“Qarabağ”ın icraçı direktoru Əmrah Çəlikəl sabah Avropa Liqasının pley-off mərhələsinin təkrar qarşılaşması çərçivəsində keçiriləcək “Qarabağ” - “Tvente” matçı ilə bağlı Qol.Az saytına müsahibə verib
- Əmrah bəy, “Tvente” ilə oyun öncəsi düşərgədə vəziyyət necədir?
- Hər şey yaxşıdır. Uşaqların əhval-ruhiyyəsi də yerindədir. Cabahkı qarşılaşmadan uğurlu nəticə ilə ayrılacağımıza inanırıq. “Qarabağ”ın Azərbaycan futbolunda tarix yazmasını gözləyirəm. Üzərimizə düşən məsuliyyəti gözəl başa düşürük. Qarşılaşmanın ciddiyətini də hər kəs anlayır. Bir sözlə, mübarizəyə hazırıq.
- Sizcə, tarix yazmaq mümkün olacaq?
- Ən azından buna inam var. Əgər biz, Hollandiyadakı matçın 8-ci dəqiqəsində “Tvente”nin qapısından qol keçirməyi bacarmışıqsa, deməli, Bakıda mərhələ keçməyə də gücümüz çatar.
- Beş həftəlik sıradan çıxdığı deyilən Rəşad Sadıqov artıq məşqlərə başlayıb. Onun sabahkı qarşılaşmada meydana çıxmaq şansı var?
- Rəşadın özünə qalsa, oynamaq istəyir. Lakin həkimlər icazə vermirlər. Çünki zədə tam sağalmayıb.
- “Qarabağ” ilk növbədə nəyin hesabına “Tvente” səddini keçib qrup mərhələsinə vəsiqə qazana bilər?
- İstək və əzmkarlığın hesabına. Bunlar olarsa, o zaman mərhələni də keçə biləcəyik.
- Yəqin ki, azarkeş amili də burada həlledici ola bilər?
- Əlbəttə, bu, danılmaz faktır ki, komandanın uğur qazanmasında azarkeş amili əhəmiyyətli rol oynayır. Amma açığı, “Bakı”-“Bazel” matçında tribunalara 10 min azarkeşin toplaşması məni bu məsələdə qətiyyətlə danışmaqdan çəkindirir. Düzdür, “Bakı” klubuna böyük hörmətim var və Allahdan dua edirəm ki, onlar da İsveçrədən uğurlu nəticə ilə dönüb qrup mərhələsinə vəsiqə qazansınlar. Amma “Qarabağ” adı tamam fərqlidir. Bu komanda gərək sabah dəstəksiz qalmaya. Hər halda nə qədər narahatlıq keçirsəm də, inanıram ki, sabah bütün trubunalar dolu olacaq və “Qarabağ” dəstəksiz qalmayacaq. Özü də çox istərdim ki, azarkeşlər sadəcə tribunaları doldurmasınlar. Eyni zamanda sona qədər komandanı dəstəkləsinlər.
- Bilirik ki, ilk mərhələ oyunlarında təşkilatçılığı “Bakı” və “Qarabağ” klubları özləri etdilər və oyunlara giriş də pulsuz idi. Buna görə də tribunalar dolu oldu. Sonradan UEFA təşkilatçılğı AFFA-ya həvalə etdi və bilet satışı tətbiq edildi. Konkret bilet amili azarkeşlərin sayına təsir edə bilərmi?
- Mən bunu biletlə əlaqələndirməzdim. Bizim oyun üçün nəzərdə tutulan biletlərin qiyməti 1-2 manat aralığındadır. Yəni, bundan aşağı qiymət məncə, mümkün deyil. Sizə bir fakt deyim. Hollandiyadakı ilk oyunda biletlərin qiyməti 15-20 avro idi. Amma 24 minlik stadion ağzınacan doluydu. Gördüyünüz kimi, bizdə qiymətlər 20 dəfə ucuz satılır. Təbii, biz də istərdik ki, giriş pulsuz olsun. Elə ilk oyunda da bu cür etmişdik. Lakin sonradan UEFA bildirdi ki, bu, qaydalara ziddir və bilet satışı mütləq olmalıdır. Bundan sonra təşkilatçılıq hüququ AFFA-ya verildi.
- Oyun öncəsi futbolçularınıza mətbuatla ünsiyyəti də qadağan eləmisiniz. Halbuki “Qarabağ” həmişə mətbuata açıq komanda olub.
- Bilirsiniz, qadağanı da başa düşmək lazımdır. Futbolçular bu cür oyun ərəfəsində stress, təzyiq altında olurlar. Onlara əlavə təzyiq yaratmaq doğru olmazdı. Bu mənada, baş məşqçimiz belə qərar qəbul etdi.
- Amma gəlin unutmayaq ki, “Qarabağ” iki mərhələni qadağasız dövrdə keçdi. Sizə elə gəlmir ki, hazırkı vəziyyətdə bu qadağanın tətbiqi əksinə, futbolçuları təzyiq altında saxlayacaq, onların sərbəstliyini əllərindən alacaq?
- Mən inanmıram ki, bu qadağa onların sərbəstliyini əllərindən alsın. Hər halda, bu mərhələyə qədər gəlib çıxmağımız onu göstərir ki, rəhbərliyin indiyə kimi qəbul etdiyi qərarlar doğru olub və biz hər şeyi düz eləmişik.
- Çempionatdakı oyunlarının təxirə salınması oyun praktikasının yoxluğu baxımından “Qarabağ”a mane olmayacaq ki? Nəzərə alaq ki, Hollandiyada çempionat davam edir.
- Bu, texniki sual olduğundan mənim cavab verməyim doğru olmazdı. İndiyə kimi çox ağır qrafiklə oynamışıq. İnşallah, qrup mərhələsinə vəsiqə qazansaq, təbii bu haqda fikirləşəcəyik. Yoxsa, “Avropa Liqasının qrupunda oynayırıq” deyib Azərbaycan Premyer Liqasından imtina etmək fikrimiz yoxdur.
- Sonda. Sabahkı oyunla bağlı azarkeşlərə son sözünüz?
- Çox istərdim ki, sabah azarkeşlər tribunaları ağzınacan doldursunlar və bizi sona qədər dəstəkləsinlər. Mən elə düşünürəm ki, bizim futbolçular bu dəstəyə layiqdirlər.
"Beşiktaş" 7 futbolçusunu göndərə bilər
Pelenin rekorduna yaxınlaşır
Mundialların "aqressiv" üçüncüsü oldu
"Ayntraxt" 18 yaşlı futbolçuya göz dikdi
FİFA bu matçla bağlı araşdırma aparmaqdan imtina etdi
Kovaçiç klubunu dəyişə bilər
Neymardan təqdirəlayiq addım
Növbəti mundiala hazırlaşırdı, istefaya göndərdilər
"Zirə"nin rəqibi bilindi
Braziliya - Yaponiya: Heyətlər
"Qalatasaray" onu hədəfə aldı
AFFA-da yeni təyinat - Şəkillər
DÇ-2026-dakı uğursuzluğa görə ölümlə hədələnir
"Çelsi" Mareska ilə bağlı bəyanat yaydı
"Mançester Siti" yeni baş məşqçisini açıqladı
“Qəbələ”dən mövsümün ilk transferi
"İmişli" Kaşkilya ilə yolları ayırdı
İtaliya klubunun yeni baş məşqçisi açıqlandı
DÇ-2026-darekord tamaşaçı sayı
Fransa millisindən 96 yaşlı azarkeşə Mbappe jesti
FTB DÇ-2026 zamanı 400-dən çox dronu müsadirə edib
Levandovskinin karyerasında yeni mərhələ
“Barselona” Keyn üçün ilk addımı atdı
"Araz-Naxçıvan"ın rəqibləri açıqlandı