"İnter"in yeni transferi: "Anji"də Roberto Karlosu əvəzləmişdim"

"İnter"in yeni transferi: "Anji"də Roberto Karlosu əvəzləmişdim"
XƏBƏR 18 İyun 2014 / 17:51 2995
-  A +

“İnter”in yeni transferlərindən olan Məhəmməd Mirzəbəyov klubun rəsmi saytına müsahibə verib. Gənc müdafiəçi müsahibəsində "İnter"ə keçidindən, uyğunlaşma prosesindən danışıb və digər suallara cavab verib.
 
- Artıq üç həftədir “İnter”in düşərgəsindəsən. Yeni komandan barədə fikirlərini bölüşərdin...
 
- Emosiyalar çox müsbətdir. Komandanın belə mehriban olması xoşuma gəldi. Səmimi deyirəm ki, müxtəlif millət və mədəniyyət nümayəndələrinin belə möhkəm kollektiv yaratmalarını gözləmirdim. Komandaya asanlıqla qaynayıb qarışdım. Kollektivə uyğunlaşma prosesi hər hansı bir problem yaratmadı.
 
- Bəs “İnter”ə keçmək barədə təklifi necə qarşıladın?
 
- Təklifi çox yaxşı qarşıladım, axı “İnter” neçə illərdir avrokuboklarda oynayır və yalnız yüksək yerlər uğrunda mübarizə aparır. Mən müsbət cavab verdim. Etiraf edim ki, klub haqqında, onun baş məşqçisi Kaxaber Sxadadze barədə digər futbolçulardan maraqlandım və hamısı müsbət fikirlər söylədilər. Mənə çox xoşdur ki, belə ambisiyalı komanda mənimlə maraqlandı.
 
- “Sumqayıt”da çıxış etməzdən öncə “Anji” klubunda oynayırdın. Karyeranın bu mərhələsi barədə nə deyərdin?
 
- Mən “Anji”nin əsas heyətində ancaq bir dəfə meydana çıxmışam və bu hadisə Rusiya kubokunun oyunlarından birində olmuşdu və həmin matçda Roberto Karlosu əvəz etmişdim. Bundan başqa, Rusiya çempionatının 7 matçında sifariş vərəqəsinə düşmüşdüm, ancaq ehtiyat skamyasında qalmışdım. Buna baxmayaraq kluba çox minnətdaram və xüsusilə də Hacı Hacıyevə təşəkkür edirəm. Etiraf edim ki, əvvəllər cinah yarımmüdafiəçi mövqeyində oynayırdım, ancaq cinah müdafiəsində çıxış etməmişəm. Hacı Hacıyev məni bu mövqedə gördü və məni məhz bu yerə görə əsas heyətə cəlb edirdi.
 
- Maraqlıdır, bəs “Sumqayıt”ın funksionerləri səni necə tapdılar və Azərbaycana necə gəldin?
 
- “Anji”nin əvəzedici heyətinin tərkibində “Amkar” klubunun ehtiyat komandasına qarşı oyunda iştirak edirdim. Bu qarşılaşmanı “Sumqayıt”ın prezidenti Kamran Quliyev və komandanın o dövrdəki baş məşqçisi Bernhard Raab da izləyirdilər. Yeri gəlmişkən, həmin matçda hücumçu mövqeyində çıxış edirdim. Bir sözlə, həmin oyunda mənə diqqət yetirdilər. Xatırlayıram ki, daha bir oyunçu da onların xoşuna gəlmişdi. Artıq növbəti il icarə əsasında “Sumqayıt”a gəldim. Etiraf edim ki, sumqayıtlıların heyətində meydana çıxdığım ilk matçda əsas və əvəzedici komandalardakı oyunlar arasında böyük fərqin olduğunu hiss etdim. O zaman əvəzedici komandada matçlar əsas heyətə aparan yolda yalnız öz rolunu oynayan uşaq-gənclər səviyyəsindəki qarşılaşmalar kimi görünürdü. O zaman mənə məhz bu lazım idi. Bilirsiniz, mən hesab edirəm ki, hər bir gənc futbolçunun öz şansını almaq haqqı var. Təəssüf ki, “Anji”də bunu görmədim. O vaxt mənə böyük futbola, böyük sürətə və kişi mübarizəsinə keçid lazım idi. Amma təəssüf ki, mənə oyun praktikası imkanını vermədilər. Onu məhz “Sumqayıt”da aldım.
 
- Bəs necə oldu ki, səni hücumçu kimi nəzərdən keçirdilər, sonra sağ kənar müdafiəçi mövqeyində oynamağa başladın?
 
- Öncə məhz kənar hücumçu və ya yarımmüdafiəçi mövqelərində oynadım və hətta müdafiəçi olmağı düşünmürdüm. Ancaq komandamızda bu mövqedə oynayan bir çox yaxşı futbolçular vardı. Ruslan Qurbanov, Orxan Əliyev və Uğur Pamuk özlərini yaxşı tərəfdən göstərirdilər və matçların çox hissəsini ehtiyatda keçirməli olurdum. Bir qədər sonra sağ müdafiəçimiz zədə aldı və onun mövqeyi mənə etibar olundu. Baş məşqçi mənə dedi ki, mənə şans verəcək və bu mövqedə “Kəpəz”ə qarşı oyunda meydana çıxdım. Həmin oyun 0:0 hesabıyla başa çatdı, oyunum Bernhard Raabın xoşuna gəldi və artıq növbəti oyunda yenidən sağ müdafiəçi mövqeyində mübarizəyə qatıldım. Səmimi deyim ki, yenidən əsas heyətdə görünəcəyimi gözləmirdim. O vaxtdan sistematik olaraq sağ cinah müdafiəsinin oyunçusu rolunda oynamağa başladım.
 
- “İnter”də əsas heyətə düşmək uğrunda sərt rəqabət var, eyni zamanda sənin mövqeyinə bir neçə namizəd var. Özünü əsas heyətə düşmək uğrunda mübarizəyə hazır hiss edirsən?
 
- Bəli, burada sağ müdafiəçi mövqeyində yaxşı oyun nümayiş etdirən təcrübəli Arif Daşdəmirov və perspektivli Abbas Hüseynov da var. Anlayıram ki, əsas heyətə düşmək uğrunda mübarizə olacaq, ancaq hər şeyi baş məşqçi həll edir və məhz o, start heyətini müəyyənləşdirir. Özümü göstərməyə çalışacağam və baş məşqçinin diqqətini çəkməyə cəhd göstərəcəyəm. Məndən tələb edilənləri yerinə yetirməyə çalışacağam. Rəqabət hər yerdə var və böyük faydaları əhatə edir, axı əsas heyətə düşmək üçün həmişə səni yaxşı səviyyədə qalmağa məcbur edir. Biz əsas heyətdə sözdə rəqiblərik, axı hamımız klubun rifahı uğrunda çalışırıq. Arif Daşdəmirov artıq neçə ildir “İnter”də çıxış edir. O, artıq ilk günlərdən mənə kömək edir və məsləhət verir.
 
- Yeri gəlmişkən, Avstriyada keçən toplanışda Arif Daşdəmirovla eyni otaqda qalırsınız. Çox güman bu da sənin “İnter”dəki karyeranın ilk mərhələsində uyğunlaşmaq baxımından daha bir üstünlükdür.
 
- Bəli, qeyd etdiyim kimi, Arif mənə çox kömək edir. Türkiyədəki toplanışın ilk günlərində o, mənə uyğunlaşmağa kömək etdi. Təkcə mənə yox, Abbas Hüseynova da kömək edirdi. Həqiqi əməkdaşlıq da məhz bundadır. Arif artıq uzun müddətdir Azərbaycan çempionatında iştirak edir və onun təcrübəsi gənc oyunçular üçün çox faydalıdır.
 
- Artıq Avstriyada ikinci toplanış gedir. Komanda kifayət qədər insensiv rejimdə məşq edir. Belə yükləmələrin öhdəsindən gələ bilirsiniz?
 
- Zaman keçdikcə buna öyrəşirsən. Məşqçi konkret tapşırıqların yerinə yetirilməsini tələb edir və sən də həmin tapşırıqların öhdəsindən var gücünlə gəlməyə çalışırsan. Onun sözləri ilk növbədə bizim üçün vacibdir. Bütün oyunçular güclənməli və bu inkişafa yalnız öz üzərində işləmək kömək edə bilər.
 
- Səni ilk dəfə olaraq avrokuboklarda iştirak gözləyir. “İnter”dən Avropa Liqasında nə gözləmək olar?

- Komandanın daha çox mərhələ keçməsini istəyirəm və biz bunun üçün lazım olanları etməliyik. Hazırda Avropa Liqasına hazırlıq gedir və bütün uşaqlar zəruri konsentrasiyayla çalışırlar. Qarşımızda konkret məqsəd dayanır və biz həmin məqsədə çatmalıyıq. İnşallah, daha uğurla çıxış edərik.

Daha çox


Son xəbərlər