“Çixura”nın kapitanı: “Bu dəfə hücum futbolu oynayacağıq”

“Çixura”nın kapitanı: “Bu dəfə hücum futbolu oynayacağıq”
XƏBƏR 6 Avqust 2014 / 17:03 2647
-  A +

Avroliqanın III təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan Gürcüstanın “Çixura” klubunun kapitanı David Obikadzenin müsahibəsini təqdim edirik

- “Neftçi” ilə oyuna hazırlıqlar necə gedir?

- Hər şey yaxşıdır. Yüksək əhval-ruhiyyədə cavab oyununa hazırlaşırıq. “Neftçi”nin düşərgəsində vəziyyət necədi?

- Onların da durumu yaxşıdı. Qarşıdakı görüş barədə nə düşünürsən?

- Çətin oyun olacaq. Hər iki komanda demək olar ki eyni gücdədir. Bakıdakı oyunda da heç bir tərəf üstünlük qazana bilmədi.

- Şansları necə dəyərləndirirsən?

- Məncə, 50/50-yədir. Həm biz, həm də “Neftçi” növbəti mərhələyə yüksələ bilər.

- Bakıda ilk oyunda “Çixura” yalnız qapısının toxunulmazlığını düşünürdü. Cavab oyununda da müdafiə futboluna üstünlük verəcəksiniz?

- Yox. Bu dəfə evdə çıxış edirik. Ona görə də hücum futbolu oynayacağıq.

- Bu, sənin şəxsi fikrindir, yoxsa keçdiyiniz məşqlərə əsasən belə düşünürsən?

- Mən belə düşünürəm. Məşqlərimiz həmişəki kimi keçir. Baş məşqçimiz isə hansı taktika ilə oynayacağımızı hələ deməyib. Amma düşünürəm ki, evdə oynayacağımızdan hücuma daha çox diqqət ayıracağıq.

- Amma “Bursaspor”la səfər oyununda olduğu kimi, evdə də müdafiə futbolu oynadınız...

- “Bursaspor” çox güclü komandadır.

- Bəs “Neftçi”?

- “Neftçi” və “Çixura” demək olar ki, eynisəviyyəli komandalardı. Bir qədər “Neftçi” daha güclüdür.

- Deməli, “Neftçi”ni “Çixura”dan güclü hesab edirsən?

- Əlbəttə. “Neftçi” bizdən güclüdür. Lakin bu o demək deyil ki, biz asanlıqla təslim olacağıq. Əlimizdən gələni edəcəyik ki mərhələ adlayaq. 
- Nəyə əsasən “Neftçi”ni “Çixura”dan güclü hesab edirsən?

- Onların heyətində çoxlu sayda təcrübəli futbolçu var. Bizim komandanın əsasını isə gənclər təşkil edir. Eləcə də “Neftçi”nin büdcəsi bizimlə müqayisə olunmayacaq dərəcədə böyükdür. Lakin yenə deyirəm ki, bütün bunlar bizi qorxutmur. Meydanda sona qədər vuruşacağıq.

- “Bursaspor”un büdcəsi “Neftçi”nin büdcəsindən daha çoxdur. Futbolçuları da “Neftçi”dəkilərdən daha təcrübəlidir. Amma siz onları mübarizədən kənarlaşdıra bildiniz...

- “Bursaspor”a qarşı biz sona kimi meydanda mübarizə apardıq. Həm də bizim qələbə istəyimiz rəqibinkindən daha çox idi. Azarkeşlərimiz də bizə həmin oyunda xeyli dəstək oldular. Məncə, “Neftçi” ilə oyunda da tribunalar tam dolacaq.

- Azarkeşlərdən söz düşmüşkən. Yəqin Bakıda baş verənlərdən xəbərin var. Azarkeşlər arasındakı insident meydandakı futbolçulara, oyuna təsir göstərə bilər?

- Əvvəla onu deyim ki, Bakıdakı oyunda tribunada təkcə bizim fanatlarımız yox, həm də ailələrimiz, yaxınlarımız var idi. Bu məqam da bizə təsir göstərirdi. Lakin Tbilisidə heç bir problem olmayacağına inanıram. Rəhbərliyimiz bunun üçün əlindən gələni edir.

- Gürcü azarkeşlərin Bakıda açdıqları xəritədən, orada iki Azərbaycan rayonunun Gürcüstan ərazisi kimi göstərilməsindən xəbərsizsən?

- İki il “İnter”də oynamışam, Bakıda mənim xeyli dostum, qardaşım var. Azərbaycan mənim ikinci vətənimdi. Lakin buna baxmayaraq, tribunadakılar məni də söyürdülər. Futbolda belə hallar olur.

- Söymək yaxşı deyil. Bunu bilirəm. Onu da bilirəm ki, Tbilisidə sizin fanatlar da “Neftçi”nin futbolçularını söyəcəklər. Hər nə qədər biz buna qarşı olsaq da, dünyanın hər yerində azarkeşlər rəqibi söyürlər. Amma demək olar ki, heç bir yerdə azarkeş rəqib meydanında olduğu ölkəni təhqir etmir. Onda sualı belə qoyum. Tutaq ki, Tbilisidəki oyunda Azərbaycandan gələn azarkeşlər xəritə açırlar və həmin xəritədə Tbilisi, Bolnisi Azərbaycan ərazisi kimi göstərilir. Bu, sizin xoşunuza gələcək?

- Əlbəttə ki yox. Sözün açığı, mən azarkeşlər arasında baş verənlərdən xəbərsizəm. Əgər, orada Azərbaycana qarşı nəsə olubsa, mən həm öz, həm də komandamın adından xalqınızdan üzr istəyirəm.

- Oyundan sonra baş məşqçiniz də üzrxahlıq etmişdi...

- Yenə deyirəm, Azərbaycan mənim ikinci vətənimdir. Azərbaycanda sabiq klubum “İnter”ə azarkeşlik edirəm. Amma “Neftçi” digər kollektivlərlə oynayanda, onların tərəfini tuturam. Ümumiyyətlə, Azərbaycan futboluna azarkeşlik edirəm. Arzu edirəm ki, “Çixura” - “Neftçi” oyununda güclü qalib gəlsin.

Mənbə: Futbolxeber.az

Son xəbərlər
topaz banner