“Simurq” klubunun prezidenti Zaur Məmmədovun Qol.Az saytına müsahibəsi
- Zaur müəllim, ilk öncə başlayaq “Qəbələ”ylə keçirilən və 1:1 hesabı ilə başa çatan son tur matçından. Sizcə, qələbə qazanmaq üçün komandaya nə çatmadı?
- Əslində hər şey yerində idi. Futbolda bəxtsizlik amili var ki, o da “Qəbələ”ylə oyunda bizim başımıza gəldi. Malıginin bizə “bayram hədiyyəsi” sayəsində iki xaldan məhrum olduq.
- Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında klubunuz 2 min manat cərimələndi...
- Bilirsiniz, ümumiyyətlə son zamanlar komandamıza qarşı təzyiqlər var. Zaqatala bölgəsi çoxxalqlı bir bölgədir. Futbol da bir siyasətdir. Bizə qarşı bu hərəkət yolverilməzdir. Bəziləri elə bil Zaqatalanı Azərbaycan torpağı hesab etmir. “Simurq”a yuxarıdan aşığı baxmağa başlayıblar. Dünən televizorda adını çəkmək istəmədiyim futbolçulardan birinin çıxışını izləyirdim. Aparıcı sual verir ki, “altılıq”da “Simurq”un, yoxsa “Qəbələ”nin olmasını istəyərdiniz?» Cavab verir ki, “Qəbələ”nin. Çünki orada Ramiz Məmmədov var. Ona görə istəyirəm ki, “Qəbələ” “altılığ”a düşsün. Başa düşmürəm, bu ayrıseçkilik nəyə lazımdır?
- Səhv etmirəmsə, bu fikirləri Mahir Şükürov səsləndirdi.
- Mən adın çəkmək istəmirəm. Özünüz dediniz. Bilirsiniz, komandaya baş məşqçinin azərbaycanlı, rus, yaxud belarus olmasına görə qiymət vermək lazım deyil. Əgər “Simurq”u çalışdıran ukraynalıdırsa, deməli, “Simurq” Ukrayna komandasıdır? “Simurq” Azərbaycanın komandasıdır axı. Mənim üçün Avropaya “Qəbələ”, “Simurq”, “İnter” yaxud “Neftçi”nin çıxmasının heç bir fərqi yoxdur. Sonda yenə də stadionda birləşərək həmin komandalara, yəni öz komandamıza azarkeşlik edəcəyik. Çünki onlar Azərbaycanı təmsil edirlər. Belə olmaz axı. Bizim kluba qarşı münasibət artıq məni qıcıqlandırır. Çox böyük biabırçılıqlar baş verir. Telekanallara çıxan bəzi futbolçular haqsız yerə klub prezidentlərini ittiham edirlər. Adamdan soruşarlar, siz kimsiniz axı?..
Ümumiyyətlə, son zamanlar həm telekanallarda, həm də qəzetlərdə, “Simurq”a qarşı təhqiredici fikirlər yer alır. Buna yol vermək olmaz. Yerli telekanal bizə Moldova “Şerif”inin bazasını göstərir. Heç bir dəfə gəlib “Simurq”un bazasını çəkmisiniz? Sizin göstərdiyiniz süjetdəki bütün o göstərilən kabinetlər, hovuzlar, trenajor zalları hamısı bizdə də var. Niyə axı özümüz dura-dura başqalarına tərifləməliyik? Belələri, pislərinə getməsin, düşmən olmasaydıq, hətta Ermənistanı da tərifləyərdilər.
- Bəlkə siz televiziyaları dəvət edəsiniz, onlar gəlib çəkiliş aparalar Zaqatalada. Beləliklə, sizin bazadan da hamı xəbərdar olar.
- Mən niyə dəvət etməliyəm axı? Niyə özləri gəlib çəkiliş aparmırlar? Guya onların “Simurq”un bazasından xəbərləri yoxdur? Yenə deyirəm, bəzi çatışmazlıqlar var. Amma axı, biz futbolu «bostan»da oynamırıq. Əgər kimsə belə şəraitdən istifadə edə bilmirsə, bu başqa məsələ. Amma biz istifadə edirik. Hovuzdan da istifadə edirik, trenajor zalından da. Sonra deyirlər ki, “Simurq” fiziki-atletik futbol nümayiş etdirir. Bəli, “Simurq” fiziki-atletik oyunu bunların hesabına ortaya qoyur.
Bilirsiniz, tənqid sağlam olmalıdır. Məni ən çox əsəbiləşdirən bu cavan futbolçuların verilişlərə dəvət almasıdır. Mənim özümü dəfələrlə verilişlərə çağırırlar, getmirəm. Çünki futbol mütəxəssisi deyiləm. Amma yeri gəlsə, futbolun təhlilini hər kəsdən gözəl verə bilərəm. Amma bizim bu cavan futbolçular “ulduz xəstəliyi”nə tutulublar. Ağzından süd iyi gələn uşaqlar efirə çıxır. Mən buradan bir daha həmin futbolçulara səslənirəm: axı siz kimsiniz? Hansı haqla klub prezidentinin işlərini müzakirəyə çıxarırsınız? Kamal Quliyev, sənin danışmağa mənəvi haqqın çatırmı? Sən Azərbaycan futbolu üçün nə etmisən ki, indi belə danışmağa özündə cürət tapırsan? Çox demirəm, gəl, 10 dəqiqə mənim yanımda otur, görüm mənim gördüklərimi sən də həyata keçirə bilərsənmi? Bacararsanmı bunu?
Bir daha deyirəm, Zaqatala futboluna qarşı belə münasibət bəsləmək olmaz. Televiziyalar niyə bizə qarşı çıxırlar? Məgər biz Azərbaycan millətinin oğulları deyilik? Zaqatalada hər kəs məndən soruşur ki, “Simurq”a qarşı efirdə belə fikir getdi. Mən hər dəfə yalan danışmaqla onları sakitləşdirirəm. Deyirəm, ola bilər ki, nəsə düzgün anlaşılmayıb. Axı mən nə vaxta qədər camaata yalan danışmalıyam? Bəzi mətbu orqanların bizə qarşı qərəzli münasibətinə nə zaman son qoyulacaq?
Ümumiyyətlə mən hesab edirəm ki, klublarla bağlı fikir bildirmək üçün verilişə futbol mütəxəssislərini dəvət etmək lazımdır.
- Konkret kimləri?
- “Neftçi”nin keçmiş futbolçularını dəvət etmək olar. Əbdülqəni Nurməmmədov, İsgəndər Cavadov, Kazbek Tuayev, Əlibəy Nağıyev. Bilirsiniz, özü də bu insanlar real vəziyyəti danışacaqlar. Heç bir klubu qaralamadan fikirlərini dürüst şəkildə ifadə edəcəklər.
- “Simurq” əsasən legioner futbolçuların çoxluğu səbəbindən tənqid olunur...
- Bilirsiniz, hansı azərbaycanlı futbolçuyla anlaşmaq istəyirsən, üç yüz min , beş yüz min pul oxuyur. Axı, sənin heç dədə-baban üç yüz mini görməyib. Axı o səviyyədə futbolçu deyilsən ki, sənə o miqdarda pul verim. Legionerə beş manat pul verirsən, futbol da oynayır, səhərdən axşama qədər məşq də edir. Bir də, axı, məgər “Simurq”da azərbaycanlı futbolçular oynamır? Elşən Məmmədov, Tural Cəlilov, Rasim Ramaldanov, Rüstəm Məmmədov, Samir Abdulov, Vüsal Qarayev azərbaycanlı deyil, bəs kimdir? Qoy, bu futbolçulardan biri desin ki, Pokora bizə qarşı ayrıseçkilik edir. Adlarını çəkdiyim oyunçular güclərini qoyub əsas heyətə düşməlidirlər. Onlara kimsə maneçilik törədir? İlk gündən demişəm ki, mənim üçün komandada legioner, yaxud azərbaycanlının çıxış etməsinin fərqi yoxdur. Kim güclüdürsə, o da əsas heyətə düşəcək.
- Daniel Axtyamov rəsmi şəkildə «Simurq»dan kənarlaşdırıldı. Bu qərarı verməyinizə konkret nə səbəb oldu?
- Daniel komandamızın standartlarına uyğun gəlmədiyindən onu klubumuzdan kənarlaşdırdıq. Əgər kimsə futbol oynamayacaqsa, komandanın uğurları üçün çalışmayacaqsa, biz qış fasiləsini gözləməyərək onu komandadan uzaqlaşdıracağıq. Çünki biz komandamızda 30-35 futbolçu saxlaya bilmərik. Biz Axtyamovu böyük ümidlərlə komandamıza dəvət etmişdik. Onun görünüşü bizi aldatdı. Baxdıq ki, boylu-buxunludur. Həm də Axyamovdur da. Adı da tez-tez hallanırdı. Mən hesab edirəm ki, Axtyamovla yanaşı, daha bir neçə futbolçunu transfer edərkən yanılmışıq. Yəqin ki, qışda onları da komandadan kənarlaşdıracağıq.
Kompani narazıdır
Emrelidən gözəl qol ötürməsi, komandasından məğlubiyyət
"Mançester Yunayted"in növbəti transfer hədəfi
Konor Makqreqora ağır ittiham
Flik gələcəyi haqda danışdı
Qvardiola: "Mançester Siti" 2-ci diviziona göndərilsə..."
"Üzərimdə təzyiq hiss etmirəm" - Elmar Baxşıyev
"Araz-Naxçıvan"ın "Kəpəz" üzərində qələbəsindən - Video
Azər Bağırov “Kəpəz”in uduzmasından danışdı
Messinin yeni baş məşqçisi bəlli oldu
Misli Premyer Liqasında bombardirliyə belə yüksəldi - Video
"Araz-Naxçıvan" "Kəpəz"ə qalib gəldi
Türkiyə klubunun baş məşqçisi qətlə yetirildi
Kovaçiç 1 aylıq sıradan çıxdı
De Bleker “Sabah”ın futbolçuları ilə görüşdü - Şəkillər
"Kəpəz" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
Millətlər Liqasında pley-off mərhələsinin püşkü atıldı
Federasiya prezidentindən istefa
"İnter" Dumfrislə yeni müqavilə imzalayır
PSJ ''Park de Prens''i tərk edir
Renat Dadaşov 1 aylıq fasilədən sonra məşqlərə başladı
La Liqada mövsümün ən yaxşı futbolçusu seçildi
Nemanya Matiçdən "Qarabağ"la oyun ərəfəsi iddialı açıqlama
1-ci liqada oyunların vaxtı açıqlandı
"Real" keçmiş futbolçusunu geri qaytarmaq istəyir
"Şəmkirdə insanların futbola marağı yüksək səviyyədədir"
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
"Bavariya" kapitanını itirdi
Ronaldo Braziliya futboluna rəhbərlik etmək istəyir
"Barselona" Yamala 1 milyard avro qiymət qoydu