“Bakıda belə uduzublarsa, təsəvvür edin, səfərdə necə olacaq” – Əfran İsmayılov

“Bakıda belə uduzublarsa, təsəvvür edin, səfərdə necə olacaq” – Əfran İsmayılov
ÖLKƏ FUTBOLU 12 İyun 2019 / 15:28 5404
-  A +

Milli komandamızın sabiq üzvü, mövsümün sonunda “Sumqayıt”dan ayrılan Əfran İsmayılov Qol.az-a müsahibə verib. Gələcəyi barədə danışan 30 yaşlı futbolçu yığmamızın dünən seçmə mərhələdə evdə Slovakiyaya 1:5 hesablı məğlubiyyətinə də şərh verib.

- “Sumqayıt”dan ayrıldıqdan sonra hansısa klubdan təklif almısan?

- Hələ ki, rayondayam. Bu gün-sabah Bakıya qayıtmalıyam. Gəlim, görüm necə edirəm. Bəzi şeylər var ki, onları müzakirə etdikdən sonra məsələyə aydınlıq gələcək.

- Dünən millimizin Slovakiya ilə oyununu izləyə bildin?

- Hə, baxdım.

- Uzun illər yığmanın şərəfini qorumusan, Təcrübəli futbolçu kimi milli komandamızın dünənki məğlubiyyəti haqda nə deyə bilərsən?

- Bu hesabla uduzacağımızı gözləmirdim. Çox acınacaqlı məğlubiyyət oldu. Ən üzücü məqam odur ki, çox həvəssiz məğlub oldular. Biri var, oynayıb uduzasan, bir də var ki, bu formada. Məsələn, biz Almaniyaya uduzanda bu qədər üzülməmişdik. Birinci hissədə hesab 1:1 idi. İkinci hissənin ortalarından etibarən biz çatdırmadıq, almanlar 3 qol vurub, 4:1 uddular. Dünən isə elə oldu ki, sanki heç futbol oynamadıq. Yalnız Ramil idi, o yan-bu yana qaçdı, özünü öldürdü. Sonda də bəhrəsini gördü, qolunu vurdu. Başqa qeyri-adi bir şey olmadı. Rəqib elə gülünc qollar vurdu ki... Ona görə deyirəm ki, acınacaqlı məğlubiyyət oldu. Həmişə uduzmaq olar. Amma belə məğlub olmaq çox üzücüdür.

- Dünən meydanda olan futbolçuların hamısını tanıyırsan, xasiyyətinə, xarakterinə bələdsən. Səncə, niyə elə oynadılar?

- Nə bilim, vallah. Macarıstanla oyunda çox güc sərf etmişdilər. Bəlkə yorğun idilər. Yoxsa istiyə görəmi oldu. Ancaq belə baxanda Slovakiya səfərdə oynayırdı, onlar uzaq yoldan gəlmişdilər. Bizimkilər isə bundan əvvəlki oyunu da evdə keçirmişdilər, istirahət üçün vaxtları var olmuşdu. Amma həm də fikirləşirəm ki, biz 3 gündən bir oyun keçirməyə öyrəşməmişik. Neçə ildir bu vəziyyət davam edir. Gərək, buna öyrəşən. Bəhanə axtarmaq lazım deyil.

- Komanda meydana sanki hazırlıqsız, ruhsuz çıxmışdı...

- Mən də elə onu deyirəm. Bilmirəm, nə məsələdir. Baş məşqçi var, rəhbərlik var. Hamısını araşdıracaqlar. Sonda bilinəcək ki, niyə belə olub. Mən işin o tərəfini bilmirəm. Çünki komandada deyiləm, kənardayam. Ancaq bizim vaxtımızda belə şey yox idi ki, asanlıqla uduzaq. Hər zaman deyirdim ki, Macarıstan və Slovakiya ilə ev oyunlarından maksimum xal almalıyıq. Çünki bundan sonra vəziyyətimiz çox ağırlaşacaq. Evdə cəmi 2 oyunumuz qalıb. Qalanları səfərdə olacaq. Rəqiblərimiz çox güclüdür. Onsuz da Avropa çempiotının final mərhələsinə çıxmaq variantımız az idi, cəmi 10-20 faiz şansımız var idi. Artıq belə bir şansımız da demək olar ki, yoxdur. Bizdə heç vaxt belə olmayıb ki, evdə 2 oyun keçirib, hər ikisini uduzaq. Mütləq xallar toplamışıq. Bundan sonra səfərə gedəcəklər. Burada belə uduzublarsa, təsəvvür edin, onların meydanında necə olacaq. Qarşıda çox ağır oyunlarımız var.

- Milli çoxdandır, evdə bu cür böyük hesabla uduzmurdu...

- Hə, üçünü macarlardan, beşini slovakiyalılardan buraxırıq. Həqiqətən çox acı məğlubiyyətdir. Komandada lider yoxdur. Yadıma gəlir, Rəşad Sadıqovun vaxtında komandanı yığırdı, toparlayırdı, meydanda canımızı qoyurduq. Hazırda ən önəmli amillərdən biri liderlik xüsusiyyətinə malik futbolçunun olmamasıdır. Lider yoxdur ki, Macarıstana uduzandan sonra komandanı toparlaya, Slovakiyaya qarşı fərqli oynayıb, xal qazanasan. Hər iki matçda eyni ssenari oldu.

- Bəs millinin baş məşqçisi haqda nə düşünürsən? Səncə, son iki məğlubiyyətdə onun günahı nə qədərdir?

- Açığı, baş məşqçi amili haqda danışmaq istəmirəm. Bu, bizim işimiz deyil. AFFA rəhbərliyi qərar verir, milliyə baş məşqçi təyin edir. Çalışdırıcının vəzifəsi odur ki, nəticə versin. Hər şey göz önündədir, Yurçeviç nəticə vermir. Ona görə də baş məşqçidən danışmağa dəyməz. Onu ora gətirmirlər ki, futbolçuların üstündə dursun. Başqasını da qoymaq olar. Baş məşqçi nəticə verməlidir. Hazırda sıfır xalımız var. Deməli, nəticə yoxdur.

- Son 2 oyundakı məğlubiyyət onsuz da az olan şanslarımızı tamam öldürdü. Hətta seçmə mərhələni xalsız başa vurmaq təhlükəsi də var...

- Elə bir şey olsa, bu, mənim üçün faciə hesab olunacaq. Qrupumuz nə qədər çətin olsa da, ən pis halda 1-2 xal toplamalıyıq. Bundan sonra iki ev oyunumuz qalır. Xorvatiya Bakıda evdəki kimi oynamayacaq. O, bir təsadüf idi. Burada onlardan daha yaxşı oyun gözləyirəm. Uels isə Britaniya ölkəsidir. Həm fiziki cəhətdən güclüdürlər, həm də standart vəziyyətlərdən fərqlənməyi bacarırlar. Bu da bizim üçün böyük problemdir. Təki, yanılaq, hər şey yaxşı olsun. Çünki hamı üzülür. Nəticə istəyir. Bu cür oyunla isə nəticə qazanmaq mümkün deyil. Vuruşmaq, dağıtmaq lazımdır ki, xal qazanmasan belə, oynayıb uduzasan.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı