“Qəbələ”nin “Şiroki Brieyq”ə iki qol vuracağı inandırıcı deyil”

“Qəbələ”nin “Şiroki Brieyq”ə iki qol vuracağı inandırıcı deyil”
ÖLKƏ FUTBOLU 7 İyul 2014 / 18:35 3323
-  A +

“Qəbələdə gözəl ab-hava var idi. Hər şey ona dəlalət edirdi ki, “Qəbələ” öz meydanında gözəl oyun nümayiş etdirsin, rəqibi təzyiq altında saxlasın və qalib gəlsin. Əfsuslar olsun ki, “Qəbələ” gözlədiyimiz oyunu nümayiş etdirmədi”.

Qol.Az saytına açıqlamasında bu sözləri “Turan” klubunun sabiq baş məşqçisi, veteran futbolçu Əfqan Talıbov klublarımızın Avropa Liqasındakı çıxışını dəyərləndirərkən deyib.

“Qəbələ”nin Avroliqanın ilk təsnifat mərhələsinin “Şiroki Brieyq”lə birinci oyunu hada danışan təcrübəli mütəxəssis  təmsilçimizi baxımsız oyun göstərməkdə ittiham edib:  “Bu gün futbol onu tələb edir ki, sürətli, aqressiv və pressinqli oynayasan. “Şiroki Bieyq” gördü ki, “Qəbələ” pressinq etmir, sürətli hücumlar yoxdur. Ona görə də ikinci hissədə rəqib fərqli oyun nümayiş etdirdi və qollarını vuraraq qalib gəldi. “Qəbələ”nin 0:2 hesablı məğlubiyyəti çox pis nəticə oldu. Komandamızın cavab matçında iki qol vurmağı inandırıcı deyil. Bunu ilk oyuna əsasən deyirəm. Elə oyunlar var ki, düşünürsən ki, məğlub olan komanda ikinci dəfə bu rəqibinə qalib gələ bilər. Ancaq “Qəbələ”  ilk görüşdə heç nə ilə yadda qalmadı. Rəqib üçün heç bir təhlükə yarada bilmədi.

Ə. Talıbov “Qəbələ”nin zəif  çıxışında əsas rol oynayan amillərə də toxunub: “Baş məşqçinin öz oyun sistemini komandaya başa salması üçün müəyyən vaxt tələb olunur. Komandanı 1-2 futbolçu tərk edəndə bu, mütləq oyuna təsir edir. “Qəbələ”də isə Subotiç, Ebesilio və Niasse kimi aparıcı futbolçular artıq yoxdur. Syomin komandada xətlərarası əlaqəni yenicə qurmuşdu. İndi o əlaqələr yenidən qırıldı. Həm də “Qəbələ” sanki rəqibindən çəkinirdi. Əslində komandamız çox sərbəst olmalı idi. Çünki bu, onların  ilk Avroliqa oyunları idi, klubun prezidenti və fəxri-prezidenti oyunu izləyirdi. Futbolçular özlərini göstərmək üçün yaxşı şans qazanmışdı. Təəssüf ki, “Qəbələ” inamsız oynadı. Baş məşqçi Muntyanu deyirdi ki, oyuna hazırlaşmaq üçün vaxtları var. Bəs, nə oldu? Axı vaxt bəs etmədi”.

“İnter” – “Tiraspol” oyunu isə maraqlı olacaq. Çünki komandamız səfər oyununda böyük hesabla qalib gəldiyi məqamda öz qapısından iki top buraxdı. İlk görüşün 3:2 hesabı ilə “İnter”in xeyrinə başa çatması cavab matçına marağı xeyli artırıb. İndi “İnter” çox ehtiyatlı olmalıdır.

“Neftçi”nin rəqibi olacaq “Koper”in “Çelik”lə oyununu da izlədim. Onu deyə bilərəm ki, “Neftçi” üçün çətin olacaq. Çünki “Koper”in oyununda futbola aid olan hər şey var. Düşünülmüş şəkildə hücumlar etdilər, fərdi ustalıqları yüksək səviyyədə olan oyunçuları var. Demək olar ki, “Neftçi” ilə bərabər səviyyədə oynayacaqlar. Rəqib meydançasında 5:0 hesablı qələbə qazanması “Koper”in gücündən xəbər verir.

Ən maraqlı oyun “Valletta” ilə “Qarabağ” arasında olacaq. “Qarabağ”ın braziliyalı futbolçularının fərdi ustalıqlarının şahidi olacağıq. “Valletta” Matla millisinin özəyini təşkil edir. Fiziki cəhətdən qüvvətli, əks hücumda yaxşı oynayan komandadır. Malta millisi kimi müdafiədən hücuma yaxşı çıxırlar. Çünki fiziki cəhətdən güclü futbolçuları çoxdur.

Təbii ki, indi əsas maraq dünya çempionatınadır. Arzu edək ki, klublarımız Avropa Liqasında elə oynasınlar ki, yaxşı nəticələr qazanıb, marağı öz üzərlərinə çəksinlər”.     

Daha çox


Son xəbərlər
15.12.25  10:51

Zubirin yubiley oyunu