenə 15 milyon verin, 3-4 il də saxlayın. Amma mən əvvəldən deyəndə ki, o məşqçini milliyə gətirməyin, mənə dəli deyirdilər. De Byazi mövzusunda da çox söylədim ki, olmaz, bu iş alınmaz. Yaxşı, Berti Foqts pisdir, Yurçeviç pisdir, De Byazi pisdir. Elə hamısı pisdir? Futbolçu məsələləri var. Uşaq futbolunu inkişaf etdirmək istəyən yoxdur.
- De Byazi bir neçə gün əvvəl öz açıqlamasında futbolçu seçimində çətinlik çəkdiyini, böhranın olduğunu demişdi.
- Amma Azərbaycana gələndə deyirdi ki, burada futbol var, hər şey əladır. Hətta deyirdi ki, Azərbaycan futbolu Albaniyadakından güclüdür. Bəs nə oldu? Ay kişi, sən dəlisən, nəsən? Yoxsa bizim başımız işləmir? Albaniyanın futbolçularının hərəsi bir ölkədə oynayır, legioner həyatı yaşayırlar. Məni bu ifadəmə görə bağışlayın, müqavilə bağlanandan sonra AFFA onun kəbinli həyat yoldaşı olur. FİFA müqaviləsi imzalayıblar. Pulunu son qəpiyinə kimi də alıb gedəcək. Həmin pul haradan gedir? Azərbaycan futbolundan. Elə Avropadan hamını gətirib 3-5 milyon pul verməyin e, komandaların sayını artırın. Mövzu bu yerə gələndə də deyirlər ki, pul yoxdur.
- Deməli, De Byazi futbolçu böhranı məsələsini qabardaraq tənqidlərdən qurtulmaq istəyir?
- O onsuz da özünü qurtarıb də. Pulunu alacaq, çıxıb gedəcək. Milyonlar tökürlər ki, kimsə gəlsin, millinin o vaxt seçmə mərhələdə topladığı 9 xaldan daha çox xal toplasın. Strategiyaları budur. Kül sizin başınıza. Dövlət sizə o qədər pul verdi ki, 9 xal yığasınız? Milli 2 oyunda qələbə qazanmışdı. Qazaxıstana qalib gəlmişdilər. 2-3 yoxlama oyununda da qələbə qazanmışdılar. Yaxşı, bu matçlar o rəqiblərin hansına lazım idi. Hələ o vaxt da müsahibə vermişdim ki, Millətlər Liqası lazım deyil e, siz Avropa çempionatının seçmə mərhələsini gözləyin. Millətlər Liqasını da haradan çıxardılar, bilmirəm. Avro-2024 də gəldi, buyurun, 1 xal. Vəziyyət biabırçılıqdan da betərdir. Həmin pulları bölgələrdəki meydanların bərpasına ayırardılar də. 2-ci liqada oynayan komandaların meydanları bu gündədirsə, indi görün ki, paltardəyişmə otaqları nə gündədir. Dövlət o maliyyəni ayıranda yeyib-talamaq lazım deyildi. Bu pullar haram yeyənlərin hamısının burnundan gəlsin. 2-ci liqanı elə dövlət pul ayıranda yaratmalı idiniz. Futbolçuların hamısını pis yollara düşməyə vadar edirlər.
- Aşağı liqalarda maaş azlığına diqqət çəkirsiniz?
- Bəli. 300-500 manata futbol olmur. Lap 1000 manat olsun. Futbolçu ömrü qısadır. 10 il futbol oynayırlar. Sonra futbol həyatı bitir. Futbolçu az maaş alır deyə məcburdur ki, gedib qəpik-quruş qazansın. Çünki o maaş ona çatmır. Futbolçu markadır. O taksi sürə bilməz. Çörək pulu qazanmaq eyib deyil. Taksi sürücüsünə də böyük hörmətim var, fəhləyə də. Amma futbolçu öz brendini qorumalıdır. Bunlar amma futbolçunu fəhlədən də betər günə qoyurlar. Fəhlə yenə 50-60 yaşına kimi işləyə bilir. Axı, futbolçu 31-32 yaşında karyerasını başa vurur. O da gələcəyini qurmalıdır. 300-500 manatla gələcək qurulur? Ona görə də deyirəm ki, dövlət pul ayıranda meydanları düzəltməli, liqalar yaratmalı, uşaq futboluna, ümumilikdə futbola həqiqətən diqqət ayırmalı idilər. İndi deyirlər ki, pul yoxdur. 18 il keçib, hələ də futbol düzəlmir. Futbol futboldur, amma içindəki bəzi insanlar pisdir. Hamı hər şeyi bilir. Elxan Məmmədovun özünə öz otağında nələr demişəm, özü bilir. Dedim ki, mənə neynəyəcək e? Uzağı, işdən çıxaracaq. Allah verən canı məndən ala bilməz ki. Futboldakı problemləri danışmaqla bitirmək olmur (gülür).
- Elə isə bir az müsbət məqamlara da toxunaq. "Qarabağ" Avropa Liqasında mübarizəni davam etdirir, qrup mərhələsinə yüksəlib. Komandadan bu mərhələdə nə gözləyirsiniz?
- "Qarabağ"a uğurlar arzu edirəm. Lakin çox çətin qrupa düşüblər. "Bayer" öz yerində, amma "Molde" çox güclü komandadır. Onların "Qalatasaray"la oyunlarına baxdım. Çox yaxşı komandadır. "Qarabağ" vaxtilə "Molde" ilə oynayıb. Amma bu "Molde" o "Molde" deyil. Çox gücləniblər. "Bayer"dən danışmağa he ehtiyac yoxdur. "Qarabağ"ın rəqibləri çox güclüdürlər. "Qarabağ"a uğurlar.
Nur Zeynalova
Loqo davası…
"Zaqatala" - "Karvan" matçında vurulan 4 qol - Video
Vinisius ötən mövsümün ən yaxşısı seçildi
Misli Premyer Liqasında 17-ci turun təyinatları bəlli oldu
"Liverpul"un yeni transferi niyə oynamır?
Türk azarkeşlər Avroliqanın bu oyununa buraxılmayacaqlar
"Qəbələ" liderliyini belə qorudu - Video
“Azərbaycan futbolu və “Neftçi”ni izləyirəm” - Skripçenko
Sxadadzenin qələbə şərhi
“Bəlkə də ən çətin qruplardan birinə düşdük” - Montella
İngiltərə Premyer Liqasında ən yaxşı seçildi
"Qəbələ" qalib gəldi, "Karvan" və "İmişli" heç-heçə etdi
Rebrov Azərbaycan millisi və püşk haqda nə dedi?
Santuş püşkü dəyərləndirdi
Azərbaycan millisinin sonuncu rəqibi nə vaxt bilinəcək?
2-ci liqada 12-ci tura yekun vuruldu
DÇ-2026-nın seçmə mərhələsinin püşkü atıldı
Çin millisinin keçmiş baş məşqçisi 20 il həbs cəzası aldı
Azərbaycan klublarının UEFA reytinqindəki yerləri açıqlandı
Azərbaycan millisinin FİFA reytinqindəki mövqeyi bilindi
Qurban Qurbanov 2024-cü ilin ən yaxşı məşqçisi seçildi
AFFA rəhbərliyi Santuşun istefası xəbərlərinə nöqtə qoydu
İbrahimoviç bu futbolçuya nifrət edir
Marandiçi xəstəxanadan evə buraxıldı və təşəkkür etdi
Messi onu özünə bənzətdi
Murad Musayev Bakıya gəldi
Avropa Liqası ilə vidalaşacaqlar
“Azərbaycanda futbol akademiyalarının sayı çoxalmalıdır”
"Qarabağ"a qol vuran 21 yaşlı Ahmed nə dedi?