Qol.Az - print Qol.Az

“55 yaş artıq baba yaşıdır” – Ramin Musayev


 

“55 yaş artıq baba yaşıdır” – <b style="color:red">Ramin Musayev</b>

“Futbol çox əziyyətli və az hörmətli sahədir”

Aprelin 26-da Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevin 55 yaşı tamam olur.
Bu münasibətlə Qol.az saytı ona bir neçə sual ünvanladı. Hər zaman futboldan danışdığımız Musayevlə budəfəki söhbətimiz futboldankənar oldu.

- Əvvəlcə 55 yaşınız münasibətilə sizi təbrik edirik. Özünüzü bu yaşda hiss edirsiniz, yoxsa vaxtın çox tez keçdiyini düşünürsünüz?

- Çox sağ olun, minnətdaram. Həqiqətən fikirləşəndə sanki adama elə gəlir ki, vaxt bir göz qırpımında keçir. Bilmirəm, əvvəllər uşaq idik, cavan idik, bəlkə də ona görə vaxt gec gedirdi. Ancaq indi günlər çox tez ötüb keçir.

- 55 yaş necə bir yaş dövrüdür?

- Hər yaşın öz gözəlliyi var. 55 yaş artıq baba yaşıdır. Bu yaşın da gözəlliyi ondadır.

- Yaş artdıqca qocalmaqdan qorxmursunuz ki?

- Yox, həyatdır də. Bundan qorxmaq olmaz. Özümü qoca hiss etmirəm.

- Geriyə boylananda həyata keçirmək istədiyiniz nələrin qaldığını görürsünüz?

- Talehimdən razıyam. Nə olubsa, haqqına olub. Nəyi bacarımışamsa, onu da həyata keçirmişəm. Gerçəkləşdirə bilmədiyim elə ciddi nəsə yoxdur.

- Nəyin peşmanlığını çəkirsiniz?

- Mən özümü tanıyandan həmişə atacağım addımı əvvəlcədən fikirləşmişəm. Verəcəyim qərarı götür-qoy etmişəm. Ona görə də şükürlər olsun ki, nəyinsə peşmanlığını çəkmirəm.

- Gənclik illəriniz necə keçib? İndiki Ramin Musayevlə gənclikdəki arasında fərq çoxdur?

- İndi məni necə tanıyırsınızsa, gəncilkdə də elə edim (gülür). Həmişə mehriban insan olmuşam. Münasibət qurmağı, ünsiyyətdə olduğum insanlarla tez-tez əlaqə saxlamağı xoşlayıram. Deyib-gülən insanam. Gənclik illərində də belə olmuşam.

- Babalıq hissi necədir?

- Artıq baba titulunu qazananda sanki gənclik illərinə nöqtə qoyursan. Cavabdehlik artır. Ancaq baba olduğuma görə özümü yaşlı hiss etmirəm. Məndə atalıq cavabdehliyi daha çoxdur, nəinki babalıq. Bəlkə də baba olmaq mənə hələ çatmayıb.

- Deyirlər, nəvə baladan şirin olur. Düzdür?

- Vallah, yalan deyərəm. Mən belə düşünmürəm. Desəm ki, nəvəmi balalarımdan çox istəyirəm, yalan olar. Ancaq mən uşaq sevənəm. Uşağın kim olmasının fərqi yoxdur. Tanımadığım bir körpə uşaq görəndə də onu öz doğmam kimi qəbul edirəm. Lap əvvəldən mən beləyəm. Tələbəlik illərində kəndə gedəndə özümdən yaşca çox-çox kiçik uşaqlar başıma yığılardı. Uşaqları çox sevirəm.

- İndiyədək fərqli sahələrdə çalışmısınız - inşaatçı, sistem işçisi, klub rəsmisi və PFL prezidenti. Bu sahələrdən hansı sizə daha uyğundur?

- Mən hansısa işi sevməsəm, onunla məşğul olmaram. Bütün işlərə sevərək başlamışam. Amma onu deyim ki, çalışdığım sahələrin içində ən ağırı futboldur. Futbol çox əziyyətli və az hörmətli sahədir. Xasiyyətimə ən yaxını isə polis işi olub.

- Futbol sahəsinə necə gəldiniz?

- Körpəlikdən futbolu sevmişəm. Hətta uşaqlıqda futbola görə evdə çox döyülmüşəm. Dərsdən qaçıb, futbol oynayırdım. Yuxarı sinflərdə oxuyanda artıq komandanın kapitanı idim. Universitet illərində də oynamışam. Ancaq mən peşəkar futbolçu olmamışam. Güləşçi olmuşam. Məncə, futbolu sevməyən insan çox azdır.

Mən Gürcüstanda doğulmuşam. O vaxt televizorda Azərbaycan kanalını tutmaq olmurdu. Ancaq “Araz” radiosunda qulaq asırdıq. Evdə bir radiomuz var idi. O da kənddə yaxşı tutmurdu. Çayın qırağına gedirdik, orda yaxşı tuturdu. Uşaqlarla gedib çayın qırağında futbolun şərhinə qulaq asırdıq. Futbola çox böyük həvəsim olub. Buna görə də indi bu sahədə çalışıram.

- Oxucuları tanış etmək üçün bilmək istərdik ki, neçə ilinizi futbola həsr etmisiniz?

- 2004-cü ildə Rövnəq Abdullayev məni “Neftçi”də birlikdə çalışmağa dəvət etdi. O gündən indiyə kimi bir yerdəyik. Çalışıram ki, mənə olan etimadığı doğruldum.

- Ramin Musayevin hansı gizli bacarığı var?

- (Gülür). Gizli bacarıq qoy elə gizli də qalsın.

- Deməli, var.

- Mən reklamdan qaçan insanam.  Amma bəli, başqa bacarıqlarım da var.

- Bildiyimə görə, saz çalmağı bacarırsınız.

- Saz heç də. Saz mənim nəfəsimdir, laylamdır. Dörd dənə sazım var. Bəli, saz çalmağı bacarıram. Saatlarla saza qulaq assam, doymaram.

- Sazı tez-tez dilləndirirsiniz?

- Hərdən keçmişi xatırlayanda sinəmə basıram. Bir az qəmə dalıram.

- Ümumiyyətlə, musiqi ilə aranız necədir?

- Əladır. Mən ancaq öz müsiqimizə qulaq asıram. Mənə elə gəlir ki, musiqi elə bizim millətin qanıdır, ruhudur, aldığı nəfəsdir. Əsas da muğam. Onu sevməmək olmaz. Estrada mənlik deyil. Hec cavanlıqda da xoşlamamışam.

- Kitab oxumağa vaxtınız olur?

- Futbola başlayana qədər oxuyurdum. Ancaq sonra oxuya bilmədim. Çox yoruluram. Hətta evə gedəndə deyirlər, niyə söhbət etmirsən, danışmırsan? Yorğunluqdan həvəsim olmur. Kitab oxumağa gücüm qalmır. Mən elə insanam ki, kitabı oxuyanda özümü ordakı surətin yerində təsəvvür edirəm. Kinoya baxanda da həmçinin. Ona görə də nə kinoya baxa bilirəm, nə də kitab oxuyuram. Gərək rahat olam ki, dərindən oxuyam.

- Doğulduğunuz Bolnisi rayonuna gedib-gəlirsiniz?

- Anam dünyasını dəyişəndən sonra cəmi bir dəfə getmişəm. Gedə bilmirəm. Mənə ağır gəlir. Ancaq bu yay getməyi planlaşdırıram. Çox darıxmışam. Oralar mənim üçün çox doğmadır. Doğulduğum, böyüdüyüm yerdir.

- Təbiəti gözəldir?

- Çox ölkələrdə olmuşam. Bəzən ölkə xaricində olanda yanımdakılar deyir ki, Ramin müəllim, görün, nə gözəl mənzərədir. Deyirəm, bizim kəndə çata bilməz. Bəlkə də oralar mənim üçün doğmadır deyə elə hiss edirəm. Ancaq həqiqətən də çox gözəl yerlərdir.

- Yəqin o yerlərdə xatirələriniz də çoxdur.

- 16 ildə az olmayıb. Uşaqlıqda çox dəcəl olmuşam, bir yerdə durmamışam. Bütün günü atla meşələri gəzirdik. Demək olar ki, meşələrin hər qarşını tanıyıram. Bu gün də yadımdadır ki, hansı tərəfdə hansı meyvələr var idi. O qədər xatirələrim var ki, bilmirəm hansını danışım. O illəri xatırlayanda kədərlənirəm. Artıq o günləri qaytarmaq mümkün deyil. Ancaq çox istərdim ki, qayıdım.

- Deyəsən, kövrək insansınız.

- Bəli, həddindən artıq çox.

- Uşaqlıqda futbolla yaşadığınızı dediniz. Bəs indi futbolla aranız necədir?

- Futbolu yenə maraqla izləyirəm, doymamışam. Ancaq oynamağı həkim qadağan edib. Qaçmaq mənə ziyandır. Artıq 7 ildir ki, ürəyimdə stent var. O vaxtdan futbol oynamıram.

- 10 ildir fəaliyyət göstərən Peşəkar Futbol Liqasının kollektivi ilə bağlı da fikirlərinizi bilmək istərdim. Razısınız işçilərinizdən?

- Bizim kollektivi tanıyan elə bir insan yoxdur ki, ona həsəd aparmasın. Bizdə hamı özünə görə işə qəbul olunub. Kimisə xahişlə işə qəbul etməmişik. Hamı sırf öz bacarığına, xarakterinə görə PFL-də işləyir. Mən inanmıram ki, ikinci belə bir mehriban kollektiv hardasa var. Bunu kollektiv rəhbəri olduğuma görə demirəm. Hər şey göz qabağındadır. Çox yerdə çalışmışam. Ancaq bu kollektivdən yoxdur.

- Doqquz ildir çiyin-çiyinə çalışdığınız Aslan Şahgəldiyev (PFL-in mətbuat xidmətinin rəhbəri) sizin üçün kimdir?

- Ən birinci mən onun oğlunun kirvəsiyəm. Bu günə qədər ondan heç bir narazılığım yoxdur. Verilən tapşırığı artıqlamasıyla yerinə yetirir. Sadiqliyinə söz ola bilməz. Bəzən ona başqa yerlərdən təkliflər gəlir. Bizdən aldığı maaşdan 2-3 dəfə artığını təklif etsələr də, ona məhəl qoymur. Bunu aramızdakı münasibətə görə edir. İşçi ilə münasibəti qurmaq lazımdır. Əgər işçilərə qarşı özünü müdir kimi yox, adi işçi, dost kimi aparsan, onda onlar sənə görə hər şeyə gedər. Vaxtilə mən “Neftçi”də çalışanda Rəşad Sadıqov, Zaur Tağızadə, Georgi Adamiyaya “Neftç”də aldığı puldan 4 dəfə artığını təklif etmişdilər. Ancaq Rəşad demişdi ki, milyonlar da versələr, mən Rövnəq və Ramin müəllimin yanından heç yerə getmərəm. İndi Aslan Şahgəldiyev də bunu deyir, Elgiz Abbasov da, digər işçilərimiz də.

- İşdə çox tələbkarsınız?

- Mən düzgünlüyü, dəqiqliyi xoşlayıram. Şəxsən mənə hər hansı bir iş tapşırılanda onun öhdəsindən gəlməyə həvəslə çalışıram. Bunu işçilərimdən də gözləyirəm. Heç vaxt işçiyə bacardığından artıq iş tapşırmaram. Kimin nəyə qadir olduğunu bilirəm və onun qaldıracağı yük qədər iş tapşırıram.

- Ad gününüzə görə PFL kollektivinə qonaqlıq verəcəksiniz?

- Dəqiq bilmirəm, qonaqlıq verə də bilərəm, verməyə də. Mən 2005-ci ildə yaxın dostumu itirmişəm. Həmişə ad günlərimi onunla qeyd edirdim. Ondan sonra ad günü keçirməmişəm. Ürəyim gəlmir. Yəni hansısa restorana getmək, qonaqlıq filan olmayıb. 

Ramiq AĞAMƏMMƏDOV

 





25.04.2018    çap et  çap et