Kim istərdi ki, Türkiyə Milli komandası dünya çempionatına getməsin? Bəlkə istəyənlər də ola bilər bizim aramızda. Amma könül heç istəməzdi Türkiyə ən azından bu vurha-vurda bu günə düşsün. Dünya çempionatının qapısından girə bilməsin. Olanlar olub artıq və mən bütün bu olanlardan sonra unudulmaz yazar dostum Adil Qaçayoğlunu düşündüm. Elə hey onu düşündüm. Heç dəxli varmı görəsən? Bilmirəm? Güman ki, Adil Qaçayoğlunun sümükləri sızladı!!!!!!
Vallah, xatırladığım budur ki, 1962- ci ilin dünya çempionatından bu futbola baxıram və bir az da düşünsək ki, bir zamanların Lenin, indi isə Tofiq Bəhramov adını daşıyan stadionda diktor belə işləmişəm (Banişevski, Tuayev, Ələsgərov, indi olmasın Markarov tüğyan eləyən vaxtlarda) zaman-zaman həyəcanlandığım vaxtlar olub: məsələn, heç dəxli olmadan Pelenin bir zaman gözləri yaşlı, çiynində xalat meydançadan çıxdığını indi də xatırlayıram və mənə əzab verən o idi ki, o boyda futbolçu da artıq o futbolçu deyildi, zamanın ona gətirdiyi xətaların qabağında. Və bir çox dünya çempionatları da yadımda müxtəlif məqamlarıyla qalıb və bir çempionat da yadımda daha çox ona görə qalıb ki, dünyanın hansı komandasıylasa Polşa oynayırdı və bu da o zamanlar idi ki, mən Naxalstroy (Gecəqondu) deyilən bir səmtdə yaşayırdım, ilini dəqiq xatırlamıram, amma bir az sonra xatırlaram güman ki, (hə, xatırladım, 1982-ci il çempionatı idi) Polşa oynayırdı, bir neçə dostla bizdə futbola baxırdıq və onda eşitdim ki, bəs qızım Günel özünü Naxalstroyun zibilliyində (uşaq orda nə gəzirdi ki, mən futbola baxırdım, ay ana, sən bəs hara baxırdın?) yıxılıb əlini-ayağını yandırıb. Bütün dünya başıma dar oldu, o çempionat demək olar ki, qızım Günelin sağalması mübarizəsinə həsr olundu və şükürlər olsun ki, heç bir iz qalmadan sağalıb yekə qız oldu, Türkiyəyə getdi, orda orta məktəbi bitirdi, Ali təhsil aldı və Vətənə qayıtdı, ailə sahibi oldu.
Təbii, bu başlanğıc ona görədi ki, xatırladım: mən bilən Türkiyə kimi bir komanda o zamanlar dünya çempionatına getmirdi (və rəhmətlik Adil Qaçayoğlu sağ olsaydı soruşardım: Türkiyə ilk dəfə hansı dünya çempionatına qatılıb və indiki məqamda nədən ofsaytda qaldı, növbəti dünya çempionatı vaqiəsində?)
Mən heç bir şeyi şişirdən adam deyiləm və həqiqətən gözəl idman yazarı Adil Qaçayoğlu demişkən, Türkiyənin bu halı məni pis günə qoydu (bu yazını yazdığım günədək olan halı), amma bundan artığını da gözləmək qeyri-mümkündü, ona görə ki, Türkiyədəki o çəkişmələr var, o maddi maraq məsələsi var, o dünya düzəlməz, tarixən belədir və belə də olacaq. Harda tamah var, orda günah var,suç var demək. Xatırlayıram bir zamanlar Kosta-Rika ilə oyundan sonra Adil Qaçayoğluna dedim ki, əfəndim yaz: TÜRKİYƏ, BİZİ AĞLAR GÜNƏ QOYDUN...
Adil Qaçayoğlu indi sağ olsaydı deyərdim: YENƏ PİS GÜNƏ QALDIQ BƏY ƏFƏNDİM, YAZ...
Çünki Türkiyə Millisinin son oyunu bir çox şeyi həll edirdi. Amma hər şey də məhv olmamışdı hələ və ən böyük ümid isə o idi ki, Türklər daha yaxşı oynamalıydılar və işini davam etdirməliydi.Türkiyə növbəti etapa çıxmadı. Bu acı bir şey. Bunu da danmaq olmaz.
Yox, dostlar bütün bunlar bir yana. Böyük Allahın mənə bəxş elədiyi bu gün də (bu olur saatların irəli çəkildiyi günün sabahı) Danüzü mən futbol yazısı yazmıram. Amma yazanlara baxıram ki, adları bilsəm, elə mən də yazaram. Yalan nə deyim, bu adları yadda saxlaya bilmirəm və özü də Türkiyədə oyunçuların və ölkələrin adları bir cür yazılır, bizdə tamam ayrı cür və belə olduğu halda deyirik ki, bəs ortaq bir türk əlifbası yaradaq. Hardan gözəlim: biz Koreya deyirik, onlar Kore, biz polşalılar deyirik, onlar roland vəya lehlər, biz Yaponiya deyirik, onlar Yapon... və sairə...
Təbii bütün bunları yoluna qoymaq olar və amma təzədən Türkiyənin dünya çempionatına getməsini bir türlü yaratmaq mümkün deyil.
Əslində düşünürəm ki, bu elə böyük faciədə deyil mənim üçün. Ancaq Adil Qaçayoğlunu düşünəndə ətim ürpəşir.
İKİ ÇEMPİONAT ARASI
...Ötən çempionatda Adil Qaçayoğlu sağ idi. O zaman mənim ən çox elədiyim dualardan biri buydu ki, Allahım, bu çempioanat heç bitməsin, elə hey davam eləsin. Ona görə ki, mənim bu idman yazarı və gözəl qəzetçi dostum Adil Qaçayoğlu o zaman uzun müddət idi ki, işsizdi və onun bu halı məni həmişə ağrıdırdı bir dost kimi,əlimdən də bir şey gəlmirdi. Və iş elə gətirdi ki, dost, qardaş, gözəl yazar Hikmət Sabiroğlu AZADLIQ qəzetində işlədiyi üçün Adil Qaçayoğludan xahiş eləmişdi ki, belə deyək, bəs sən bizə hər gün bir yazı yaz və biz sənə zəhmət haqqı da verərik. Və düşündüm ki, demək Adil Qaçayoğlu ən azından hər gün yazmaq məsələsini öyrənəcəkdi. Bu çempianat boyu gündə bir yazı yazacaqdı və üstəlik də işsiz vaxtında bir az da qonarar ala biləcəkdi. Və həqiqətən idman yazarı Adil Qaçayoğlu eləməyib tənbəllik hər gün səliqəylə yazılarını yazdı və bütün oyunları güdürdü və şəkilli-məkilli "Azadlıq" qəzetinin bir səhifəsini doldururdu maraqlı və samballı yazları ilə və hətta yazılarının insani məqamlarıyla da diqqəti çəkirdi. Deməli o tənbəl Adil Qaçayoğlu bir ritmə girdisə işləyə bilirmiş və bu ritmi hələ davam etdirəcəkdi. Ona görə də düşünürdüm: nə ola, Allahım, bu çempionat heç bitməyə və beləcə davam edə...
Amma...
Bax, məsələnin də qəliz yeri elə bu AMMAdan başlayır. Nəydi BU qəliz yer? O zaman mən də "Xalq Cəbhəsi" qəzetinə yazılar yazırdım və hər həftənin ikinci gününü səbirsizliklə gözləyirdim və ikinci gün olan kimi gedirdim kioskaya, türklər demiş, qəzate bayisinə və bir "Xalq Cəbhəsi" qəzeti alırdım və işə gedə-gedə metroda başlayırdım oxumağa və bəzən də qəzeti başqaları da görsün deyə lap yavaş yavaş oxuyurdum, hətta şəklim də vardı, deyirdim şəklimi görüb məni tanıyarlar. Mən də bir az lovğalana bilərəm...
Bəli, ikinci günlər yazım çıxırdı, AMMA o dünya çempionatı başlanandan mənim yazım sıxışdırıldı başqa günə keçdi və bunu da mən o zaman bildim ki, canım-gözüm Qulu Ağsəs telefon açdı ki, bəs Tofiq müəllim qəzetimizdə bu futbol hadisələrini işıqlandırmaq üçün daha bir səhifə lazımdır, ona görə də sənin yazın sabah çap olunacaq, yəni üçüncü gün. Və tərs iş odur ki, qəzetin də çığmadığı günlər gəlib məhz elə ikinci günə rastlanırdı və çıxmadığı günlərin də futbol xəbərlərini əhatə eləmək üçün ikinci gün əlavə bir səhifəyə də ehtiyac duyulurdu.
Və beləliklə, dostlar mənim yazım qalırdı o biri günə və atalarımızın bir misalını da yada salanda, atalarımız demiş, BU GÜNÜN İŞİNİ SABAHA QOYMA bax, O ZAMAN MƏNİM CANIMI VƏLVƏLƏ ALIRDI və daha bir gün həyəcanla yaşayırdım və üstəgəl futbol həyəcanı, güman ki, canım bu həyəcanları daşıya bilməyəcək deyə düşünürəm ki, aman Allahım, bu çempinat nə zaman bitəcək.
Baxın, burda bir məqam var: köynək bədənə daha yaxındır məqamı. Bir dostumun işsizliyi məni heç maraqlandırmırdı belə məqamda indi düşünürsək. Mənim işim ola-ola düşünürdüm ki, bu çempionat bitsin və mənim yazım da sıraya girsin.
Nə eləmək olar, bu bir mübarizədir, bazar iqtisadiyatı mübarizəsidir ki, ağır-ağır buna da öyrəşməliyik, bunu da bacarmalıyıq, dost-qohum artıq bu bazar iqtisadiyyatının qurbanlarına çevrilir. Və elə buna görə də, işim əlimdən çıxmasın deyə hər səhər durub səliqəylə işə də gedirəm və bu futbol günlərində işə getmək bir o qədər problem yaratmasa da. Amma yaratdığı günlər də olur, hər zaman bu futbola harda baxmaq məsələsi ortaya çıxırdı və o zaman da çıxmışdı.
O zaman növbəti futbola baxmaq üçün bir tanışla getdik yaxınlığdakı bir kafeyə. Teatral restoranın qabağındakı bir zirzəmiyə və oturduq futbola baxaq. Başlanan kimi birisi yanaşdı pullarınızı verin və adam başına o vaxtın iki mini tərləyəndən sonra... (ah "canım Sovet Dövləti" deyib dərindən bir ah çəkdik, Sovet Adamı utanardı pul istəməyə). Sonra dostum dedi ki, bəlkə bir, iki qutab da yeyək və baxdım ki, bura heç ürəyimdən deyil, amma o inad etdi və mən də razı oldum və sonunda dostumdan iyirmi min istəyəndə, dostum bu haqsızlığa qarşı üsyan elədi, əsəbləşdi və adama dedi: SİZ ÇOX İNSAFSIZ MÜSƏLMANSIZ... Vallah belə də dedi: MÜSƏLMANSINIZ, ADAM YOX HA, MÜSƏLMANSINIZ və nə bilim nəsiz...
Atam balası, düşündüm, nə insafbazlıqdır, və rus kanalından qırıq-qırıq alınıb oğurluqla verilən bir reportaja baxmaq üçün İKİ MİN alınan bir yerdə nə insafbazlıq, qardaşım...
***
Və beləliklə, dostlar futol motivləri üstündə sıra dışı yazdığım bu ağrılı yazını yazdım...
Of, Allahım! 2010-cu ilə hələ nə qədər var. Ya qismət.
Elə bu yerdə bir başqa yazım yadıma düşür: HƏR AÇILAN SABAHA ŞÜKÜR, ALLAHIM!
Tofiq ABDİN
"Barselona" onunla razılaşdı
Özbəkistan millisi DÇ-2026-da!
"Yuventus"dan ayrıldı
Messi MLS-in ən yaxşısı seçildi
"Şamaxı"da ayrılıq
"İnter"in kapitanı azarkeşlərdən üzr istədi
PSJ Donnarummaya yeni müqavilə təklif etdi - Detallar
"Liverpul"dan "Barselona"ya rədd cavabı
A seriyası klubunda yeni baş məşqçi
Qvardiola: "Ançelottinin "Real"dan getməyinə görə xoşbəxtəm"
Arda Turanı o əvəzləyəcək
Əliyar Ağayev Rusiya millisinin oyununu idarə edəcək
"Arsenal"dan "Latiso"ya
Futzal üzrə Azərbaycan kubokunun qalibi müəyyənləşdi
"Milan"ın futbolçusu "Yuventus"da - Rəsmi
"Reyncers"in yeni baş məşqçisi müəyyənləşdi
Villianın müqaviləsi uzadılmadı
Millimiz Latviyaya yollandı
"Barselona" qapıçı transfer edir
Bu klub da Emrelini heyətində görmək istəyir
"Neftçi" yeni transferini rəsmən açıqladı
Polşalı məşqçi "Qarabağ"ın qapıçısından danışdı
Almaniya üzərində ilk qələbə haqda - "Zövq almalıyıq"