Tərlan Əhmədov: "AZAL-da problemlər çoxdur"

Tərlan Əhmədov: "AZAL-da problemlər çoxdur"
ÖLKƏ FUTBOLU 24 Mart 2014 / 19:07 2944
-  A +

AZAL klubunun yeni baş məşqçisi Tərlan Əhmədovun Qol.Az saytına müsahibəsi

- Topaz Premyer Liqanın son turunda AZAL rəhbərliyiniz altında ilk oyununa çıxdı. Artıq futbolçuları yaxından tanıdınız. Yeni komandanız haqda nə deyə bilərsiniz? 

- Bəli, oynadıq və 1:2 hesabı ilə məğlub olduq. AZAL-da görüləsi işimiz çoxdur. Komanda son doqquz oyunda qələbə qazana bilmirdi. Ona görə də futbolçularda ruh düşkünlüyü var. Qış fasiləsindən sonra komanda "qara zolağ"a düşüb. İndi çalışırıq ki, bu uğursuzluğa son qoyaq. Müdafiədə problemlərimiz var, qol epizodlarından istifadə edə bilmirik. Bir sözlə problemlər çoxdur. Yaxın zamanlardan problemləri aradan qaldıracağıq.

- Yəni gözlədiyinizdən aşağı səviyyəli komanda gördünüz?

- Sözsüz ki, ilk növbədə istədiyin futbolçular olmalıdır. Birdən-birə komandanı dəyişmək də olmaz. İstədiyimi futbolçulara tez bir zamanda başa salmaq da mümkün deyil. Tədricən komandanı qaydasına salacağıq. Çalışacağıq ki, qarşıda olan doqquz turda maksimum nəticə qazanaq.

- Bu mövsüm üçün hansısa iddiadan danışmaq gecdir. Bəs, gələn mövsümə qədər iddialı, çempionluğa oynayan  bir komanda formalaşdırmaq mümkündür?

- Hazırda AZAL-da olan boşluları doldurmaq istyirik. Komandaya bəzi futbolçular cəlb olunacaq. Sözsüz ki, gələn mövsüm üçün iddialı bir AZAL komandası yaratmaq fikrindəyik. Ancaq indi qarşıdakı oyunlardan üzüağ çıxmalıyıq. Mövsümün sonunda hərtərəfli götür-qoy edəcəyik. İcarədə olan futbolçularımız da var. Onlardan bəzilərini geri qaytara bilərik. Yeni transerlərin yerli və ya əcnəbi futbolçular olmasını da mövsümün sonunda müəyyən edəcəyik. Komanda yeni oyunçularla gücləndikdən sonra iddiamızı ortaya qoyacağıq.

- Hansı mövqelərə oyunçu almaq fikindəsiniz?

- Hücumda və müdafiədə çatışmazlıqlar var. Bundan başqa orta xətlə müdafiə arasında əlaqədə problem var. Bunlar hamısı aradan qaldırılmalıdır. Hazırda gündəmdə duran məsələ qarşıdakı oyunlardır. Bu oyunlarda futbolçuların potensialına bələd olacam. Biləcəm ki, kimlər qalmalıdır, kimlər getməlidir. Ola bilər  ki, futbolçular yeni məşqçi heyətinə özlərini yaxşı göstərdilər. Bir aydan sonra biləcəyik ki, konkret hansı mövqelərə futbolçu almalıyıq. Çalışacağıq  ki, yerli futbolçulara üstünlük verək.

- Bu yaxınlarda klub prezidenti ilə görüşünüz oldu. Əsasən hansı məsələlər müzakirə edildi? Qarşınıza hansı tələblər qoyuldu?

- Qarşımıza heç bir şərt qoyulmadı. Çox səmimi söhbətimiz oldu. Klub prezidenti bizə dəstək oldu. Yerli və cavan futbolçulara üstünlük verilməyi qarşımıza məqsəd qoyuldu. Artıq gələn mövsümdən 1994 və 1993-cü il təvəllüdlü futbolçulara üstünlük verməliyik.

- Təyintınızdan sonra AZAL-ın sabiq baş məşqçisi Vaqif Sadıqovla əlaqə saxlamısınız?

- Xeyr, Vaqif müəllimin telefonu bağlı olduğu üçün əlaqə saxlaya bilməmişəm. Ancaq onun köməkçisi olmuş Şakir Qəribovla ətraflı danışmışam.

- Topaz Premyer Liqada növbəti rəqibiniz autsayder "Sumqayıt"dır. AZAL-da ilk qələbənizi qazanmaq şansınız var.

- Bilirsiniz ki, "Sumqayıt" gənc futbolçulardan ibarət əzmkar komandadır. Sona qədər vuruşurlar, mübarizə aparırlar. Çalışacağıq ki, "Bakı" ilə qarşılaşmadan fərqli bir oyun sərgiləyək. "Bakı" ilə oyunda futbolçulardan istədiyimi ala bilmədim. Psixoloji cəhətdən də komanda hazır olmalıdır. Fiziki cəhətdən AZAL-da problem yoxdur. Əzmkar komandaya qarşı əzmkar futbol oynamaq lazımdır.

- AZAL da həmişə əzmkarlığı ilə seçilib...

- Bəli, elədir. Ancaq son dövlər ardıcıl məğlubiyyətlər komandaya pis təsir edib. Çalışırıq ki, qələbə qazanıb, psixoloji durumu da qaydasına salaq.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq