"Komandalarımız süni meydanlarda, bərbad stadionlarda oynayır" - PFL prezidenti

"Komandalarımız süni meydanlarda, bərbad stadionlarda oynayır" - PFL prezidenti
MÜSAHİBƏ 17 Mart 2023 / 13:40 3111
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədovun Qol.az saytına müsahibəsi

-  Artıq 8 aydır ki, PFL-in rəhbərisiniz. Çempionatlarımızda ümumi durumu necə qiymətləndirirsiniz? Sizi nələr qayğılandırır? 

- Ümumi götürsək, Premyer Liqanın səviyyəsi bir az qalxıb. Maraqlı oyunlar var. Narazılığım infrastrukturla bağlıdır. Hələ də komandalarımız süni meydanlarda, bərbad vəziyyətdə olan stadionlarda oynayır. Bizim üçün bunlar çox neqativ faktlardır. 

- Qeyd etdiyiniz problemlər hansı formada aradan qaldırılmalıdır?

- Əslində meydanlar, stadion klubların problemidir. Amma onları da qınamaq olmaz. Çünki maliyyələri yoxdur. Klublara ayrılan 3 milyon manatla nə yeni stadion tikmək, nə də meydan salmaq olar. Sponsor yoxdur. Maraq olmalıdır ki, sponsoru cəlb etsin. Bu maraq indidək yox idi. Məncə, bu mövsüm çempionat yaxşı gedir. “Turan Tovuz”u qeyd etmək istərdim ki, yeni sponsor tapıblar. Yəni maraqlı oyunlar olduqca sponsorların da diqqətini cəlb edəcək.

- Bölgələrimizdə səfərdə oldunuz. Oradakı durum haqqında fikirlərinizi öyrənək. Sizi yaxşı və ya pis mənada təəccübləndirən nələr oldu?

- Sevindirici hal odur ki, bölgələrimizdə azarkeşlərin futbola marağı var. Stadionlara gəlirlər. Biz Gəncədə, Şamaxıda və Tovuzda çoxlu azarkeş gördük. Bu, çox sevindiricidir. Regionlarda futbola maraq böyükdür. 

- Düzdür, bölgə klublarının Premyer Liqamıza gəlişi çempionata marağı bir qədər artırıb. Amma hələ də azarkeş sayı azdır. Azarkeşləri stadiona cəlb etmək üçün PFL olaraq hansısa planlarınız var?

- Məncə, bunlar komandaların oyunundan asılıdır. Yaxşı oynasalar, istər-istəməz azarkeş gələcək. Yenə stadionlardakı duruma qayıtmaq istəyirəm. Stadionda normal oturacaq yoxdursa, çətin ki, insanlar oyuna baxmağa gəlsinlər. Stadionlarda kiçik satış məntəqələri olmalıdır ki, azarkeşlər fasilədə özləri üçün su, yemək alsınlar. Bölgələrdəki sadionlarda bunlar yoxdur. Azarkeşlər fasilədə uzun məsafə qət edir ki, özü üçün nəsə alsın. 

- Gəncə şəhər stadionunda da durum bərbaddır. Tribunaların durumuna görə 3 mindən artıq azarkeş gəlməsinə icarə verilmir. Bu nə vaxta qədər davam edəcək?

- Bildiyiniz kimi, buna Fövqəladə Hallar Nazirliyi icazə vermədi. Çünki çox adamın gəlməsi təhlükəlidir. Bizim üçün də təhlükəsizlik birinci növbədə gəlir. Klub tərəfdən müəyyən işlər görülməlidir ki, heç olmasa stadiona 10-15 min azarkeş yığıla bilsin. 

- Yeni mövsümdən birinci divizonla əvəzedicilərin çempionatı ayrılacaq və hər yarışda 10 komandanın iştirak etməsi planlaşdırılır. Hazırkı durumda əvəzedici komandaları çıxsaq, 1-ci divizonda 6 iştirakçı qalır. Digər 4 komanda necə müəyyənləşəcək?

- Biz kriteriyalar yazmışıq və artıq klublar da bununla tanışdır. Hansı klublar bu kriteriyalara uyğun olsa, çempionata cəlb edəcəyik. Artıq 7 komandadan sifariş almışıq. Onların vəziyyəti ilə maraqlanırıq ki, bizi qane edirmi, yoxsa yox. 

- Bu kriteriyalar hansılardır?

- Kriteriyalar əsas meydanlara, məşqçilərə və uşaq futboluna aiddir. 

- Varmı bu kriteriyalara cavab verənlər?

- Var. Yeddi klubdan dördünü seçəcəyik.

- Artıq klubları müəyyənləşdirmisiniz? Adlarını öyrənə bilərik?

- Hələlik açıqlaya bilmərik.

- Bölgə təmsilçiləridir? 

-  Bəli, demək olar ki, 90 faizi bölgə klubudur. 

- Premyer Liqamızın səviyyəsi, hazırkı rəqabət sizi nə dərəcədə qane edir?

- Məncə, normaldır. Mübarizə gedir. Həm aşağı, həm də yuxarı pillələrdə gedən komandalar arasında yaxşı mübarizə var. Gərgin və maraqlı oyunların şahidi oluruq. Görünür ki, çempionatın səviyyəsi bir az qalxıb. 

- “Qarabağ” neçə ildir ki, digər klublardan birbaş üstün oynayır. Sizcə, “Qarabağ” Premyer Liqamızın səviyyəsindən üstün oynayır, yoxsa digər klublarımız çox zəifdir? 

- Yəqin ki, digər klublar xeyli zəifdir. Amma “Sabah”ı da misal göstərmək olar. Bu mövsüm “Qarabağ”la 3 oyun keçiriblər, onlardan ikisi heç-heçə olub, biri isə 4:3 “Qarabağ”ın xeyrinə başa çatıb. Amma həmin oyunda “Sabah” 10 nəfərlə qalmışdı. Bu da o deməkdir ki, artıq “Qarabağ”a müqavimət göstərən komandalar var. Məncə, gələn il belə komanda daha çox olacaq. Düşünürəm ki, “Neftçi”, “Zirə”, “Qəbələ” gələn mövsüm daha yaxşı və maraqlı oyun göstərəcək. 

- Həmişə “Qarabağ”ın avrokuboklardakı hər hansı uğursuzluğu da çempionatımızın səviyyəsi ilə əlaqələndirilir.

- Bəlkə də, həqiqətən belədir.

- Nə etmək lazımdır ki, Premyer Liqamızın səviyyəsi yüksəlsin?

- Hər şeyə uşaq futbolundan başlamaq lazımdır. Mən həmişə iki məqamı qeyd edirəm: uşaq futbolu və infrastruktur. Bu işlər düzəlsə, çempionatlarımızın səviyyəsi də mütləq qalxacaq.

- Deməli, bir neçə il gözləməliyik. Çünki uşaq futbolunun inkişafı üçün lazım olan işlər hələ görülməyib.

- Bəli, bu, vaxt aparacaq. Bilirik ki, bir neçə il vaxt lazımdır. 

- Buna qədər AFFA-da VAR şöbəsinin rəhbəri vəzifəsində çalışmısınız. VAR Premyer Liqamızda yeni tətbiq olunanda klublar qərarlardan xeyli narazılıq etdi. İndi şikayətlər səngisə də, ara-sıra tənqid olunur...

- Problem odur ki, klublar, onların məşqçiləri VAR-ın əsasnaməsini bilmirlər. Dəfələrlə eşitmişəm ki, məşqçilər deyir ki, baş hakim gedib VAR-a baxmadı. Amma bilmirlər ki, VAR hakimləri yalnız lazım olanda baş hakimi epizoda baxmağa dəvət edir. Lazım deyilsə, özləri qərarı bildirir. Bəli, səhvlər olub. Biz özümüz də qeyd etmişik ki, VAR-a baxıldıqdan sonra da səhvlər edilib. Amma yaxşı ki, bunlar qərəzli səhvlər deyil. Çünki sonradan hakimlər izahat verəndə görürük ki, doğrudan da onlar bu epizodu belə gördüyü üçün bu qərarı verib.

- Onda məsələnin texniki tərəfindən danışaq. VAR-ın texniki tərəfləri sizi qane edir?

- Cəmi üç oyunda texnika ilə bağlı problem yarandı. Bunlardan ikisi internetlə bağlı idi. Həmin bölgədə internet olmadığına görə VAR işləmədi. 

- Oyunlarda 1 VAR maşınından istifadə olunur. İkincisi alınacaq?  

- Bəli, artıq biri də gəlir, yoldadır. Məncə, çempionatın sonuna yaxın iki maşından istifadə edəcəyik. 

- Premyer Liqamızın sponsoru olsa da, Azərbaycan kubokunun titul sponsoru yoxdur. Bununla bağlı hər hansı bir danışıqlar gedir?

- Bəli, hələ də danışıqlar gedir. Biz çalışırıq ki, sponsor tapılsın. Heç olmasa final ərəfəsində alınsa, yaxşı olardı. Amma söz verə bilmərik ki, bu mövsüm kubokun sponsoru olacaq. Bunun üzərində işləyirik, layihələrimiz var. Çalışırıq ki, gələn mövsüm Azərbaycan kubokunun da ayrıca sponsoru olsun.

- Superkubokun keçirilməsinə nə mane olur?

- Əsas problem odur ki, təqvimdə yer yoxdur. Oyunu mövsümün əvvəlində təyin etmək lazımdır. Onda da klublarla danışırıq, ancaq təqvimdə yer olmur. Təqvimə baxırıq, hesablayırıq, bölürük, görürük ki, gün çatmır. Əsas problem budur.  

- Premyer Liqamızda komanda sayının artırılması gözlənilir?

- Burada da infrastruktur məsələsi əsas şərtdir. Komandalar çoxdur, amma meydanları yoxdur.  Premyer Liqaya uyğun olan meydan lazımdır. Biz onları çempionata dəvət edə bilmirik. Mən inanmıram ki, gələn il Premyer Liqada komanda sayı artsın. Amma biz yenə də bunun üzərində işləyirik. Çalışırıq ki, heç olmasa 2025-2026 mövsümündə klublarımızın sayı artsın. Əlbəttə ki, biz yüksək liqada 14, 16 komandanın olmasını istəyərdik. Amma indi çətin məsələdir. 

- Problemlərin kökündə maliyyə məsələsi durur. Sponsorlar isə klublara əvvəlki dəstəyi vermirlər. Bunun bir səbəbi maraqlı oyunların azlığıdır. Sizcə, çıxış yolu nədədir? 

- Məncə, bu ilə baxanda gələn il sponsorlar daha aktiv olacaq. Onlar da görürlər ki, çempionat maraqlı keçir. Gələn mövsüm biz daha çox sponsor cəlb edə bilərik. Həm klublar, həm də PFL. 

- AFFA-da uşaq futbolunda da çalışmısınız. Hazırda bu sahədə gedən işləri necə qiymətləndirirsiniz?

- Açıq danışırıqsa, deməliyəm ki, böyük bir irəliləyiş yoxdur. Əfsuslar olsun ki, indiyədək inkişaf görməmişəm. 

- Uşaq futbolunun əsas problemini nədə görürsünüz?

- Məncə, təcrübəli məşqçilər və infrastruktur lazımdır. Deyə bilmərəm ki, uşaq futbolunun durumu məni qane edir.

- Bir qədər də sizin haqqınızda danışaq. Əvvəllər müxtəlif vəzifələrdə çalışsanız da, futbolla bağlı olmusunuz. Futbol və futzal turnirlərində fərqlənmisiniz. 

- Futbolu uşaqlıqdan oynayıram. Peşəkar kimi 19 yaşımdan futzalla məşğul olmuşam. Futzal komandamızın fəaliyyətini pandemiya ərəfəsində dayandırdıq. Ola bilər ki, gələcəkdə də bir komanda yaradaq.

- Filologiya elmləri namizədisiniz. Elmər doktoru dərəcəsi almağı düşünürsünüz?

- Əslində indi aspiranturanı bitirənlər elə doktor sayılır. Amma gələcək üçün daha yüksək elmi dərəcə ala bilərəm. 

- Buna qədər çalışdığınız vəzifələr daha dinamik olub. Bu mənada indiki işiniz darıxdırıcı deyil ki? 

- İndiyə qədər bütün iş fəaliyyətim neftlə bağlı idi. Neft şirkətində xeyli işləmişəm. Amma paralel olaraq futbolla da məşğul olmuşam. Ya oynayırdım, ya da məşqçilik edirdim. VAR layihəsi və Hakimlər Komitəsində çalışmışam. Yəni futbol həmişə digər işimlə paralel gedib.

- PFL-in sabiq prezidenti Ramin Musayevlə əlaqəniz var?

- Çox yaxşı münasibətimiz var. Zəngləşirik, danışırıq. Son dəfə AFFA-nın 30 illiyi ilə bağlı tədbirdə görüşdük. Gələn ay ad günüdür, planlaşdırıq ki, PFL olaraq onu təbrik edək. 

- PFL-in kollektivi ilə bağlı fikirlərinizi də bilmək istərdik.

- Ramin müəllim sağ olsun ki, ondan sonra mənə gözəl bir kollektiv qalıb. Hamısı peşəkar işçilərdir. Biz cəmi iki nəfəri cəlb etdik. Onlar da peşəkarlardır. Ona görə də kollektivdən çox razıyam. 

- AFFA-nın sabiq baş katibi Elxan Məmmədovla bir məktəbdə oxumusunuz. Onunla indi münasibətiniz necədir?

- Bəli, həm dost idik, həm bir məktəbdə oxuyurduq, həm də qonşu olmuşuq. Bu gün də münasibətlərimiz yaxşıdır. Zəngləşirik, danışırıq. 

- Sonda “Qarabağ”la “Qalatasaray”ın Türkiyədə baş verən zəlzələdən əziyyət çəkənlərə yardım məqsədilə xeyriyyə matçı təşkil etməsinə münasibətinizi bilmək istərdik.

- Çox gözəl bir layihədir. Türkiyə bizə qardaş ölkədir. Mən də bu addımı dəstəkləyirəm.

Söhbətləşdi: Ramiq Ağaməmmədov

Şəkillər: Ramin Aslanov

Daha çox


Son xəbərlər