İlin-günün bu vaxtında Adil Qaçayoğlu haqda yazmaq hardan ağlıma gəldi, heç özüm də bilmirəm. Doğulduğu gün deyil, səhv eləmirəmsə, rəhmətlik iyunun 3-də anadan olmuşdu, ölümünün ildönümü də arxada qalıb, onu keçən ilin mayında itirmişdik.
Bizi 2005-in soyuq yanvar günündə Rövşən Binnətli tanış elədi. Bir-birimizi tanımadan birlikdə işləmək qərarına gəlmişdik; görüşdük, oturub çay içdik, bir az dünyanın işindən, bir az da qəzetçilikdən danışdıq, məlum oldu ki, fikirlərimiz xeyli dərəcədə üst-üstə düşür. Sonradan o da məlum oldu ki, Adil Qaçayoğlu böyük jurnalistdi və mənim ondan öyrənəcəyim çox şeylər var…
Adil Qaçayoğlu xeyli qəzetdə işləmişdi, amma “mən neçə ilin jurnalistiyəm” pafosundan xeyli uzaq idi. Yazını bitirərdi, üzünü ən təcrübəsiz jurnalistlərdən birinə çevirib soruşardı: “Filankəs, deyəsən, bu ifadə yerinə düşmür, səncə, hansı sözlə əvəzləmək olar?”
Rəhmətlik xatirələrlə yaşayırdı, bu, yazılarına da sirayət eləyirdi. Uşaqlığından, gəncliyindən o qədər gözəl yazardı ki, sanki həmin hadisələr dünən-srağagün baş verib. Adamı oturduğu otaqdan götürüb özüylə uzaqlara, 40 ilin, 50 ilin dərinliyinə aparardı, məcbur eləyərdi ki, həmin illərin nostaljisini müəlliflə birlikdə yaşayasan.
Jurnalistika çoxdan kompüter arxasından boylanır, amma Adil müəllim son günlərinə qədər “qələmə almaq” ifadəsinin yersiz deyilmədiyini göstərdi. Ekrana yaxın durmazdı, hisslərini kağıza köçürərdi. “Gün səhər”də işə gələndə kompüteri yandırardı, gedəndə söndürərdi, zarafatından isə qalmazdı: “Sonra da deyirlər ki, kompüterdə işləyə bilmirəm…”
Rövşən Binnətli bir dəfə onun haqqında yaxşı dedi: “Adil müəllim darıxan adamdı. Məsələn, pəncərədən yağışa baxa-baxa ürəyi sıxıla bilərdi. Fikirləşərdi ki, bu yağış niyə yağır? Halbuki yağışın onun həyat tərzinə heç bir aidiyyəti yoxdu”. Nə qədər dəqiq deyilmişdi! Yadıma gəlir, bir gün işə getdim, gördüm qanı qaradı. Səbəbini soruşdum, məlum oldu ki, daim oxuduğu “Futbol+”də “canıyananlıq” sözünün əvəzinə “canfəşanlıq” yazılıb, Adil müəllim də belə səhvə görə bərk dilxor olub…
Ağdam həsrəti yazılarının ruhuna hopmuşdu, “Qarabağ” haqda yazıları həmişə kədərli alınardı. Qaçqın-köçkün komandaya ürəyi yanardı, hər məğlubiyyətinə görə pis olardı, qələbə qazananda kefi durulardı, zarafatı zarafat dalınca düzərdi. Stadiona yalnız “Qarabağ”ın oyunlarına baxmaq üçün gedərdi. Oyundan gələn kimi isə xalları hesablamağa tələsərdi: “Dədə, “Neftçi”dən dörd xal geri qalırıq…”
İndiyə qədər də son günlərində ona az-az dəydiyimə görə özümü bağışlaya bilmirəm. Aprelin 3-də ona zəng vurdum, elə bilmişdim, ad günüdü. Yalnız rabitəsiz danışmasından başa düşdüm ki, möhkəm xəstədi. Buna qədər xəstəliyini ciddiyə almamışdım, telefonla hal-əhval tutmaqla kifayətlənirdim. Diliylə dedi ki, sizi görmək istəyirəm: “Qurban Yaquboğlu ilə Elxan Salahovu da götür, gəl yanıma”. Getdik. Elə həmin görüşdə anladım ki, Adil müəllimi bir daha görməyə bilərik. Evlərinin qapısından çıxanda Qurban çox dəqiq qeyd elədi: “Çox rahat idi, daha darıxmırdı”. Ölümlə barışmışdı…
Ruhun şad olsun, Adil müəllim! Daha “Qarabağ” “Neftçi”dən geri qalmır…
Coşqun ELDAROĞLU
“Pley-off”da final günü
İran idmançıları bəzi ölkələrə gedə bilməyəcək
Azərbaycan millisinə mükafat təqdim olundu - Video
Azərbaycan millisi FİFA seriyasının qalibi oldu
Münhen klubunu tərk edəcək
Umarali Raxmonaliyevin yığması qələbə qazandı
Messi Zambiyaya qarşı meydana çıxacaq
Arteta London klubunda qalacaq
"Yuventus" "Mançester Yunayted"in futbolçusuna göz dikdi
PSJ, "Bavariya", yoxsa Səudiyyə Ərəbistanı?
"Sumqayıt"ın Ronaldosu millidə növbəti matçına çıxdı
Azərbaycan millisinin Syerra Leone ilə oyun üçün heyəti
2-ci liqada fantastik hesab - 14:0!
“Mançester Yunayted” Tonali ilə danışıqlara başladı
Azərbaycanın U-17 millisi sonuncu oyununda da heç-heçə etdi
"Qarabağ" uşaqlara da jest etdi
UEFA-dan azərbaycanlı referiyə ilk baş hakim təyinatı
Tudor ən tez qovulan məşqçilər siyahısında
“Normal nəfəs ala bilmədiyimi başa düşdüm” - Luçesku
"Tottenhem"in yeni baş məşqçisi o olacaq
“Syerra Leone zəif rəqib deyil” – Rauf Əliyev
İran FİFA-ya müraciət etdi
Lukaku "Napoli"dən gedir
Azərbaycan – Syerra Leone matçının hakimləri açıqlandı
UEFA-dan Janna d’Ark cəzası! - Video
Bu mövsüm “Qarabağ”a uduzmuşdular - Baş məşqçini göndərdilər
Cermeyn Defo baş məşqçi təyin olundu
Mbappe azarkeşi mühafizəçinin əlindən aldı - Şəkillər
"Qarabağ" - "Sabah" matçının biletləri satışa çıxır