30-dan çox idman jurnalisti ilə səhərin erkən saatlarında Şamaxıya yola düşdük. Bakıdan uzaqlaşdıqca çoxmərtəbəli binalar, müasir tikililər olan mənzərimizi yaşıllıq və təbiət əvəz edirdi. Türklər demiş, gözümüz, könlümüz açılırdı.
Dəniz səviyyəsindən 749 metr hündürlükdə, Bakıdan 130 kilometr uzaqlıqdakı Şamaxıya səfər elə də uzun çəkmədi. Heç 1,5 saat tamam olmamış Şamaxıya girdik. Qonaqladığımız buranın ən dəbdəbəli oteli mərkəzdən bir qədər uzaqda, daha da yüksəklikdə yerləşirdi. Əsrlər boyunca Azərbaycan Şirvanşahlar dövlətinin paytaxtı olan Şamaxı şəhəri son dövrlərdə həm də yerli və xarici turistlərin ən çox axın etdiyi bölgələrdən birinə çevrilib.

Ancaq görünür, bizim səfər tariximiz iş gününə təsadüf etdiyindən oteldə qonaqlar az idi. Şəhərin mərkəzindən otelə doğru qalxdıqca tempratur aşağı düşür, istidən çıxardığımız kurtkalarımızı sırayla geyinməli olurduq. Meşənin ortasında, ətrafı sıx ağaclıq olan otelin həyətində nəfəs aldıqca sanki ciyərlər sənə yüz dəfə sağ ol deyirdi. Ancaq bura gəlmək məqsədimiz təmiz hava yox, ötən ilin sonunda istifadəyə verilən Şamaxı Şəhər Stadionu ilə tanış olmaq idi.
Bu səfərin təşkilatçılığını isə AFFA öz üzərinə götürmüşdü. Adətən güləş idman növünün populyar olduğu Şamaxı şəhərində futbol ənənələri yüksək deyil. Ancaq ötən ilin sonundan açılışı olan Şamaxı Şəhər Stadionu bu bölgəyə futbol nəfəsinin gələcəyinə işarə idi. “Keşlə” klubunun adı “Şamaxı” adı ilə dəyişdirildi, ev oyunlarının isə məhz bu stadionda keçirilməsinə qərar verildi. Elə ilk oyun da keçirildi, özü də dolu tribunalar önündə. İndi bu tribunaların və stadionun ümumi şəraitini özümüz canlı görəcəkdik...
Nahar etdikdən sonra stadionla tanışlıq üçün şəhərə yollandıq. Şəhərin küçələri səliqəli, səs-küy isə demək olar ki, yox idi. Şamaxının mərkəzinə yaxın ərazidə tikilən stadionun yeri azarkeşlər üçün əlverişli idi. Bir tərəfində dağ mənzərəsi olması da stadionu daha gözəl göstərirdi. Ancaq stadionun özüylə bağlı tam razı qaldığımı deyə bilmərəm. 2200 nəfər azarkeş tutumu olması, elə də böyük əhalisi olmayan Şamaxı şəhəri üçün az rəqəm deyil, ancaq daha da çox ola bilərdi. Meydanın süni ot örtüklü olması isə əsas uğursuz məqamlardan idi.

Stadion barədə məlumat verən AFFA-nın baş katibinin müavini Kamran Vəliyev bu ot örtüyünün ən müasirlərindən olduğunu, hündürlüyünün çox olduğunu desə də, müasir dövrdə həm uşaq futbolunda, həm də peşəkar futbolda süni örtüklü meydançalar ciddi zədələrə yol açır deyə istifadə olunmur. UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik stadionda klublarımız avrokubokların ilk təsnifat görüşlərini keçirə bilərlər, ancaq milli komanda səviyyəsində heç bir görüş keçirilə bilməyəcək. Stadionun ərazisindəki idman kompleksində cüdo və güləş növləri ilə məşğul olmaq üçün zal, həmçinin qapalı meydan və fitnes-zalı da inşa edilib.
Daha sonra Şamaxı uşaq futbol məktəbinin məşqini izləmək üçün mini meydançaya yollandıq. Burada bizi qarşılayan "Şamaxı" Futbol Məktəbinin koordinatoru Vəli Qasımov məktəbdə 100-dən çox uşağın hazırlıq keçdiyini bildirdi. O, Şamaxıdan yüz faiz futbolçu çıxaracağını da əminliklə dedi. Hər bir halda, ölkəmizdə uşaq futbolunun hansı səviyyədə olması hər kəsə məlumdur. Cümləmi düzəldim - ümumiyyətlə, uşaq futbolunun olmaması bəlli məsələdir. Veteran futbolçumuz Vəli Qasımov bir müddətdir Şamaxıda yaşadığını və yerli uşaqlara birbaşa özünün nəzarət etdiyini deyir. Ancaq görülən işlər nə qədər müddətdə özünü doğruldacaq, bunu artıq zaman göstərəcək.

Daha sonra qaldığımız oteldə AFFA-ya yeni təyin olunmuş baş katib Sərxan Hacıyevlə jurnalistlər arasında qeyr-rəsmi görüş təşkil edildi. İlk dəfə bu qədər jurnalist qarşısına çıxan Hacıyev bəzi sualları cavabsız qoysa da, bəzi sualları isə diplomatik formada cavablayaraq mövzudan yayındı. Əvvəllər şahmat və hakimliklə məşğul olduğunu deyən yeni baş katibin bundan sonra artıq futbol funksioneri kimi hansı gedişləri edəcəyi, kimlərə “qırmızı vərəqə” göstərəcəyi sual altındadır.
AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova FIFA-da yeni vəzifə verilməsindən sonra açıqlanan bu təyinatdan sonra bütün diqqətlər Hacıyevin üstündə idi. Hələlik əsas məqsədlərinin bundan öncəki rəhbərliyin qarşıya qoyduğu öhdəlikləri davam etdirmək olduğunu deyən baş katib görünür, öncəki illərə elə də diqqətlə nəzər salmayıb. Ölkə futbolunda inkişafın əksinə, geriləmənin olması indiyədək görülən işlərin uğurlu olmamasının nəticəsidir.
Tənqidlərə və təkliflərə açıq olduğunu deyən baş katibin yeni vəzifəsində ilk olaraq hansı əsaslı addımları atacağı maraq doğurur. Bu görüşdən sonra oteldə jurnalistlər və AFFA rəhbərliyi birlikdə yemək yedi, bəzi həmkarlarımız hətta bu isti ortamdan ruhlanaraq mahnı da oxudu. Bir sözlə, təşkilatçılıq yüksək səviyyədə, səfər isə maraqlı keçdi. Qaldı Şamaxıda səpilən futbol toxumlarının cücərməsi...
Məftun Rəsulzadə,
Qol.az
Vlahoviçin milliyə qoşulmamasının səbəbi bilindi
“Çelsi” əməkdaşlara xəbərdarlıq etdi
“Everton” Qrilişə yenidən şans verməyə hazırdır
A Seriyası klubu yenə baş məşqçisini göndərdi
İlin rəmzi komandası açıqlandı - Keyn siyahıda yoxdur
“Bodo-Qlimt”in oyununda bədbəxt hadisə - Tribuna çökdü
"Araz-Naxçıvan"ın futbolçusu əməliyyat olundu
Braziliyalı qapıçı “Liverpul”dan ayrılmaq istəmir
Niderlandda azarkeşlərə görə oyun təxirə salındı
Azərbaycan millisinin heyətində dəyişiklik edildi
“Qaradağ Lökbatan” və “Hypers”dən böyükhesablı qələbə
Yığmanın toplanışını buraxacaq
“Sabah”ın özbək futbolçusu evləndi
Millimizin üzvü 90 dəqiqə oynadı
Mourinyo La Liqanın ən yaxşısıdır
Yamal İspaniya millisindən kənarda qalacaq
Baş məşqçi vəzifəsinə əsas namizəd Rauldur
Premyer Liqada tarixi rekorda imza atdı
Yağışa görə Azərbaycanda bu oyun təxirə salındı
Azərbaycan millisi Olimpiya çempionu oldu
“Qalatasaray”ın əfsanəsi vəfat etdi
"Ümid edirəm ki, çempion olarıq" - "Neftçi"nin futbolçusu
“Barselona”dan La Liqa yeni uğur
Kasilyas oğullarını “Real”ın akademiyasından çıxardı
“Mahir qol vurmasa da, qələbədə çox vacib rol oynadı”
200-cü heç-heçə
Kerrikdən istefa suallarına cavab
"Barselona"nın geridönüşü - Video
Azərbaycanlı futbolçu Kiprdə növbəti matçına çıxdı
"Fənərbaxça" 5, "Beşiktaş" 3 qolla qalib gəldi
Mahir qol ötürməsi etdi, komandası qələbə qazandı
“Mançester Yunayted” 8 qollu matçda qalib gələ bilmədi
Nəriman Axundzadə yenə ehtiyatda qaldı
Azərbaycan yığması Latviyaya məğlub oldu
“Mançester Siti”dən növbəti antirekord
"Sabah" və "Şamaxı"nın 4 qollu heç-heçəsindən - Video
"Bu nəticə bizim üçün qəbuledilməzdir” - Dambrauskas
“Çempionatın ən gənc komandasıyıq” - Azər Bağırov
"İmişli" - "Sumqayıt" matçından - Video
"Sabah" "Şamaxı" ilə, "İmişli" "Sumqayıt"la heç-heçə etdi
“Araz-Naxçıvan”da 200-cü oyun
“Heç-heçə ədalətli nəticə oldu” - Ervins Perkons