"Hücumçuya daha çox ehtiyacımız var" – Sənan Qurbanov

"Hücumçuya daha çox ehtiyacımız var" –  Sənan Qurbanov
ÖLKƏ FUTBOLU 24 Dekabr 2018 / 14:10 2211
-  A +

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov Qol.az-a müsahibə verib. Transfer planları ilə bağlı danışan gənc mütəxəssis mətbuatda yer alan bəzi xəbərlərə də aydınlıq gətirib.

- Aqil Məmmədovun “Neftçi”yə qayıdacağı ilə bağlı xəbərlər yayılıb. Qapıçı özü də keçidin ola biləcəyini istisna etməyib. Aqillə bağlı paytaxt klubundan “Qəbələ”yə rəsmi təklif gəlib?

- Düzdür, Aqil özü də müsahibəsində “Neftçi” ilə bağlı xəbərləri təkzib etməyib. Amma hələlik bizə onunla bağlı heç bir rəsmi təklif gəlməyib. Ona görə də qəti qərar verməmişik.

- Yəqin ki, Aqil getsə, yeni qapıçı alacaqsınız.

- Əlbəttə ki, Aqil “Neftçi”yə getsə, gərək, yerinə başqa qapıçı gətirək.

- Seneqallı hücumçu Malik Mane yerli mətbuata açıqlamasında “Qəbələ”dən təklif aldığını bildirib. Doğrudan da bu futbolçu ilə maraqlanırsınız?

- Bu futbolçu haqda heç bir məlumatımız yoxdur, təklif də göndərməmişik. Ümumiyyətlə, yeni oyunçulara hələ ki, baxmırıq. Amma gələcəkdə nə olacaq, bunu zaman göstərəcək. Onu deyə bilərəm ki, adını çəkdiyiniz hücumçu ilə maraqlanmırıq.

- Komandadan göndərmək istədiyiniz futbolçular var?

- Yox, hələlik qəti qərar verməmişik. Bütün futbolçuların klubla müqaviləsi var. Amma təklif olacağı təqdirdə, futbolçu özü də getmək istəyərsə, mütləq klub rəhbərliyinə müraciət etməlidir. Hələ ki, heç nə yoxdur.

- Antalyada yoxlama oyunu keçirəcəyiniz 3 rəqib (“Fakel” (Rusiya), “Meppen” (Almaniya) və “MTK Budapeşt” (Macarıstan)) məlumdur. Bəs dördüncü komanda hansı olacaq?

- Bəli, artıq 3 rəqibimiz bilinir. Dördüncü də yaxın saatlarda dəqiqləşməlidir. Hazırda 1-2 komanda ilə danışıq gedir.

- Ümumiyyətlə, qış fasiləsində yeni futbolçular alınacaq?

- Belə bir fikir var. Amma ola da bilər, olmaya da. Elə futbolçu götürmək istəyirik ki, bizə kömək edə bilsin.

- Daha çox hansı mövqeləri gücləndirmək istəyirsiniz?

- Həm müdafiəyə, həm də hücum xəttinə yeni oyunçular ala bilsək, pis olmazdı. Amma hücumçuya daha çox ehtiyacımız var. Transfer etsək, əcnəbi olacaq. Bilirsiniz ki, qış fasiləsində futbolçu tapmaq çətindir. Hər oyunçunu da götürmək istəmirik. İstədiyimizi tapa bilməsək, transfer olmayacaq.

- Mövsümün əvvəlində 1 il müddətinə “Qarabağ”a icarəyə verilən Rövlan Muradov vaxtından əvvəl “Qəbələ”yə qayıdıb. Onunla bağlı nə düşünürsünüz?

- Rövlan müqavilə ilə bizə məxsus olan futbolçudur. Bilirsiniz ki, xarici klublarda baxışda olub. Əgər ölkə xaricindən hər hansı təklif gələrsə, bunu dəyərləndirəcəyik.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
topaz banner