"Artıq "Qarabağ"a məğlubiyyəti qəbul edə bilmirik"

"Artıq "Qarabağ"a məğlubiyyəti qəbul edə bilmirik"
ÖLKƏ FUTBOLU 7 Fevral 2014 / 19:01 3557
-  A +

"Qəbələ" klubunun yarımmüdafiəçisi Amit Quluzadənin Qol.Az saytına müsahibəsi

-  Təlim-məşq toplanışından sonra "Qəbələ"də ümumi vəziyyəti necədir?

- Bu təlim-məşq toplanışı komanda üçün səmərəli olsa da, mənim üçün yaxşı keçmədi. Belə ki, qasıq nahiyəmdə ağrılar yarandığından hazırlıqlarda yaxşı iştirak edə bilmədim. Ancaq ümumən komandamızda vəziyyət normaldır. Çempionatın ilk oyununda "Sumqayıt" üzərində 3:0 hesablı qələbə qazandıq. Bu nəticə onu göstərir ki, komandamız çempionata hazırdır. Ancaq 3-4 turdan sonra hər şey tam qaydasında olacaq.

- Zədən indi nə yerdədir, növbəti oyuna çıxmağa hazırsan?

- Bəli, artıq tam hazıram. Oynamağım baş məşqçinin qərarından asılıdr.

- Sabah sizi "Qarabağ"la çətin çempionat oyunu gözləyir. Bu görüş haqda nə düşünürsən?

- "Qarabağ" həmişəki komandadır. Rəqibimiz çempionatın əsas fovaritlərindəndir. Əslində hazırlığımızın nəticəsi əsas sabahkı oyunda bilinəcək. "Qarabağ"ın "Xəzər Lənkəran"la oyununu izlədik. Məğlub olsalar da, üstün oyun nümayiş etdirən "Qarabağ" futbolçuları idi. Məncə, sabah komandaların qüvvəsi  eyni olacaq. Ancaq bundan əvvəl iki dəfə bu rəqibə uduzmuşuq. İnşallah həmin oyunların revanşını alarıq.

- Ümumiyyətlə "Qəbələ" uzun müddətdir ki, "Qarabağ"a qalib gələ bilmir...

- Bunu biz də dərk edirik və oyunun necə çətin keçəcəyini indidən demək olar. Kubok oyunları ilə birlikdə 7 oyundur ki, "Qarabağ"a qalib gələ bilmirik. Son iki oyunu isə məğlub olmuşuq. Artıq futbolçular da bunu qəbul edə bilmirlər. Bu uğursuz seriyanı qırmağın vaxtı çatıb. Sabah meydana kimin çıxmağından asılı olmayaraq, əlindən gələni edəcək ki, qalib gələk.

- Komanda yoldaşların da "Qarabağ"la oyun haqqında iddialı açıqlama verib. "Qəbələ"nin "Qarabağ"a qalib gələ bilmədiyi dövrlərlə müqayisədə indi daha güclü olduğunu düşünürsən?

- Bəli, Yuri Syomin "Qəbələ"yə baş məşqçi təyin olunduqdan sonra komandamızda gündən-günə inkişafdadır. Syomində uzun illərin təcrübəsi var. Hər gün bizə nəyisə öyrədir. Mənə elə gəlir ki, hər gün komandamızda artım var. Yəni bu gün hazırlaşırıq, görürük ki, dünənkindən yaxşı məşq etmişik. Bildiyiniz kimi yeni transferlərimiz də oldu. İndi hər yer uğrunda azı 2-3 oyunçu mübarizə aparır, rəqabət daha çoxdur. Rəqabət olan yerdə də həmişə artım olur.

Ramiq AĞAMƏMMƏDOV 

Son xəbərlər