İyunun 25-də bütün dünyanın diqqəti CAR-ın Durban şəhərinə yönələcək ki, burda “Titanların döyüşü” - Braziliya - Portuqaliya qarşılaşması baş tutacaq. Yəni Kaka, Kriştiano Ronaldoyla üz-üzə gələcək. Madrid “Real”ında dost olanlar, yığmada rəqib olacaqlar. Bu iki nəfər bir yerdə, mayın əvvəllərində böyük bir müsahibə verib. “Santyaqo Bernabeu”dan cəmi beş dəqiqə uzaqlıqda olan “Miguel Angel” restoranına məşqdən sonra gələn məşhur cütlük, rahat görünürlər. «Ulduzlar», onlara kral kimi münasibət göstərilən Madriddə yaşamağı sevirlər. Hər ikisi bu komandada yeni olduqlarından və eyni səviyyədə çıxış etdiklərindən, bir-birinə çox yaxındılar. Cənubi afrikalı gözəlçə Şarliz Teron, səbətdən çıxardığı şarlarla onların yığmalarını üz-üzə qoyanda isə onların keçirdiyi hisslər böyük maraq doğurdu: gülürdülər, yoxsa məyus idilər?
- Qrupunuzda kiminlə qarşılaşacağınızı öyrənəndən sonra nə düşündüz?
Kaka: Düzü, heç də sevinmədim. Heç kimə sirr deyil ki, dünya çempionatında ciddi rəqiblərlə qarşılaşmalı olursan, amma bizim qrup ən çətin alındı. Yalnız bir müsbət məqam görürəm: biz startdaca zirvədə olmaq məcburiyyətində qalacağıq ki, bu da növbəti mərhələdə üstünlükdü.
Ronaldo: Mən başqa qrupa ümid edirdim. Başqa qruplarda pley-offa yüksəlmək üçün aşkar favoritlər var, bizdə isə çox çətin dördlük alınıb. Braziliya, Portuqaliya və Fil Dişi Sahili demək olar ki, eyni səviyyədə oynayır. İlk oyunumuzu udmağımız vacibdi.
- Kaka Ronaldoya qarşı: kim qalib gələr?
K: Əlbəttə, Braziliya (gülür)! Hər halda, düşünürəm ki, hesab arasındakı fərq böyük olmayacaq. Biz üçüncü oyunda qarşılaşırıq və ümid edirəm ki, həmin matça qədər yığmalarımız qrupdan çıxma işinin öhdəsindən gələcək. Ancaq növbəti mərhələdə İspaniyayla üz-üzə gəlməmək baxımından çox vacib qarşılaşma olacaq. Odu ki, ortada itiriləsi çox şey olacaq.
R: Portuqaliya deməsəm, yəqin ki, mən tərəfdən ağılsızlıq olardı. Əminəm ki, güclü oyunçularımızla, braziliyalıların güclü və zəif yerləri haqda yetərli bilgimizlə Braziliya yığmasını məğlub edə bilərik.
- DÇ-də üz-üzə gəlməyiniz necə olacaq?
K: Əla! Biz Ronaldoya bir-iki dənə yeni tryuk göstərəcəyik ki, onlardan gələcəkdə yararlana bilsin, ha-ha-ha! Ciddi olsaq, düşünmürəm ki, bu bizim üçün nəsə faciəvi bir şey olsun. Burda xeyli söz-söhbətlər var. Sən futbolçusan və yığmada, ya da daxili çempionatda iştirak edəndə bir çox dostunla yaşıl meydanda rəqib olursan. Oyun ərzində Ronaldoya başqalarına olduğu kimi münasibət göstərəcəm. Ancaq oyundan sonra ümid edirəm ki, maykalarımızı dəyişə bilərik. Hətta o, uduzsa belə.
R: Heç ümid də eləmə! Mən maykamı daha məşhur braziliyalı futbolçuyla dəyişməyi düşünürəm, ha-ha! Həmişə meydanda dostlarla qarşılaşmaq şən olur. Çünki oyunlardan əvvəl biz həmişə bir-birimizi qıcıqlandırırıq. SMS, ya da elektron məktub göndərərək, bu və ya başqa bir şey edəcəm, sən heç mənə çata da bilməyəcəksən və s. Amma bunların hamısı məzədi. Biz peşəkarlarıq və qələbə üçün lazım gəlsə, bir-birimizə badalaq vurmağa, ya da ayağa təpik vurmağa da hazırıq. Oyundan sonra isə hər şey öz əvvəlki qaydasına düşür. Udub-uduzmağından asılı olmayaraq. Axı bu, sadəcə futboldu. Bunu yaddan çıxarmaq olmaz.
- Braziliyalı müdafiəçilər Ronaldonu necə saxlayacaq?
K: Məncə, müdafiəçilərimiz bu suala məndən yaxşı cavab verərlər. Onlar hamısı Kriştianonu, onun zəif və güclü yerlərini bilirlər. Onlara bilmədikləri yeni nəsə deyə biləcəyimi düşünmürəm. Heç kimə sirr deyil ki, Kriştiano manevr azadlığı qazansa və bacardığı kimi qaçsa, onu saxlamaq mümkün deyil. Buna görə də onu daim nəzarətdə saxlamalı, sərbəst hərəkət etməyə imkan verməməliyik.
- Portuqaliyalı müdafiəçilər Kakanı necə saxlayacaq?
R: Məncə, bir çox müdafiəçilər “Real”, ya da Braziliyaya qarşı oynayanda bu sualı özlərinə verirlər. Kaka möhtəşəm oyunçudu, onun ustalığı bütün mümkün sərhədləri aşır. Biz ona hərəkət etmək üçün sərbəstlik, top onda olarkən düşünmək üçün vaxt verməməliyik. Ancaq bu elə də asan olmayacaq. Çünki Braziliya komandasında çoxlu güclü oyunçular var və diqqəti yalnız birinə yönəltmək olmaz.
- Çempionatla bağlı planlarınız nədi?
K: Onu qazanmaq. Braziliya yığmasının dünya çempionatında başqa heç bir məqsədi yoxdu.
R: Düşünürəm ki, əvvəlcə diqqətimizi qrupdan çıxmaq üzərində cəmləməliyik. Seçmə mərhələ oyunları zamanı böyük problemlərimiz var idi ki, bunun da nəticəsində mundiala pley-offdan vəsiqə qazandıq. Odu ki, “biz mütləq qələbə qazanacağıq” desəm, məni başa düşməzlər.
- Qələbə yolunuzda ən əsas rəqibiniz kim olacaq?
K: Bizim üçün İspaniya. Ümid edirəm ki, turnirin əvvəlində bu komandayla qarşılaşmarıq. Çünki bu möhtəşəm kollektivdi. AÇ-2008-dəki bir-iki oyunlarını izləyəndən sonra anladım ki, onlar oyunun bütün aspektlərində güclüdülər. Üstəlik onların güclü ehtiyat skamyası var. DÇ-də isə bu heç də ikinci dərəcəli məqam deyil.
R: Kakayla razıyam. İspaniya həqiqətən də çəkiniləsi rəqibdi. Bu komandanın necə güclü olduğunu yaxşı bilirik. Çünki “Real”lı bir neçə yoldaşımız orda oynayır. AÇ-2008-i udandan sonra mənəvi cəhətdən özlərini əmin hiss etdilər. Favoritlər sırasında Braziliyanın da adını çəkə bilərəm. Hesab edirəm ki, bu sözlərdən sonra Kaka mənə qonaqlıq verməlidi, ha-ha!
- DÇ-nin “qızıl buts”unu bu il kim qazanacaq?
K: Ronaldo qazana bilər. Bu il o əla formadadı. Portuqaliya yığmasında da işləri yaxşı getsə, çoxlu qol da vura bilər. Digər namizədim Robinyodu.
R: Ən layiqliləri ispanlardı, odu ki, Fernando Torres və David Vilya bunu haqq edir. Argentina yaxşı çıxış etsə, komanda yoldaşımız Qonsalo İquaynın da şansı var. Mən də yaxşı çıxış edə bilərəm, amma komandamın uğuru mənim qollarımdan daha vacibdi.
- Finalda qol vursaz, neyləyəcəksiz?
K: Allaha şükür edərəm. Çünki deməli, bu taleyi o mənə hazırlayıb. Ancaq hədəfim qol vurmaq deyil. Millinin qələbəsi hər şeydən irəlidi və komandamızın çempionatdakı uğuru çox böyük sevincimə səbəb olacaq.
R: Kakaya zəng edəcəm (gülür). Ümumiyyətlə, Kakayla razıyam ki, əsas komandanın qələbəsidi. Çünki sən bir kollektivdə oynayırsan və şəxsi məqsədlərin heç bir əhəmiyyəti yoxdu. Əlbəttə, uşaqlıqda biz dünya çempionatının finalında qol vurmaq arzusuyla yaşayırdıq, amma ümumi qələbə də böyük sevincdi.
- Turnirin Afrikada keçirilməsi çempionatın gedişinə təsir edəcəkmi?
K: Afrikada oynadığımıza görə şadam. Ötən yay burdaydım, Konfederasiyalar Kubokunda iştirak edirdim və ən yaxşı təəssüratlarım qaldı. Bizə Cənubi Afrikada təhlükəsizlik problemi, çətin iqtisadi durum haqda çox danışmışdılar, amma bunların heç birinin şahidi olmadıq. Bizi əla ab-hava əhatə edirdi. Avropada yay olanda, qış olan ölkədə oynamaq bir qədər qəribədi.
- R: Afrikadakı DÇ-ni səbrsizliklə gözləyirəm. Bu, tarixi hadisədi və ümid edirəm ki, hər şey yaxşı keçəcək. Əminəm ki, CAR hər şeyi əla təşkil edəcək. Televizor və fotolarda gördüyüm stadionlarda çıxış etməyi çox istəyirəm. Mənə danışıblar ki, ordakı matçlarda özünəməxsus ab-hava var və azarkeşlər oyunçuların döyüş ruhunu yüksəldirlər. Çətin ki Afrikada çıxış etməyimiz favoritlərin sırasına təsir etsin, amma bu futboldu, hər şey ola bilər.
- Belə böyük turnirlər zamanı məşq bazalarında uzun müddət qalmaq sizə necə təsir edir?
K: Bu, başqa oyunçularda olduğu qədər mənə çətinlik törətmir. Hər məşq, hər oyunda var gücümü qoymağa və boş vaxtımda tam dincəlməyə çalışıram. Biz belə turnirlərdə iştirak etməyə öyrəşmişik və bizə xidmət edən insanlar darıxmamağımız üçün əllərindən gələni edirlər.
R: Adətən mənim də problemlərim olmur. AÇ və DÇ-lər zamanı çoxlu maraqlı şeylər baş verir. Digər komandaların oyunlarına baxırsan, nəticələri izləyirsən. Oyunların arasındakı vaxtlarda ölkəni gəzmək, dostlar, ailənlə ünsiyyət qurmaq olar. Qolf, tennis, kompyuter oyunlarını oynamaq, nə istəyirsən onunla məşğul olmaq olar. Problem yoxdu.
- Kaka, Ronaldo haqda bilmədiyimiz bir şeyi bizə danış...
- Kriştiano telefonu əlindən buraxmır. O ara vermədən danışır, ismarıclar göndərir, «Tvitter»dəki səhifəsini yeniləyir. Odu ki, o çox məşğul adamdı (gülür).
- Ronaldo, sənin növbəndi...
- Kakanın əla yumor hissi var. Onu tanımayanlar onu çox ciddi insan kimi qəbul edə bilər. Çox məzəli biridi, biz bir yerdə olanda xeyli gülürəm. Hə, bir də o, Braziliya rəqslərini çox xoşlayır.
- Kaka, Ronaldoda nə xoşuna gəlir?
- Onun problemlərin öhdəsindən gəlmək bacarığı. Bu həm futbol, həm də mətbuat tərəfindən böyük diqqət baxımından belədi. “Malaqa”yla oyunda hakim ona qırmızı vərəqə göstərdiyinə görə, bütün dünyanın reaksiyası yadındadı? Hər şey onun Ronaldo olduğuna görə belə oldu. Amma o özünü saxlamağı bacarır. O, meydana çıxır və var gücünü qoyur. Buna görə ona hörmət edirəm.
- Bəs sən, Ronaldo?
- Onun ötürmələri və müdafiədəki boşluqları görməsi - dünyada bunu heç kim belə bacarmır. Belə oyunçunun komandanda olması əladı. Futboldankənar həyat haqda danışsaq, sizi əmin edə bilərəm ki, o, dünya səviyyəli ulduz olsa da, bunu bildirmir, çox təvazökar insandı.
- Sonda deyin görək, nə baş verməlidi ki, 2010-cu ili uğurlu hesab edəsiz?
K: La Liqa və DÇ-2010-nu udmalıyam. Onda özümü xoşbəxt hesab edərəm.
R: (gülür) Əlavə nəsə deyə bilərəmmi? La Liqa və DÇ-2010-nu qazanmaq. Finalda Braziliyanı udmaq və həlledici qolu vurmaq lazımdı, ha-ha-ha!
“KomandA” qəzeti
Mançini peşmandır
“Neftçi”dən antirekord
Mourinyoya nə olub?
9 qol vuruldu, "Liverpul" qalib gəldi
"Real" 2-ci yerə 4 qolla yüksəldi
Osimhen və Barış Alper yenidən səhnədə - Video
Reşford niyə üç oyundur heyətdə yer almır?
"Real"dan Alaba ilə bağlı açıqlama
2:0, gülən üzlər və 8 xallıq fərq… - Şəkillər
Klub prezidenti istefa verdi
Azərbaycanda ilin futbolçusu kimdir? - Qurbanovun versiyası
Qurban Qurbanov: “2024-cü il “Qarabağ” üçün çox yaxşı oldu”
Elmar Baxşıyev sayılmayan qol və oyunları haqda
“Qalatasaray”dan 5 qollu qələbə
İlin son oyununda "Qarabağ" qalib gəldi
Berezutski “Sabah”ın məğlubiyyəti barədə nə dedi?
Şamaxıda vurulan qollar - Video
"Zirə"nin qapıçısı üçün 100-cü oyun
"Şamaxı" "Sabah"a qalib gəldi
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
17 yaşı tamam oldu, "Çelsi" ilə müqavilə imzaladı
Juninyodan "Sevilya"dan aldığı təklifə ilk reaksiya
Şamaxıda heyətlər açıqlandı