"Simulyasiyadan söhbət belə gedə bilməz" - Marko Deviç

"Simulyasiyadan söhbət belə gedə bilməz" - Marko Deviç
ÖLKƏ FUTBOLU 3 Fevral 2019 / 10:16 1668
-  A +

"Sabah"ın hücumçusu Marko Deviç Topaz Premyer Liqanın 15-ci turunda "Zirə"yə 2:0 hesabı ilə qalib gəldikləri səfər oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, serb əsilli ukraynalı futbolçu əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini açıqlayıb.


- İlk hissənin ortalarında meydanda azlıqda qalsanız da, qələbə qazana bildiniz. Oyun haqda nə deyə bilərsiniz?

- Hamı həmin epizodu gördü. Məncə, 25-ci dəqiqədə futbolçumuzun qovulması oyunumuza təsir etdi. Rəqibə hörmətlə yanaşıram, amma oyun ərzində gördük ki, azlıqda qalmağımız gücümüzə əlavə güc qatdı. Nəticədə özümüzü və nəyə qadir olduğumuzu göstərdik. Şadam ki, nəticədən əlavə, 90 dəqiqə ərzində həm də gözəl oyun sərgilədik.

- Demək istəyirsiniz ki, azlıqda oynamaq daha asan idi?

- Xeyr, belə deməzdim. Əksinə, 11 nəfərlə oynayan komanda üçün hər şey daha asan olur. Amma bu dəfə belə alındı.

- Ümumiyyətlə, hakimlik barədə nə deyə bilərsiniz?

- Hakimliyi şərh etmək istəmirəm. Hər şeyi onun seçiminə buraxıram. Vərəqə göstəribsə, deməli, qayda pozuntusu olub. Futbolçulara hakimliklə məşğul olmaq lazım deyil. Hər kəsin öz fikri, hakimliyə qiymət verəcək komitə var. Qoy, onlar buna baxsınlar. Amma düşünmürəm ki, baş hakim bu gün matçın gedişinə təsir etdi.

- "Zirə"nin yarımmüdfiəçisi Vüqar Mustafayevin qırmızı vərəqə aldığı epizodda təcrübəniz nə dərəcədə rol oynadı?

- Açığı, həmin anda qırmızı vərəqənin olduğunu hiss etdim. Baş hakim yaxınlıqda idi. Simulyasiyadan söhbət belə gedə bilməz. Rəqib oyunçu emosiyalarına nəzarət edə bilmədi. Bu da vacibdir. Nəticədə meydanda oyunçuların sayı bərabərləşdi ki, bu da bizə kömək etdi. Gizlətməməliyik, çünki say üstünlüyü çox kömək edir.

- Çoxları düşünür ki, Marko Deviç bombardir olacaq. Bununla bağlı fikriniz necədir?

- Məncə, "Neftçi" və "Qarabağ"da da qolçuluq bacarığına malik yaxşı oyunçular var. Biz oyundan-oyuna köklənirik. Komandamız təcrübə topladıqca, futbolçular inkişaf etdikcə yaxşı nəticələrimiz də olacaq. Bombardir olub-olmayacağım vacib deyil. Əsas odur ki, "Sabah" Premyer Liqadakı ilk mövsümündə özünü göstərsin. Əlbəttə, hər bir oyunçu üçün bombardir olmaq xoşdur. Amma hər bir oyuna konsentrasiya olaraq, komandama kömək etməyə çalışıram. Ya qol vurmaq, ya məhsuldar ötürmə vermək, ya da rəqibə qırmızı vərəqə almağa kömək etməklə.

- Növbəti tur "Qəbələ" ilə qarşılaşacaqsınız. Evdə bu komandaya qalib gəlmək şanslarınız nə qədərdir?

- "Qəbələ" çox yaxşı, güclü komandadır. Biz bunu bilirik. Qalib gəlməyə çalışacağıq. Amma asan olmayacaq. Bu komanda Azərbaycan Kubokunun 1/4 finalında bizi iki dəfə məğlub etdi. Təəssüf ki, 0:1 hesabı ilə uduzduğumuz oyunlara televiziya vasitəsilə baxdım. Əsas odur ki, qış fasiləsindən sonra ilk oyunumuzdan qalib ayrıldıq. Necə deyərlər, külək kürəyimizdən əsir. Səfər qələbəsindən sonra evdə oynamaq komandada arxayınlıq yarada bilər. Məncə, uduzası bir şeyimiz yoxdur, şansımızdan maksimum yararlanmalıyıq. Amma istənilən halda, oyun ağır olacaq. "Qəbələ"yə hörmət edirik. Bu komanda neçə illərdir yüksək pillələrdə yer alır, hətta Avropa Liqasının qrup mərhələsində çıxış edib.

- Bu mövsüm avrokuboklara vəsiqə qazansanız belə, orada oynaya bilməyəcəksiniz. Belə bir komandada çıxış etmək maraqsız deyil?

- Şəxsən mən bunu əvvəldən bilirdim. 3-4-cü yeri tutmaq elə də vacib deyil. Komandada hamımız özümüzü göstərməyə çalışırıq. Hər birimiz çempionatı yüksək pillələrdə başa vurmaq istəyirik. Əlbəttə, avrokuboklarda oynaya bilməyəcəyimiz təəssüfləndiricidir. Amma hansı yeri tutacağımızı demək də tezdir. Hələ 13 tur və ya 39 xallıq mübarizə var. Elə çempionatdır ki, 2-3 tura vəziyyət dəyişə bilər. Mövsümün ikinci hissəsinə yaxşı başladıq. Futbolçularımızın bu nailiyyətinə görə şadam. Hamısını təbrik edirəm. Kollektiv mübarizə aparmağımız sayəsində qalib gəldik. Rəşad Eyubov, Təmkin Xəlilzadə və Coşqun Diniyevi yaxşı debüt münasibətilə təbrik edirəm. Komandaya gələnlər özlərini yaxşı tərəfdən göstərdilər. Onların xarakter göstərmələrinə şadam. Bunun sayəsində nəticə gəldi.

Daha çox


Son xəbərlər
19.03.26  16:00

“Real”da ciddi itki

topaz banner