“Bakı” “Birlik Kubok”unda fiaskoya uğradı. Çempionumuz hətta 1/4 finalda və ya yarımfinalda belə məğlub olsaydı, bu, uğursuzluq kimi qəbul olunacaqdı. Hamı “Bakı”dan kubok gözləyirdi. İstər klub rəhbərliyi, istər mətbuat nümayəndələri, istərsə də azarkeşlər. “Bakı”nın vətənə kubokla qayıdacağına inam o qədər böyük idi ki, hətta klub rəsmiləri 110 nəfərlik nümayəndə heyəti üçün alınan biletlərdə vətənə dönmə tarixi kimi yanvarın 25-i göstərmişdilər. Amma çempionumuz vətənə əliboş qayıtdı. Bunun səbəbləri barədə çox danışmaq olar. Lakin bu yazıda sizə Moskva səfərinin pərdəarxası məqamlarını çatdırmağa calışacağıq.
Yayda “Bakı” Çempionlar Liqasının üçüncü təsnifat mərhələsiundə "Levksi"ylə cavab oyununa yollanarkən Bolqarıstanın aparıcı qəzetlərin biri belə manşet qoymuşdu: “Bakı” Sofiyaya “Barselona” kimi gəlib”. Eyni sözləri də Moskva səfəri barədə demək olar. 110 nəfərlik nümayəndə heyətini futbolçular, məşqçilər, texniki heyət, klub rəsmiləri, azarkeşlər və jurnalistlər təşkil edirdi. Azərbaycan klubunun turnirə bu dərəcədə maraq göstərməsi hətta təşkilatçıları da çətin vəziyyətə salmışdı. Onlar komanda üzvləri üçün yalnız bir avtobus ayırmışdılar. Oyunlara yollanarkən isə nümayəndə heyətinə 2 avtobus belə azlıq edirdi. Komandamızın ilk oyunu zamanı isə “Dinamo” manejinin işçiləri nümayəndə heyətimizin əksər üzvlərini arenaya buraxmaq istəmirdilər. Müəyyən müddətdən sonra problem yoluna qoyulsa da, həmin matçda “Bakı” xeyli azarkeş itirdi. Gözləniləndən fərqli olaraq, ilk oyunda Moskvada yaşayan mindən artıq həmyerlimiz komandamızı dəstəkləmək üçün arenaya təşrif buyurmuşdu. “Bakı” rəsmiləri fanatlar üçün lazım olan qədər bilet alsalar da, polislər heç də bütün azarkeşləri arenaya buraxmadılar. Azərbaycan mətbuatının turnirə bu dərəcədə maraq göstərməsi rusları da təəccübləndirmişdi.
“Bakı”nın vətənə kubokla dönməsi üçün klub rəhbərliyi komandaya hər bir şərait yaratmışdı. Baş məşqçi Bülənt Qorxmazın istəyinə əsasən “Birlik Kuboku”nda yarışan digər 15 komandadan fərqli olaraq, çempionumuzun üzvləri komandanın məskunlaşdığı mehmanxananın restoranında deyil, Moksvada yaşayan həmyerlilərimizə məxsux olan başqa bir restoranda nahar və şam edirdilər. Halbuki maddi imkanına görə heç də zəif olmayan “Rubin”, Kiyev “Dinamo”su, “Aktobe” və “Bunedkor”un üzvləri hamı kimi oteldə qidalanırdılar.
Komanda üzvlərinin hər bir istəyinin rəhbərlik tərəfindən yerindəcə yerinə yetirilməsini əbəs yerə qeyd etmədik. Baş məşqçinin başqa bir istəyinə əsasən futboçulara Moskvada olarkən iki dəst yeni butslar alındı. Hansı ki, heç də ucuz başa gəlməyən həmin butslarla yalnız süni örtüklü meydandaçada məşq etmək və oynamaq olar. Lakin təəssüf ki, bütün bunlara baxmayaraq, “Bakı” ümidləri doğrultmadı. Son 6 il ərzindəki ən pis göstəriciyə imza atdı. 2004-cü ildən etibarən heç bir Azərbaycan klubu qrupda qalmamışdı.
Halbuki ilk oyundan sonra vəziyyət yaxşı idi. “Bakı” “Vaxş” üzərində gözəl qələbəylə turnirə başladı. İlk oyunda Bülənt Qorxmazın əsasən azərbaycanlı futbolçulara güvənməsi azarkeşlərin sevincini birə-beş artırmışdı. Əziz Quliyev, Rəhman Hacıyev, Hacı Əhmədov, Bəxtiyar Soltanov, Cəmşid Məhərrəmov, Elvin Əliyev, Saşa Yunisoğlu və Mahmud Qurbanov həmin gün komandanın qələbəsində böyük rol oynadılar. Gənclərlə yanaşı Mahmudun da çıxışını xüsusi qeyd etmək olar. Qurbanov həmin gün möhtəşəm ötürmələri ilə deyil, həm də komandanı meydanda gözəl idarə etməsi ilə yadda qaldı. Mahmud gənclərə tez-tez göstərişlərini verir, onları ruhlandırırdı. Lakin ikinci oyunda Bülənt Qorxmaz meydana yalnız bir yerli futbolçu buraxdı, həmin andan etibarən də komandanın oyunu alınmadı.
Komandaya böyük ümidlərlə transfer olunan Adriano, Venio, Kürşat Duymuş və Adnən Bərəkət turnir boyu heç nə ilə yadda qalmadılar. Ən pisi isə odur ki, “Bakı”nın turnidə fiaskoya uğraması Jaba, Adriano, Venio, Bərəkət və Ramimin heç vecinə də deyildi. Oteldəki kafedə əyləşən əcnəbilər heç nə olmayıbmış ki, deyib-gülürdülər. Amma başda Mahmud Qurbanov olmaqla azərbaycanlı futbolçulara məğlubiyyət çox pis təsir etmişdi. “Aktobe” ilə oyundan sonra axşam və növbəti gün ərzində azərbaycanlı futbolçular hətta otaqlarından belə çıxmır, gözə görünmək istəmirdilər. Adının çəkilməsini istəməyən futbolçularımızdan biri mənimlə söhbətində “Biabır olduq. Bundan sonra camaat içinə necə çıxacağıq? Vallah, Bakıya necə qayıdacağımızı da bilmirik” dedi. Moldovalı Vadim Borets isə hətta məğubiyyətdən sonra göz yaşlarını belə saxlaya bilmirdi: “İnsanların gözünə baxmağa utanıram. Mən dəfələrlə bu turnirdə oynamışam. Amma bu cür pis olmağım yadıma gəlmir. Üç dəfə finalda meydana çıxmışam və iki dəfə qalib olmuşam. Eyni uğura bu dəfə “Bakı” ilə imza atmaq istəyirdim. Amma alınmadı. Buna görə hər birinizdən üzr istəyirəm. Belə olacağını gözləmirdik”.
Məğlubiyyətə görə özündə cəsarət tapıb, üzr istəmək böyüklükdür. Eyni addımı matçdan dərhal sonra Elvin Əliyev də atdı. Yerli futbolçularla yanaşı Borets, Savinov, Sissokonun məğlubiyyətdən sonra özünə yer tapa bilməməsi açıq-aşkar hiss olunurdu. Onların komandaya can yandırdıqlarını görməmək mümkün deyil. Amma təəssüf ki, eyni sözləri digərləri haqda demək olmaz. Kim bilir, bəlkə də meydana məhz can yandıranlar çıxsaydı, bu gün biz “Bunedkor”la yarımfinal oyununa hazırlaşırdıq. Məğlubiyyətə görə hər kəs pərişan idi. Klub rəsmisi, azarkeş və ya jurnalist olmasına baxmayaraq hamımız sonadək komandanı dəstəklədik. Hər kəs bacardığı kimi. Amma komanda ümidləri puç etdi. Heç kimin çəkmədiyi xərci, əziyyəti “Bakı” rəsmiləri çəkdi. İstədikləri yalnız və yalnız vətənə kubokla dönmək idi. Oyundan sonra klubun prezidenti Hafiz Məmmədov özünü nikbin göstərməyə çalışsa da, pərişan olduğu açıq-aşkar görünürdü. Siqareti-siqaretə calayaraq özünü sakitləşdirmək istəyən Zeynal Məmmədov, hər bir problemi yerincədə həll edən, 110 nəfərlik nümayəndə heyəti üzərində böyük əziyyəti olan Yaşar Seyidovun nə dərəcədə pərişan olduqlarını sözlə təsəvvür etmək mümkün deyil. Moksva səfəri “Bakı” üçün yaxşı dərs oldu. Bu uğursuzluğu unutdurmaq üçün komandanın qarşısında bir yol var. Ona görə də Bülənt Qorxmaz və komandası səhvlərdən nə qədər tez nəticə çıxarsa, bir o qədər yaxşı olar. “Birlik Kuboku”nda “Bakı”nın çıxışı haqda qısa olaraq belə demək olar: “Ağlımıza gəlməyən, başımıza gəldi”.
İbrahim CƏFƏROV, Bakı-Moskva-Bakı
[email protected]
PSV-dən yeni rekord
PSJ-dən rekord göstərici
Yamal, Haaland, Keyn...
Start heyət üzü görməyən Mayno klubdan ayrılmağa hazırlaşır
"Qarabağ"ın rəqibi "Hamburq"la heç-heçəyə razılaşdı
Tiaqo Silvanın yeni klubu bəlli oldu
"Mançester Siti" liderliyə yüksəldi
"Fənərbaxça" səfərdə inamlı qələbə qazandı
“Zirə” - “İmişli” matçından - Video
Ronaldodan 122 oyun az oynadı, onun uğurunu təkrarladı
Flik "Barselona" ilə müqaviləni uzadacaq?
"Hədəfimiz bir xal idi, buna da nail olduq" - Jorj Kaşkilya
"Çelsi" və "Nyukasl" xalları bölüşdü
"Neftçi"dən qələbə, "Zirə" "İmişli" ilə heç-heçə etdi
"Barselona"nın baş məşqçisindən sərt reaksiya
"Neftçi" Yevlaxdan 3 xalla qayıtdı - Video
Premyer Liqada ayın qolunun qalibi mükafatlandırıldı
Bundesliqa futbolçusu İngiltərə klublarının hədəfində