"Qarabağ” çox güclü komanda ilə qarşılaşmayacaq və qrupa düşəcək"

"Qarabağ” çox güclü komanda ilə qarşılaşmayacaq və qrupa düşəcək"
XƏBƏR 15 İyul 2014 / 18:57 6756
-  A +

Bu gün Ağdamın "Qarabağ” klubu tarixində ilk dəfə Çempionlar Liqasında mübarizəyə başlayır. İkiqat Azərbaycan çempionu II təsnifat mərhələsindəki rəqibi "Valletta”nın Maltada qonağı olacaq. Bununla bağlı Sportnet.az saytı əslən Ağdam rayonundan olan tanınmış simaların fikirlərini öyrənib.

Aqil Abbas (Millət vəkili): "Qarabağ bizim ürəyimizdir. Təəssüf ki, hazırda vətəndən kənardayam. Ağdam klubunun nəinki ev, hətta bir sıra səfər qarşılaşmasını da tribunadan izləmişəm. Bu axşamkı oyuna gəlincə, komandamızın qalib gələcəyinə zərrə qədər şübhə etmirəm. Həmişə olduğu kimi, bu dəfə də "Qarabağ”ın Malta çempionu ilə Bakıda baş tutacaq təkrar oyununu tribunadan izləyəcəyəm”.

Rəşad Məcid ("525-ci qəzet”in baş redaktoru): "2009-cu ildə Avroliqa oyunlarında fikrimi demişdim. O vaxtlar Norveçin "Rozenburq” klubu ilə səfərdə heç-heçə olmuşdu. Bakıda keçirilən təkrar qarşılaşma Ağdamın işğal gününə təsadüf etmişdi. Bütün azarkeşləri dəvət etmişdim ki, "Qarabağ”ı dəstəkləyək. Coşqu olsun, futbolçularımızı dəstəkləyək ki, Ağdamın işğal günündə "Qarabağ”ın qələbəsi vacibdir. Elə oldu ki, istər həmin vaxt, istərsə də sonrakı illərdə "Qarabağ” Avroliqa oyunlarında həmişə yaxşı nəticələr göstərdi. Komandamız hər dəfə mərhələyə adlayanda, hər yeni ölkənin klubu ilə oynayanda Ağdamın "Qarabağ” komandası olması beyinlərdə, düşüncələrdə Qarabağ, Ağdam adının hallanmasına səbəb olur, onun ermənilər tərəfindən işğal olunmasını yada salırdı. Bu mənada "Qarabağ” bəlkə də milyonlarla təbliğatdan artıq işğal altında olan şəhərimizi, bölgəmizi insanlara tanıdırdı. Bir neçə dəfə də "Qarabağ” komandasının oyunu barədə yazmışam, bu dəfə "Qarabağ” daha nüfuzlu yarışda - Çempionlar Liqasında oynayacaq. Hesab edirəm ki, bu axşamkı oyunda da qalib gələcək. Hətta ürəyimdə belə bir əminlik var ki, bu il əvvəlki illərdən fərqli olaraq, "Qarabağ”ın bəxti gətirəcək, çox güclü komanda ilə qarşılaşmayacaq və qrup mərhələsinə də gedib çıxa biləcək. Mənim intuisiyam, alt şüurum, belə deyir və hesab edirəm ki, "Qarabağ” bunu əldə etsə, çox böyük hadisə olacaq. Ermənilərin iç üzünün açılmasında, torpaqlarımızı işğal edən düşmənlərin təbliğatının sarsılmasında və Qarabağ, Ağdam adının bütün Avropada yayılmasında o komandada oynayan futbolçularımızın böyük xidməti olacaq. Ona görə də bugünkü oyunda "Qarabağ”a uğurlar arzulayıram və "Qarabağ”ı dəstəkləmək üçün növbəti - Bakıdakı oyuna bütün azarkeşləri dəvət edirəm. Bakıda olan əksər oyunlara bizim qəzetin kollektivi, dostlarla birlikdə gedirəm. Hətta dediyim 2009-cu ildəki oyunda nəinki dostlarımı, jurnalist həmkarlarımı, ictimaiyyət nümayəndələrini, hətta yadımdadır ki, Mətbuat Şurasının sədri Əflatun Amaşovu da dəvət etmişdim. Bu dəfə də, əlbəttə, oyunu izləməyə gedəcəyəm. Mən çox sevinirəm ki, "Qarabağ”ımızın oyunlarına xanımlar, xanım jurnalistlər gedir və dəstəkləyirlər”.

Röya Ayxan (Müğənni): "Özüm ağdamlı olsam da, Azərbaycan klubları arasında fərq qoymaq istəməzdim. Bütün klublarımız Avropada ölkəmizi təmsil edirlər, o cümlədən "Qarabağ”. Rəqibinin kimliyindən asılı olmayaraq, "Qarabağ”a uğurlar arzulayır və azarkeşləri Bakıda keçiriləcək cavab oyununda komandaya dəstək verməyə çağırıram.

Vüsalə Məmmədova (Lent.az-ın əməkdaşı): "Proqnoz vermək mənim kimi tamaşaçı üçün çətindir. Çünki futbol biliciləri və azarkeşlik edən insanların proqnozu daha doğru olur. Biz yalnız ümid edir, ümidlə baxırıq ki, komandamız mərhələni keçə biləcək, udacaq, çempion olacaq. Mən ümid edənlərdənəm. Amma ətrafımdakı dostlarım, jurnalistlər, Lent.az-ın bütün kollektivi proqnoz verirlər. Burada keçirilən oyunlara mən imkan daxilində gedirəm. Həm də məmnuniyyətlə gedirəm. Matça gedib azarkeşlik etmək vicdan işidir, çağırışla olmur, ürəyinin orada döyünməsini istəyirsənsə, gedirsən ki, orada döyünsün, istəyirsən evində döyünsün, oturursan evində. Kimdənsə hesab soruşursan, "facebook”dan izləyirsən və s. Məncə, "komanda niyə udmur?”, "uğursuzdur” deyincə, sən də öz həyəcanını ötürmək üçün gedib stadionda yanında olmalısan. Sabah onlardan uğur tələb edə bilmək üçün stadionda yanlarında olmalısan. Onlarla olmalısan ki, uğurları da olanda onlara qoşulub sevinmək haqqın olsun. Yoxsa 2 gün əvvəlki kimi Almaniyanın sevincinə sevinmək kimi bir şey olacaq: Bizə dəxli olmayan bir sevincdən xoşbəxt olacaq”.

Tacir Şahmalıoğlu (Müğənni): "Mən "Qarabağ” klubunun azarkeşiyəm. Özüm də ağdamlı olduğumdan, bu komandaya rəğbətim böyükdür. Əfsuslar olsun ki, hazırda Bakıdan kənarda çəkilişdəyəm. "Qarabağ” a yalnız uğurlar arzulayıram. Çətin oyun olacaq. İzləyə bilməyəcəyimdən, heyfslənirəm. Əlbəttə, cavab oyununu izləmək üçün stadiona gedəcəyəm. Ümumiyyətlə, səfər oyunlarına olmasa da, ölkəmizdə keçirilən matçları izləməyə gedirəm. Azarkeşlərə müraciətim o ola bilər ki, getsinlər və "Qarabağ”ı dəstəkləsinlər.

Rey Kərimoğlu (Qarabağ döyüşləri veteranı): "Arzu edərdik ki, "Qarabağ” klubu "Barselona”, "Valensiya”, "Real Madrid”lə oynasın, biz də ürəkaçıqlığı, könül xoşluğu ilə o oyunlarla bağlı təəssüratlarımızı danışaq. Mən 1988-ci ildən "Qarabağ”ın azarkeşiyəm. Boş vaxtlarımda SSRİ çempionatının 2-ci dəstəsinin 9-cu zonasında mübarizə aparan klubun bütün ev oyunlarını izləyirdim. Azarkeşlər matça baxmaq üçün Gürcüstana, Rusiyaya və digər ölkələrə gedirdilər. Ümidvaram ki, "Qarabağ” həmişəki kimi azarkeşlərini sevindirəcək, oyunun nəticələrinə görə müsbət nəticə əldə edəcək və bu mərhələni uğurla keçəcək. Mən stadiona gedəndə "Qarabağ”a düşmür, həmişə uduzur. Ona görə də çox güman ki, getməyəcəyəm. Amma bütün tərəfdaşları, dostlarımı Bakıda keçiriləcək cavab görüşünü izləməyə çağırıram”.

Mənsum İbrahimov (Azərbaycanın xalq artisti, xanəndə): "Əlbəttə, "Qarabağ”a ancaq qələbə yaraşır. Hesab edirəm ki, nəinki "Qarabağ”a, bu gün bütün Azərbaycana, xalqımıza qələbə lazımdır. Bu, həm də siyasi məsələdir. "Qarabağ”a xüsusi olaraq qələbə lazımdır, çünki o komanda Qarabağımızın adını daşıyır. Mən inanıram ki, "Qarabağ” çox güclü komandadır və təbii ki, ölkəmizin adına layiq oyun nümayiş etdirəcək. Onlardan ancaq qələbə gözləyirəm, mərhələni keçə biləcəklərinə inanıram. Səfərlərim, tədbirlərimlə bağlı stadiona getmək imkanım olmur, amma imkanım olan qədər çalışıram ki, izləyim. Arzu edirəm ki, bütün xalqımız "Qarabağ”ı dəstəkləsin, çünki Qarabağın adını daşıyır, o Qarabağ ki bu gün işğal altındadır. Ona görə də "Qarabağ”a qələbə lazımdır. Hər kəs - hər bir azərbaycanlı bu komandanı dəstəkləməlidir”.

Mənbə: sportnet.az

Daha çox


Son xəbərlər
28.09.24  12:57

"Milan"da qalır