"Qarabağ"a qalib gəlməyin yollarını çox müzakirə etmişik"

"Qarabağ"a qalib gəlməyin yollarını çox müzakirə etmişik"
ÖLKƏ FUTBOLU 11 Mart 2014 / 16:15 2903
-  A +

"Qəbələ" klubunun yarımmüdafiəçisi Nizami Hacıyev Qol.Az saytına müsahibə verib. O, Topaz Premyer Liqanın son turunda "Neftçi"yə uduzduqları oyun və Azərbaycn kubokunun 1/4 finalında sabah "Qarabağ"la baş tutacaq qarşılaşma haqda sualları cavablandırıb.

- "Qarabağ" və "Xəzər Lənkəran"dan sonra "Neftçi"yə də öz meydanınızda məğlub oldunuz. Bu görüş haqda fikirlərini bilmək istərdik.

- Rəqibimiz də ardıcıl bir neçə tur xal itirmişdi. Bilirdik ki, bizimlə oyuna daha ciddi hazırlaşıblar. Çox ağır matç oldu. Komandamız ümumi oyun ərzində pis çıxış etmədi. Ancaq bir neçə real qol vəziyyətlərindən istifadə edə bilmədik. Mən özüm iki dəfə yaxşı fürsətdən yararlana bilmədim. Məğlub olduğun oyunu oturub fikirləşəndə növbəti qarşılaşmada uğur əldə etmək çətindir. Əfsuslar olsun ki, "Qarabağ" və "Xəzər Lənkəran"a uduzandan sonra özümüzə gələ bilmirik. Ancaq bu gün komandada ab-hava yüksək səviyyədədir. Klub rəhbərliyinin bizə dəstəyi futbolçularımıza yaxşı təsir edib.

- Sabah Azərbaycan kubokunun 1/4 finalında "Qarabağ"la qarşılaşacaqsınız...

- Bütün gücümüzü sabahkı oyuna yönəltmişik. Bilirik ki, çox gərgin oyun olacaq. Çempionatın liderinə qarşı mübarizə aparacağıq. Borcumuz sabah qələbə qazanmaqdır.

- Bu mövsün "Qarabağ"a hər üç çempionat oyununda məğlub olmusunuz. Bu, oyunqabağı futbolçularda gərginlik yaradıb?

- Əlbəttə ki, istər-istəməz fikirləşirik ki, "Qarabağ"a məğlubiyyət seriyası nə vaxt başa çatacaq? Yəni "Qarabağ"la oyuna adi qarşılaşma kimi yanaşmaq olmur. Futbolçularımızın hər biri özünə hörmət edir. Özünə hörmət edən insan da məğlubiyyəti xoşlamır. Kubokda növbəti mərhələyə çıxmaq üçün əlimizdən gələni etməliyik. Başqa variant da yoxdur. Kubok oyunu bizim üçün çox önəmlidir. Avroliqaya vəsiqə qazanmaq üçün ən qısa yol Azərbaycan kubokunu qazanmaqdır.  Ona görə də "Qarabağ"a bu mövsüm üç dəfə məğlub olmağımıza baxmayaraq, sabah qələbə qazanmağa ümidliyik. Öz meydanımızda elə bir nəticə qazanmalıyıq ki, cavab görüşündə işimiz asan olsun.  Çalışmalıyıq ki, maksimum nəticə əldə edək. Hər bir komandanın eniş dövrü olur. İnanıram ki, bizim son eniş nöqtəmiz "Neftçi"yə məğlubiyyət idi. Həm baş məşqçi ilə, həm də futbolçularla öz aramızda söhbətləşmişik. "Qarabağ"a qalib gəlməyin yollarını çox müzakirə
etmişik.

- Belə müzakirələrdə yəqin ki, "Qəbələ"nin son uğursuz çıxşlarının səbəbini də araşdırırmısınız. Hansı nəticəyə gəlmisiniz? Bəzi mütəxəssislər komandanızda kollektiv oyunun olmamasını, orta xəttin zəif çıxış etdiyini əsas gətirir.

- Mən belə düşünmürəm. Sadəcə oyunumuz alınmır. Yəqin ki, komandaya göz dəyib. Bizim orta xətdə kifayət qədər yaxşı futbolçularımız var. Orta xəttimiz yaxşı deyilsə, niyə birinci dövrədə qələbələrimizi sıralayırdıq?

- Həmin dövrdə orta xətdə oyunu ilə seçilən Amit Quluzadə və sən daha çox meydanda olurdunuz.

- Baş məşqçi məni start heyətdə görmürsə, buna müdaxilə etmək düzgün deyil. Mənə şans verilmirsə, bu, mənim zəif çıxışımdan və yaxud məşqçi ilə problemim olmağından xəbər vermir. Futbolçu üç oyun ardıcıl 90 dəqiqə oynayırsa, dördüncü oyunda ehtiyatda oturur. Bu, böyük klublarda da normal haldır. Yəni bunlar takitika ilə əlaqədardır. Uğursuzluğumuzda baş məşqçidən tutmuş hər bir futbolçumuza qədər hamı səbəbkardır. Ona görə də bunu birlikdə aradan qaldıra bilərik. Mümkün deyil ki, kimsə fərdi şəkildə bu problemləri həll etsin.

- Qeyd etdin ki, Avroliqaya ən qısa yol kuboku qazanmaqdır. "Qəbələ"nin çempionluqla kuboku qazanmaq arasında seçim etmək kimi bir fikri var? Nəzərə alaq ki, Topaz Premyer Liqada  lider "Qarabağ" sizi 9 xal qabaqlayır.

- Bizdə elə bir söhbət olmayıb ki, diqqətimizi hansısa bir istiqamətə daha çox yönəldək. Çempionatda ikinci pillədəyik. Kubokdakı şansımızı isə sabah "Qarabağ"la  oyundan sonra biləcəyik. Biz verilən tapşırığı maksimum yerinə yetirməklə məşğul oluruq. Hər iki titulu qazanmaq bizim üçün çox önəmlidir.

- Komandanızın son oyunlarda qalib gələ bilməməsi, xüsusilə də ev oyunlarında məğlub olmağı azarkeşlərinizin kəskin etirazına səbəb olur.  "Neftçi" ilə qarşılaşmada da bunun şahidi olduq. Hətta hakim azarkeşlərə görə oyunu dayandırmalı oldu.

- Azarkeşlərə nə deyə bilərəm? Mən də onların yerində olsam, elə edərdim. Komandam 3-4 tur xal itirsə, mən də hirslənərəm, dalaşaram, kiməsə iradlarımı bildirərəm. Azarkeşlər azaddır. Onların hərəkətini müzakirə etmək olmaz. Azarkeş bizdən pis şey istəmir ki. Deyirlər ki, "Qəbələ" qalib gəlsin. Ona görə də azarkeşlərin hər bir fikrinə hörmətlə yanaşıram. Bizim uğur qazanmağımız üçün ən böyük amillərdən biri azarkeşlərimizdir. Fikir verin, digər ölkələrdə azarkeşlər stadionu dağıdırlar, partladırlar. Mən azarkeşlərimizi dəstəkləyirəm. Fürsətdən istifadə edib onlara demək istəyirəm ki, biz sizə inanırıq, siz də bizə inanın. Bilin ki, biz əlimizdən gələni edirik ki, sizi sevindirək. Biz həddindən artıq ağır bir yükü çiynimizdə daşıyırıq. Çünki məğlub olanda klub rəhbərliyi, azarkeşlərimiz, yaxınlarımız və doğmalarımız kədərlənir. Bir qələbəmiz isə minlərlə insanı sevindirir. 

- "Neftçi" ilə oyunun sonlarında bir epizodda sənin də azarkeşlərə etiraz etdiyini gördük. Səbəb nə idi?

- Stadionun ortasına qəzet atılmışdı. Marat İzmaylov topu mənə ötürəndə top qəzetə dəyib, kənara getdi. Mən də həmin qəzeti azarkeşlərə göstərdim ki, yəni sizin hesabınıza topu itirdik. Mənim azarkeşlərlə heç bir söz-söhbətim ola bilməz.  

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
27.04.24  16:17

Keyn mükafat alacaq

27.04.24  15:40

Virtz "Bayer"də qalır

27.04.24  09:27

"Traktor" 1/4 finalda

27.04.24  01:30

"Real"dan qələbə