Ağasəlim Mircavadov: “Mən futbolçuya şans vermirəm, futbolçu mənə şans verir”

Ağasəlim Mircavadov: “Mən futbolçuya şans vermirəm, futbolçu mənə şans verir”
MÜSAHİBƏ 29 Yanvar 2010 / 16:21 3206
-  A +

“Xəzər Lənkəran”ın baş məşqçisi Ağasəlim Mircavadov Qol.Az saytına verdiyi müsahibədə komandasının fasilə dövründə keçdiyi hazırlıq prosesi, yoxlama oyunları, yeni transferlər, eləcə də “Bakı”nın “Birlik kuboku”ndakı çıxışı barədə danışıb.

- “Xəzər Lənkəran”ın Antalyada keçdiyi təlim-məşq toplanışı başa çatdı. Hazırlıq prosesini necə dəyərləndirirsiniz?
- Dekabrın 24-dən sonra futbolçuları istirahətə buraxdıq. Yeni ildən sonra komanda biryerə toplaşdı və hazırlığa start verdik. İlk növbədə onu deyim ki, biz hazırlıq prosesini iki hissəyə bölmüşdük. Birinci mərhələ futbolçuların fiziki durumunun yaxşılaşmasına yönəldilmişdi. İkinci mərhələdə isə futbolçuları yoxlama oyunlarında sınadıq. Xətlərarası əlaqənin yaxşılaşdırılmasına, futbolçuların oyun planının yüksəldilməsinə çalışırdıq. Eyni zamanda çempionatın geridə qalan hissəsində buraxdığımız səhvləri təhlil edib, nəticə çıxarmağa çalışırdıq.
- Türkiyədə keçirilən təlim-məşq toplanışından tam razı qaldığınızı demək olar?
- Futbolçular yaxşı hazırlaşdılar. Orada yüksək səviyyədə hazırlıq keçmək üçün hər cür şəraitimiz var idi. Düzdür, bəzən hava durumu pis olurdu, yağış yağırdı. Buna baxmayaraq, lazımı səviyyədə hazırlıq keçdiyimizi söyləyə bilərəm.
- “Xəzər Lənkəran” çempionata nə dərəcədə hazırdır?
- Böyük ölçüdə çempionata hazırıq. Amma məşqlərimizi hələ də davam etdiririk. Çünki ilk oyunumuzu fevralın 3-də keçirəcəyik. Buna görə də qalan müddətdən də maksimum yararlanmağa çalışırıq.
- Komandaya cəlb etdiyiniz yeni transferlər barədə nə deyə bilərsiniz?
- Təlim-məşq prosesi dövründə 8-9 legioneri sınaqdan keçirdik. Onlardan yalnız ikisinin çıxışı bizi qane etdi. Buna görə də Tixon Şişov və Elvin Bekirini heyətimizə qatdıq. Bildiyiniz kimi, çempionatda fasilə yaranandan sonra bir neçə müdafiəçi ilə yollarımızı ayırdıq. Kostadin Cambazov, Denis Silva və Fatih Sonkaya komandadan getdi. Buna görə də onların yerini mütləq doldurmalıydıq. Həm Şişov, həm də Bekiri təcrübəli futbolçulardır. Hər ikisinin komandaya böyük fayda verəcəyinə inanıram.
- Hələlik yalnız iki futbolçunu transfer etmisiniz və hər ikisi müdafiəçidir. İrəli mövqedə oynayan futbolçuları transfer etməməyinizin səbəbi nədir: sərəncamınızda bu mövqedə olan futbolçulardan razısınız, yoxsa həmin mövqeyə yaxşı futbolçu tapa bilmədiniz?
- Bayaq da dediyim kimi, bizi ilk növbədə müdafiə xətti maraqlandırırdı və bu problemi həll etdik. Hücum və orta xəttə də futbolçu transfer etmək istəyirdik. Amma həmin mövqedə çıxış edən, baxışa gələn futbolçuların çıxışı bizi qane etmədi. Bununla belə, bir braziliyalı futbolçunu transfer etməyimiz mümkündür.
- Yəqin ki, “Saturn”la oyunda sınadığınız Kristian Martins Kabralı nəzərdə tutursunuz?
- Hə. Pis futbolçu deyil. Amma hələ yekun qərar qəbul etməmişik. Qarşıdakı günlərdə onun komandamızda qalıb-qalmayacağı məlum olacaq.
- O da komandayla birgə Azərbaycana qayıdıb?
- Hə, hazırda bizimlər birgədir. Məşqlərdə iştirak edir.
- Hazırlıq prosesi dövründə keçirdiyiniz yoxlama oyunları barədə nə deyə bilərsiniz?
- Özünüz də bilirsiniz ki, yoxlama oyunlarında nəticə heç vaxt önəmli olmur. Əsas olan istədiyin planları meydanda həyata keçirməkdir. Buna görə də komandamdan razı qaldığımı deyə bilərəm. Futbolçular yoldaşlıq görüşlərində yaxşı çıxış etdilər. Rəqiblərimiz də güclü idi. Biz özümüz məhz bu cür, daha səviyyəli rəqiblərlə qarşılaşmağı istəyirdik. Çünki məhz “Spartak”, “Saturn” kimi komandalarla oyunlarda futbolçular nəsə yeni bir şey öyrənə bilərlər.
- İlk dövrədə “Xəzər Lənkəran” meydana stabil, oturuşmuş heyətlə çıxırdı. Fasilədən sonra komandanızın əsas heyətində hər hansı dəyişiklik görə biləcəyik? Ola bilər ki, hansısa futbolçu ilk dövrədə etimadınızı doğrultmayıb. Amma təlim-məşq toplanışında özünü yaxşı tərəfdən göstərib və siz fasilədən sonra ona daha çox şans verəcəksiniz...
- Mən heç vaxt futbolçuya şans vermirəm, futbolçu mənə şans verir. Kim daha yaxşı formadadırsa, kim oyuna daha yaxşı hazırdırsa, meydana da məhz o çıxacaq. Mənim işlədiyim komandada həmişə belə olub, bundan sonra da belə olacaq. Sərəncamımda 22-23 futbolçu var. Onların hər biri mənə gərəklidir və fasilədən sonrakı beş turda da hamısı özünü göstərə biləcək.
- Artıq 4 gündən sonra “Xəzər Lənkəran” ilk oyununu keçirəcək. “Standard”la qarşılaşma barədə nə düşünürsünüz?
- Böyükağa Hacıyevin gəlişindən sonra “Standard” daha da güclənib. Bu da sevindiciri haldır. Fasilə dövründən komandanın daha çox faydalandığını düşünürəm. Kim düşünürsə ki, yeni ildəki ilk matçımızda asan qələbə qazanacağıq, yanılır. “Standard”la qarşılaşma çox çətin keçəcək. Amma biz meydana yalnız və yalnız qələbə üçün çıxacağıq.
- Fasilə dövründə əsas rəqibləriniz haqda məlumat toplayırdınız?
- Sözünü açığı, bu nə vaxtımız var idi, nə də ehtiyacımız. Şükür Allaha ki, uzun illərdi Azərbaycan futbolunun içindəyik və kimin nəyə qadir olduğunu yaxşı bilirik. Düzdür, hər bir komanda heyətini gücləndirib. Bir-iki yeni futbolçu barədə də məlumat toplamaq elə də çətin deyil.
- Cari ildə ölkəmizi “Birlik kuboku”nda təmsil edən “Bakı”nın çıxışını necə, izləyə bildiniz?
- Biz hamımız birlikdə internet vasitəsiylə “Bakı”nın çıxışını izləyirdik. Komandanın qrup mərhələsində qalmasına görə çox məyus olduq. Arzu edirdim ki, “Bakı” vətənə kubokla dönsün. Amma təəssüf ki, alınmadı.
- “Bakı”nın kuboku qazanmaq üçün hər cür şəraiti var idi. Amma yenə də vətənə əliboş döndülər. Bundan sonra bəziləri belə hesab edir ki, Azərbaycanda “Birlik kuboku”nu qazanmağın reseptini Ağasəlim Mircavadovdan baqa heç kim bilmir...
- Yox, burda qeyri-adi heç nə yoxdu. “Bakı” da kuboku qazana bilərdi. Amma görünür, haradasa səhv ediblər. İnanın, tam səmimi deyirəm ki, “Bakı”nın Moskvadan kubokla qayıtmasını çox istəyirdim. 

Daha çox


Son xəbərlər