Bu, yenilik yox, keçmişə qayıdışdır...

Bu, yenilik yox, keçmişə qayıdışdır...
YAZARLAR 6 İyul 2023 / 13:10 3964
-  A +

FİFA-nın ofsaydla bağlı tətbiq edəcəyi dəyişiklik, bu mövsümdən bəzi ölkələrdə, yarışlarda eksperimentlərin aparılacağı, yoxlamadan keçiriləcəyi geniş müzakirə olunur.

Arsen Vengerin təklifinə görə oyundan kənar vəziyyətlərə uyğun verilə biləcək qərar yenilik kimi təqdim edilir. Reallıqda isə bu, yenilik deyil, əksinə, keçmişə qayıdışdır. "Yenilik" kimi qələmə verilən ofsayd qanunu uzun illər öncə müdafiədə əsas söz sahibi olub. Sonralar baş verən qaydalardakı yeniliklər günümüzə kimi gəlib çıxıb, ofsaydlar artıq santimetrlər, millimetrlərlə xətkeşlənir. Bəzi oyunlarda VAR sistemi xətti də düz-əməlli çəkə bilmir, azarkeşlər arasında böyük narazılığa səbəb olur.

Zamanında hakimlər, məşqçi, futbolçular arasında, bu qaydaya, el dili ilə desək, "rəqiblər arasından hava keçməlidir" bildirilirdi, yəni, futbolçular arasında "skvoznyak" olmalıydı. Hücumçular fantastik imtiyaz qazanır, buna uyğun müdafiədə fərqli taktiki sxemlərdən istifadə edilirdi. Ofsayd qaydaları dəyişilsə, müdafiə, oyun planında nələr ola bilər? Təsəvvür edin, bir tərəfdə arxası qap(ıç)ıya, ən yaxşı halda yarı-korpus olan müdafiəçi, digər tərəfdə istiqaməti qapıya doğru yönələn hücumçu, əks-həmləyə çıxan futbolçu.

Qaydalar pozulmadığı halda, müdafiəçilərin sürətli hücumçu/orta sahə futbolçularına çatmaq, topu almaq şansı minimuma enir. Onsuz da mərkəz müdafiəçiləri çox vaxt sürətləri ilə seçilmirlər, köhnə-yeni qayda isə hücumçuya əlavə üstünlük verir...

Vaxtilə süni oyundankənarların yaradılması geniş vüsət almışdı. Bacarıqlı komandalar bundan məharətlə istifadə edirdilər. Çox çətin iş idi, müdafiəçilərin xətt üzrə sinxronluğu mükəmməl olmalıydı. Əks-halda iki-üç rəqib futbolçu qapıçı ilə üz-üzə qala bilərdi. Qaydalar dəyişdikcə, süni ofsayd anlayışı da unuduldu, daha doğrusu, buna bir o qədər də ehtiyac qalmadı.Bu da taktiki anlamda müdafiə quruluşuna, ümumilikdə, komandaların oyun planına öz təsirini göstərdi. Bir sözlə, "skvoznyak" ofsaydlar sürətli futbolçular üçün əlavə şansdır, ləng müdafiəçilərin kabusudur. 

Ofsayd qaydaları təzələnsə, müdafiənin arxasına aşırma hava ötürmələrinin sayı da artacaq, "son həddə ofsayd"("na qrani ofsayda") anlayışı yenidən futbola qayıdacaq, müdafiəçilər "süni" ofsaydları diriltmək məcburiyyətində qalacaq. Arxada intizamlı oynamayan komandaların qapısında daha çox top görmə faizi yüksələcək, mərkəz müdafiəçilərinin fiziki-funksional göstəricilərinin yüksəlməsi zərurəti yaranacaq. Əks-hücumlar çoxalacaq, daha da kəskinləşəcək, "ağır" müdafiəçilərin "sarı-qırmızı" almaq ehtimalı artacaq.

Ofsayd qaydalarında dəyişiklik təsdiq edilərsə, hakimlərin işinin xeyli yüngülləşəcəyi halda, məşqçi, futbolçular taktiki gedişlərdə yeniliklər etmək məcburiyyətində qalacaqlar. Mənfi, müsbət tərəfləri kifayət qədərdir...

Aparıcı, lider, açıq futbola üstünlük verən  komandaların oyunları daha baxımlı alınacaq, daha çox qollar/qol epizodları azarkeşlərə zövq verəcəksə, zəiflər hücumların kəsərinin qorxusu fonunda qapalı oyuna üstünlük verəcək, "avtobus" anlayışı daha da möhkəmlənəcək, matçlarda əsasən əks-hücum taktikası seçiləcək. Bir sözlə, hakimlərlə yanaşı, komandalar, məşqçi/futbolçular indidən tətbiq edilə biləcək yeniliklərə hazırlaşmalı, nəzəri, taktiki biliklərini artırmalı, zamanı yetişdikcə, meydanda baş verəcəklərə hazır olmalıdırlar.

Dünya futbolunda zaman-zaman çox önəmli qayda dəyişiklərinə gedilib. Buraya əvəzetmələri, vərəqələrin tətbiqini, artırılmış dəqiqələri və s. yenilikləri misal göstərmək olar. Futbol tarixində ən müsbət yeniliklərdən biri, İtaliya-90-dan başlayaraq qapıçılara ayaqla ötürülən toplarda əllə oynamalarına qadağa qoyulması oldu. Bu amil futbolda böyük taktiki dəyişiklərə, sürətin artmasına, futbolun baxımlığına öz müsbət təsirini göstərdi.

Mənfi hallar, effekt verməyən yeniliklər də çox olub. Ofsayd qərarlarında keçmişə qayıdış istəyi, vaxtı ilə edilmiş dəyişiklərə korrektələr, millimetr, santimetrlərdən yaxa qurtarılması, ancaq futbolun xeyrinə olar. Texnoloji elm nə qədər inkişaf etsə, futbolda şərait, texniki imkanlar, ləvazimat, forma, buts, top keyfiyyəti inanılmaz dərəcədə yüksəlsə də, futbol öz sadəliyini, bəzi məqamlarda  konservativliyi ilə gözəldir və azarkeşlərə zövq verməkdə davam etməlidir.

Tahir Süleymanov


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə