"Bundan sonrakı hər oyun bizim üçün final havasında olacaq"

"Bundan sonrakı hər oyun bizim üçün final havasında olacaq"
XƏBƏR 25 Aprel 2014 / 18:11 2594
-  A +

"İlk oyunda 3:0 qalib gəldikdən sonra bizi Lənkəranda böyük təzyiqin gözlədiyini bilirdik. Düzdür, doğma meydançamızda məhsuldar qələbə qazanmışdıq və finala çıxmaq şansımız yüksək idi. Amma arxayınlaşmadıq. Gözlədiyimiz kimi oldu".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ"nin hücumçusu Viktor Mendi "Xəzər Lənkəran"la kubok matçından (1:1) sonra  klubun rəsmi saytına açıqlamasında deyib.

Seneqallı futbolçu finala vəsiqə qazandıqlarına görə sevincli olduqlarını, amma Premyer Liqa marafonunda komandanı çox məsuliyyətli dönəmin gözlədiyini deyib: "İlk dəqiqələrdən lənkəranlılar irəli atıldı, biz isə yaxşı müdafiə olunduq. Qol vurmağımız rəqibi nisbətən sakitləşdirdi. Yekunda sevinən tərəf biz olduq. "Qəbələ" ilk dəfə Azərbaycan kubokunun finalına vəsiqə qazandı. Bu tarixi hadisədə yer aldığımıza görə sevincliyik. Amma artıq bu qələbəni unudub çempionata köklənməliyik. Bizi qarşıda çox məsuliyyətli oyunlar gözləyir. Bundan sonrakı hər oyun bizim üçün final havasında olacaq. İnanıram ki, istədiyimiz nəticələri qazanaraq Premyer Liqanı liderlər qrupunda tamamlayacağıq".

Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsində "Xəzər Lənkəran"la baş tutan hər iki oyunda fərqlənən Mendi komandasının finala yüksəlməsində əvəzsiz rol oynayıb.

Son xəbərlər