AFFA komandalarımızı müdafiə etməlidir

AFFA komandalarımızı müdafiə etməlidir
YAZARLAR 4 Noyabr 2022 / 17:29 4871
-  A +

"Qarabağ" "Fraybuq"la ilk səfər matçında haqsızlıqla üzləşmişdi. 

Ağdamlıların penaltisinin verilməməsi tək Azərbaycanda deyil, Almaniyanın özündə də böyük rezonans doğurmuşdu. Təbii ki, oyunda baş verənlər UEFA-ya da gedib çıxmışdı. "Qarabağ"ın sonrakı qarşılaşmalarına beynəlxalq qurum həssaslıqla yanaşırdı və böyük ölçüdə hakimlik problemi yaşanmırdı, yenidən almanlarla oyuna kimi. Bu dəfə Bakıda...

Həmçinin oxuyun: Mxitaryanın bacısı UEFA-da ölkəsi üçün hər şey edir, AFFA “Qarabağ” üçün heç nə etmir

Müasir futbolda VAR sisteminin tətbiqi ilə bağlı fikirlər haçalanır. Eyni zamanda, nə qədər deyilsə də ki, son qərar referiyə aiddir, faktiki oyunu idarə edən hakimlər briqadasının kritik qərarlarında səlahiyyətləri əlindən alınıb, VAR-n əsirinə çevriliblər. "Qarabağ"ın son matçında, bu amil özünü yenidən təsdiq etmiş oldu. Baxmayaraq ki, VAR sistemi bəzi hallarda həqiqətən obyektivliyin qorunmasında köməklik edir, əgər niyyət, ümumi hakim peşəkarlığı sistemi yerindədirsə...

Matçı idarə edən belaruslu referinin oyunun gedişində səhvləri olsa da, taleyüklü qərarlarda obyektivliyi, balansı qorumağa çalışırdı. "Frayburq"la görüşdə oyuna yerli-yersiz müdaxilə edən isti VAR otağında əyləşmiş portuqaliyalılar oldu. Baş hakim istər ilk hissədə ağdamlıların, istərsə də ikinci yarıda qonaqların qapısına VAR-ı gözləmədən qətiyyətlə penalti təyin etdi. Hər iki qərar doğru idi. Veşoviç epizodunda VAR sistemi ofsayd müəyyən etdi. Doğru düzəliş idi və ilk baxışdan VAR-da əyləşənlərin ədalətli olduqları təsərrüfatı yaranırdı. Növbəti kritik qərarda, "Qarabağ"ın sayılıb-sayılmayan qolunda VAR otağında əyləşənlərin tam niyyəti ortaya çıxmış oldu.
 
Qarşılaşmada baş verənlər öz yerində, bu epizod çox müzakirə olunur və üstündə detallı dayanmağa ehtiyac var. Referi cərimə meydanında müdafiəçinin təmasını görərək əlverişli vəziyyətdə olan futbolçumuza topun gəldiyini görüb oyun üstünlüyü prinsipindən istifadə etdi, top qapıya vurulduqdan sonra tərəddüd etmədən mərkəzi göstərdi. VAR-dakılar uzun-uzadı müzakirəyə qoşularaq kosmosda gəzişən "HABBL" teleskopunu da "yardıma" çağırdı. VAR otağında "xətkeş-qələm"lə ofsayd epizodlarının qeyd edilməsi penalti, qırmızı vərəqələr kimi, "özün də monitorda bax" tövsiyyəsi, müzakirələri ilə nəticələnmir, meydanda olan hakimlər ofsayd düzəlişlərinə şəksiz inanır və tabe olurlar. Təəssüf ki, qoldan öncə qayda pozuntusu epizodu da müxtəlif rakurslardan ekrana gətirilmədi. Referi bilsəydi ki, qol qeydə alınmayacaq, oyun üstünlüyü prinsipindən istifadə etməzdi. Penaltinin ləğv olunduğu epizoddan öncə olsayd müzakirəyə çıxarıldısa, qol vəziyyətində əksi idi, mübahisəli, mikroskopla axtarılan ofsayddan öncə qayda pozuntusu ehtimalı olan epizod var idi və "epizod keçib" anlayışı da ola bilməzdi. Ofsayd qərarı axtarılıb tapıldısa, ondan öncəki epizodun müzakirəsi ekranda öz əksini tapmadı. Görünən odur ki, portuqaliyalılar penalti müzakirəsindən qaçdılar. VAR-n belə müdaxiləsindən sonra baş hakimin məsuliyyəti öz üzərinə götürüb oyun üstünlüyü prinsipini geri çevirməsi inandırıcı deyildi. Medina epizodunda olduğu kimi, VAR cərimə meydanında qayda pozuntusu ehtimalını ekrana çıxarmadı və baş hakimə "özün də bax, qərar ver" tövsiyəsi edilmədi. İstənilən halda qoldan öncəki epizoda baxılmalı, referi ilə müzakirə edilməli idi. Bu da portuqaliyalıların niyyətindən, oyuna yanaşmasından xəbər verir...

Belaruslu hakimlər psixoloji olaraq tribunalarda, ictimaiyyət arasında çox yüklənildi, etirazlar səsləndi. Qeyd olunan məqamlarda referinin elə bir günahı yox idi, problem, VAR otağında olanlar idi. Buna baxmayaraq, azlıqda qalan "Qarabağ" güclü rəqib qarşısında büdrəmədi, qrup mövqeyinə təsir etməsə də, cavab topunu vura bildi. 

Belə halların qarşısının alınması üçün UEFA ilə daimi rəsmi təmaslar mütləqdir. Klub öz yerində, AFFA belə vəziyyətdə önə çıxmalı, Azərbaycan futbolu adına komandalarımızı müdafiə etməlidir. Necə ki, UEFA heç bir kluba birbaşa ödənişlər etmir, federasiya vasitəsi ilə həyata keçirilir, milli qurumların nüfuzunu qoruyur, başlarının üstündən klublarla işbirliyi qurmur. İndiki ümumi futbol durumunda isə, dəstək bir tərəfə, mane olmasınlar düşüncəsi ilə təskinlik tapılır. "Qarabağ" Avropa liqasında layiqli çıxış edərək avrokuboklarda yolunu davam etdirir. Qarşıdakı matçlarda ədalətsizliklə üzləşməmək üçün indidən beynəlxalq qurumlar məlumatlandırılmalı, komandaya hərtərəfli dəstək verilməlidir.

Tahir Süleymanov,
Sabiq FİFA referisi


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə