"Bakı" üçün çempionat hələ indi başlayır"

"Bakı" üçün çempionat hələ indi başlayır"
ÖLKƏ FUTBOLU 17 Fevral 2014 / 15:24 2589
-  A +

"Bakı" klubunun yarımmüdafiəçisi Cavid Hüseynovun Qol.Az saytına müsahibəsi

- Çempionatın son turunda "Neftçi"ni 2:0 hesabı məğlub etdiniz. Asan qələbə qazandığınızı demək olar?

- Hansı komanda ilə qarşılaşacağımızı yaxşı bilirdik. Məşqlərdə də nəzərə alırdıq ki, "Neftçi" çempionluğa ən iddialı komandalardandır. Şükürlər olsun ki, hazırlığımızın bəhrəsini görə bildik. İlk  hissədə çətinlik çəkdik. "Neftçi" topa bizdən yaxşı nəzarət edirdi. Ancaq ikinci yarıda hər bir cəhətdən rəqibi üstələdik. Əsasən də fiziki hazırlığımızın daha yaxşı olduğu hiss olunurdu.

- Bir neçə aparıcı futbolçusunun yoxluğu "Neftçi"nin oyununa təsir edirdi?

- Deməzdim ki, "Neftçi" əvvəlki oyunlara nisbətən pis təsir bağışladı. Rəqibimizin də qol şansları oldu. Sadəcə hücumu tamamlaya bilmirdilər. Biz isə əlimizə düşən imkanlardan yaxşı istifadə etdik.

- Görüşdə ilk qolun müəllifi sən oldun. Kalonasın gedişindən sonra Rauf Əliyev hücum xəttində tək qalıb. Ola bilərmi, bundan sonra səni daha çox hücumda görək? 

- Həmişə hücumameyilli olmuşam, qol vurmağa çalışmışam. Oyun zamanı arxaya qayıtmağı istəmirəm. Çünki komandama irəlidə daha çox xeyir verə bilərəm. Ancaq oyunun gedişatından çox şey asılıdır. Elə olur ki, müdafiəyə çəkilməyə məcbur oluram. Belə olanda hücumda effekt verə bilmirəm. "Neftçi" ilə qarşılaşmanın ilk hissəsində hücuma qoşula bilmirdim. İkinci hissədə isə iki qol şansım oldu və birindən yararlandım.

- Növbəti turda çətin rəqiblərinizdən biri olan "Xəzər Lənkəran"la qarşılaşacaqsınız...

- "Xəzər Lənkəran" səfərdə "Qəbələ"yə qalib gəlib. Bu isə onlara ruh yüksəkliyi verib. Çox maraqlı və çətin oyun olacağını indidən demək olar. Səfərdə oynayacağımıza baxmayaraq, "Xəzər Lənkəran" üçün asan olmayacaq. Hər iki komandanın gücünü eyni hesab edirəm.  Qarşılıqlı hücumlar şəraitində keçən bir matç gözləyirəm. Hansı komanda əlinə düşən fürsətlərdən istifadə edə bilsə, qələbə onun olacaq.

- "Xəzər Lənkəran"ın mövsümün ilk yarısı ilə müqayisədə birbaş üstün oyun nümayiş etdirir. Bu fikirlə razısan?

- Əlbəttə, bilinirdi ki, Mustafa Dənizlinin gəlişindən sonra həşr şey müsbətə doğru gedəcək. Rəqibimiz olmasına baxmayaraq, bu komandanın irəliləyişi bizi sevindirir. Çünki çempionatımızda inkişaf, rəqabət artacaq.

- "Bakı" da üçüncü dövrəyə yaxşı başlayıb. Komandanız ardıcıl üç oyundur ki, qalib gəlir. "Bakı"nın tam formalaşdığını və hələ bundan sonra əsas gücünü göstərəcəyini demək olar?

- Bəli, bizim üçün çempionat indi başlayır. Çünki birinci dövrədən sonra tam heyətlə hazırlıq keçə bilmədik. Çünki bir neçə futbolçumuz hərbiçilər arasında keçirilən dünya çempionatında iştirak edirdi. Ancaq bu dəfə təlim-məşq toplanışı üçün tam heyətlə İspaniyaya getdik. Oradakı hazırlığımız və yoldaşlıq oyunlarımız uğurlu alındı. İndi futbolçular bir-birini daha yaxşı başa düşür. Ona görə də üçüncü dövrə başlayandan istədiyimizi ala bilirik. Bacardığımız qədər iləli gedib, mükafatçılar sırasına düşmək istəyirik.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə