Rəşad Sadıqov: “Çempionluğa əsas namizəd “Simurq” və “Xəzər Lənkəran”dır"

Rəşad Sadıqov: “Çempionluğa əsas namizəd “Simurq” və “Xəzər Lənkəran”dır"
MÜSAHİBƏ 7 Oktyabr 2009 / 19:34 3324
-  A +

Milli komandamızın və “Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov Qol.Az-a verdiyi müsahibəsində zədəsi, komandasının çıxışı, milli komandamız, eləcə də cari ölkə çempionatının gedişi barədə danışıb.  

 

- İlk olaraq zədən barədə danışardın. Müalicən davam edir?
- Elə indicə həkimdən çıxıram. Durumum indi yaxşıdır. Həkimlərin dediyinə görə, artıq zədəm sağalıb. Əmələ gələn yırtığ da tam birləşib. Artıq sabahdan etibarən bərpaetmə prosesinə başlayacağam.
- Məşqlərə nə vaxtdan başlayacaqsan?
- Bərpaetmə prosesi təxminən 7-10 gün çəkəcək. Həkimlər deyirlər ki, bərpaetmə dövrü başa çatandan sonra, yəni təxminən 7-10 gündən sonra yüngül qaçışlara başlaya bilərəm.
- Bəs meydana qayıdışın nə vaxta planlaşdırılır?
- Bu haqda indidən nəsə demək çətindir. Meydana qayıdşım bərpaetmə prosesinin gedişindən asılıdır. Mən özüm də tələsmək istəmirəm. Çünki zədələr artıq məni yorub. Ona görə də tam sağaldıqdan sonra yenidən meydana qayıtmaq istəyirəm. İstəmirəm ki, yenə zədəylə qarşılaşım.
- “Qəbələ”ylə oyunda 6 həftəlik fasilədən sonra meydana qayıtsan da, yenidən zədələndin. Həmin görüşdə meydana çıxdığına görə sonradan peşman oldun?
- Əlbəttə, özü də çox peşman oldum. Kaş ki, həmin gün heç oynamazdım. Baş məşqçimiz də dedi ki, “tələsmə, bir qədər də gözlə”. Amma mən gözləmək istəmədim. Meydana çıxmağı çox istəyirdim. Milli komandaya son iki seçmə mərhələ oyununda kömək etməyi arzulayırdım. Buna görə də meydana tez qayıtdım. Amma çox təəssüf ki, nə klubuma kömək edə bildim, nə də milliyə.
- “Qəbələ”ylə oyunöncəsi həkimlər nə deyirdilər? Onlar meydana çıxmağına razı idilər?
- Əslində dedilər oynaya bilərsən. Artıq tam sağalmısan, heç bir problem yoxdur. Amma yenə də bir neçə gün də gözləməyi məsləhət gördülər. Lakin mən dedim yox, oynamalıyam. Axırda da bunun acısını çəkdim.
- “Qarabağ”ın cari mövsümdəki çıxışı səni qane edir?
- Məncə, mövsümə elə də pis başlamamışıq. Düzdür, son 3 oyundan yalnız birində qələbə qazanmışıq. Lakin bunun da subyektiv səbəbləri var. Millinin oyunlarıyla əlaqadər komandada yorğunluq yaranmışdı. Çünki “Qarabağ”ın əksər üzvləri millinin də şərəfini qoruyurlar. Ardıcıl olaraq 3 gündən bir komanda meydana çıxırdı. Bunun da nəticəsində uşaqlarda açıq-aşkar yorğunluq yaranmışdı. Bütün bunlar da komandanın iki oyunda qələbə qazana bilməməsinə gətirib çıxardı. Qurban müəllim “Qəbələ”ylə oyunda bir neçə aparıcı futbolçunu ehtiyatda saxladı və bunun da nəticəsində növbəti oyunda səfərdə “Bakı”ya qalib gəldik. Həmin oyun bizim üçün çox önəmliydi. Hətta qarşılaşmadan öncə də demişdim ki, bu görüşdə heç-heçə də bizim üçün yaxşı nəticə olacaq. Amma qalib gəlməyimiz lap əla oldu. Yalnız “Simurq”a məğlubiyyətə görə təəssüflənirəm. Fikrimcə, həmin oyunda heç olmasa bir xal qazana bilsəydik, super olardı.
- Komandanızın qarşısına hansı hədəf qoyulub?
- Rəhbərlik bu mövsüm “Qarabağ”ın qarşısına konkret hədəf qoymayıb ki, bu da bizim üçün üstünlükdür. Çünki belə halda oyunlara daha rahat çıxırıq. Gərginlik olmur. Komandamızın heyəti gənclərdən qurulub. “Qarabağ” əsasən gələcəyi düşünür. Həm də yayda transferə bəlkə də ən az bizim komanda pul xərclədi. Çünki bir daha deyirəm ki, “Qarabağ”ın rəhbərliyi ani uğuru yox, gələcəyi düşünür.
- Çempionatda artıq 5-6 tur oynanılıb. Konkret olaraq, hansı komandanı cari mövsümün favoriti qismində görürüsən?
- Mənim favoritim “Xəzər Lənkəran”dır. Belə hesab edirəm ki, cari mövsümdə hələlik elə ən yaxşı oyunu da “Xəzər Lənkəran” sərgiləyir. Bu komandanı çempionluğa əsas favorit sayıram. Amma digər tərəfdən də düşünürəm ki, çempionluq üçün “Simurq”un da şansı heç də pis deyil. Ən azından ona görə ki, Zaqatala komandası artıq favoritlərdən üçünü məğlub edib. Sensasiya baş verməsə, “altılığ”a elə favoritlər vəsiqə qazansalar, o zaman “Simurq” əsas mərhələyə böyük üstünlüklə başlayacaq.
- Səncə “Qarabağ”ın gücü hansı yeri tutmağa imkan verir?
- Məncə, biz ilk “üçlüy”ə düşsək və avrokuboklara vəsiqə qazansaq, bu, bizim üçün uğur hesab olunacaq.
- Çempionatın yeni formatı haqda nə deyə bilərsən?
- Mən hər zaman onun tərəfdarı olmuşam ki, komandalar mövsüm ərzində daha çox oyun keçirsinlər. İl ərzində 20-25 deyil, 30-35 matç olsa, daha yaxşı olar. Fikrimcə, bu sistem daha yaxşıdır. Həm komandalar sona qədər mübarizə aparacaqlar, həm də oyunların sayı kifayət qədər çox olacaq.
- Təxminən 9 aylıq fasilədən sonra yenidən Azərbaycan çempionatında forma geyirsən. Geridə qalan müddət ərzində çempionatın səviyyəsində artım hiss olunur?
- Şəxsi fikrim belədir ki, irəliləyiş var. Əvvəllər olduğu kimi daha aşkar autsayderlər yoxdur. Heç bir komanda asanca təslim olmur. Bütün komandalar meydanda bütün güclərini, bacarıqlarını qoyaraq, qələbə qazanmağa çalışırlar.
- Türkiyə çempionatında da çıxış etmisən. Necə hesab edirsən, futbolumuzun Türkiyə səviyyəsinə çatması üçün təxminən nə qədər vaxt lazımdır?
- Konkret vaxt deyə bilmərəm. Amma bu tempdə davam etsək, daha çox işlər görülsə, hardasa 3-4 ildən sonra çempionatımızın səviyyəsi Türkiyə Superliqasının səviyyəsinə çata bilər.
- Bir qədər də millidən danışaq. Nəhayət Lixtenşteynlə oyunda cari seçmə mərhələdə ilk qələbəni qazana biləcəyik?
- Buna inanıram. Ümid edirəm ki, nəhayət bu oyunda milli azarkeşləri sevindirəcək. Amma Lixtenşteynlə oyunun zəif keçəcəyini düşünənlər yanılırlar. Qarşılaşma gərgin keçəcək. Qələbə qazanmaq da mümkündür.
- Səndən başqa Samir Abbasovla Saşa Yunisoğlu da qarşıdakı oyunda milliyə kömək edə bilməyəcəklər. Necə düşünürsən, sizin yoxluğunuz komanda üçün ciddi itkidir?
- Nə deyim vallah? Əgər əsas heyətin eyni vaxtda 3 üzvü oynamayacaqsa, bu, komandaya problem yarada bilər. Amma inanıram ki, uşaqlar bizim yoxluğumuzu unutduracaqlar.
- Fikrincə, sənin mövqeyində hansı futbolçu komandaya daha çox xeyir verə bilər?
- Yəqin ki, baş məşqçi müdafiənin mərkəzində Vladimir Levinlə Ruslan Abışovu sınayacaq. İnanıram ki, onlar gözəl çıxış edəcəklər. Həm də son oyunlarda forma geyiblər. Artıq müəyyən qədər təcrübə də toplayıblar. Lakin həmin mövqedə Tural Nərimanovu da sınamaq olardı. Amma deyəsən, ona dəvət göndərməyiblər.
- Rəşad, “Qarabağ”la 1 illik müqavilən olsa da, bilirik ki, bu, centlmensayağı razılaşmadır və təklif olacağı halda komandadan gedə bilərsən. Yenidən Türkiyəyə qayıtmağı planlaşdırırsan?
- Gəlin, tələsməyək. Əvvəldən nəsə deyə bilmərəm. Həm də indiki halda bütün fikirlərimi “Qarabağ”a yönəltmişəm. İstəyirəm bu komandaya faydam dəysin. Sonrasına baxarıq. 
 

Daha çox


Son xəbərlər