Rəşad Abdullayev: "Azərbaycanlı futbolçu bunu etməzdi"

Rəşad Abdullayev: "Azərbaycanlı futbolçu bunu etməzdi"
ÖLKƏ FUTBOLU 13 May 2014 / 18:04 4069
-  A +

AZAL klubunun kapitanı Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi

- Premyer Liqamızın 35-ci turunda "Bakı"ya məğlub olduğunuz (0:1) oyun haqda fikirlərini bilmək istərdik.

- Çempionatda heç bir iddiamız olmasa da, son turlarda qələbə qazanmağı çox istəyirdik. Həm "Neftçi", həm də "Bakı" ilə oyunda buna çox yaxın olduq. İmicimizi qorumaq üçün yaxşı nəticələr qazanmalıyıq. "Bakı" ilə görüşdə isə qələbə şansımız daha çox idi. Təəssüf ki, üstün tərəf biz olsaq da, üç xalı rəqib qazandı.

- Səncə, "Bakı" layiqli qələbə qazanmadı?

- Deməzdim "Bakı" qələbəyə layiq idi. Bizim  qol epizodumuz daha çox oldu. Oyunun ədalətli nəticəsi heç-heçə idi.

- Rəqibin vurduğu yeganə qol böyük mübahisəyə səbəb oldu...

- "Bakı" futbolçuları Fair Play qaydalarına əməl etmədilər. Qapıçımızın zədəli halda yerdə qalmağından istifadə edən "Bakı"nın oyunçusu Şoliç topu boş qapıdan keçirdi. Azərbaycanlı futbolçu bu hərəkəti etməzdi. Şəxsən mən topu meydançadan kənara vurardım. Qapıçımız o halda deyildi ki , ayağa qalxıb, zərbəni dəf etsin. O, hətta digər qapıçı ilə əvəzlənməli oldu. Bütün bunlardan başqa qol epizodunda top "Bakı"nın futbolçusunun əlinə dəymişdi. Maraqlıdır ki, bunu hakimlərdən beşi görsə də, oyun dayandırılmadı.

- Qol vurulduqdan sonra futbolçularınız Şoliçin üzərinə hücum çəkdilər...

- Əlbəttə, belə də olmalı idi. Mən də Şoliçə öz iradımı bildirdim. Top rəqibin əlinə dəydiyi üçün futbolçularımızın çoxu dayandı, hakimin qərarını gözlədilər. Həm də qapıçımız zədələndiyindən düşündük ki, yəqin Şoliç zərbə vurmaz. Məncə, hakim oyunu saxlamalı idi.

- Düşünürsən ki, hakimlər topun rəqib futbolçunun əlinə dəydiyini görmüşdü?

- Bəli, nəinki hakimlər, hətta tirbunadakı azarkeşlər də bunu gördü. Gənc futbolçularımız hakimin üzərinə getdilər. Mən isə onları sakitləşdirdim. Ancaq baş hakimə bildirdim ki, qapının yanında dayanan hakim epizodu çox aydın şəkildə gördü.

- Nə "Bakı", nə də AZAL-ın qələbəsi əhəmiyyət daşıyırdı. Buna görə də hakimin qərəzli qərar verməyi inandırıcı deyil.

- Ola bilər ki, təcrübəszilikdən belə qərar veriblər. Hamısı cavandır, tanıdığım hakimlərdir. Yəqin ki, tez qərar qəbul edə  bilməyiblər.  

- Növbəti turda "İnter"lə qarşılaşacaqsınız. Rəqibiniz artıq gümüş medalları özü üçün təmin edib. Nəhayət, qələbə qazanmaq şansınız var.

- Son oyunlarda futbolçulara bildirirəm ki, çempionatda heç bir iddiamız olmasa da, öz imicimizə görə mübarizə aparmalıyıq. Fikrimcə, AZAL heç bir komandadan zəif deyil. Sadəcə futbolçulardan inamsızlıq yaranıb. Çalışmalıyıq ki, heç olmasa "İnter"lə oyunda qələbə qazanaq ki, futbolçularda gələn mövsüm üçün həvəs yaransın.

Ramiq AĞAMƏMMƏDOV     

Daha çox


Son xəbərlər
topaz banner