Cavid Hüseynov: «Hakim «Qarabağ»ın futbolçularının təzyiqi ilə məni meydandan çıxardı»

Cavid Hüseynov: «Hakim «Qarabağ»ın futbolçularının təzyiqi ilə məni meydandan çıxardı»
ÖLKƏ FUTBOLU 3 Fevral 2010 / 19:18 3169
-  A +

«Qarabağ»a qarşı bugünkü oyunda qarşımıza yalnız üç xal qazanmağı məqsəd qoymuşduq. Təəssüf ki, alınmadı. Matç qarşılıqlı hücumlar şəraitində keçdi. Belə oyunlarda əsasən bir qol həlledici olur. Son nöqtəni qoya bilmədik. Əgər yeni transferimiz Voskoboynikov başla topu qapıdan keçirə bilsəydi, bəlkə də biz artıq oyunun qalibi idik». Bu sözləri Qol.Az-a «Qarabağ»la bugünkü qarşılamadan sonra «Neftçi»nin yeni transferi Cavid Hüseynov deyib. Matçın 83-cü dəqiqəsində “Qarabağ”ın müdafiəçisi Maksim Medvedyevə qarşı bilərəkdən zərbə endirən və qırmızı vərəqə alaraq meydandan qovulan Cavid Hüseynov həmin epizodu belə şərh edib: «Məni tanıyan hər kəs bilir ki, kobud oyunçu deyiləm. Futbolçu karyeramda çox nadir hallarda sarı və ya qırmızı vərəqə almışam. Sadəcə həmin epizodda mən ötürmə vermək istəyərkən Maksim mənim formamdan dartdı. Oyunun baş hakimi Elçin Məmmədov bunu görməməzliyə vurdu. Sonra Maksim topu məndən alıb irəliləyərkən arxadan ona zərbə endirdim. Mənə qəribə gələn hakimin birbaşa mənə qırmızı vərəqə göstərməsi oldu. Həmin epizoda qədər referi bir dəfə də olsun mənə xəbərdarlıq etməmişdi. Fikrimcə, sarı vərəqə də göstərmək olardı. Sadəcə “Qarabağ”ın 3-4 oyunçusu “qırmızı-qırmızı” deyərək hakimin üstünə getdilər, ondan qırmızı vərəqə istədilər. Hakim də məni meydandan uzaqlaşdırdı. Məncə, Elçin Məmmədov biraz «Qarabağ»ın futbolçularının təzyiqi ilə bu qərarı verdi». C.Hüseynov bu hərəkətinə görə «Neftçi» tərəfindən cəzalandırılacağı haqda baş məşqçi Vaqif Sadıqovun dediklərinə də münasibət bildirib: «Mən özümə bəraət qazanmaq istəmirəm. “Neftçi” rəhbərliyinin haqqımda çıxaracağı bütün qərara hörmətlə yanaşacam. Onlar necə məsləhət görsələr, elə də olacaq. Bundan sonra “Bakı” və “Karvan”la çətin oyunlarımız var. Çox təəssüflənirəm ki, bu oyunlarda komandama kömək edə bilməyəcəyəm».

Daha çox


Son xəbərlər