Maksim Medvedyev: "Çempionluq şansımızı qaçırmayacağıq"

Maksim Medvedyev: "Çempionluq şansımızı qaçırmayacağıq"
ÖLKƏ FUTBOLU 17 Yanvar 2014 / 00:01 2415
-  A +

"Qarabağ" klubunun müdafiəçisi Maksim Medvedyevin Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə müsahibəsi

- Bir neçə gündür Antalyada təlim-məşq toplanışına başlamısınız. Hazırlıqlar necə gedir?

- Demək olar ki, komandanın 75 faizi yanvarın 7-dən bir yerdə məşq edir.  Zədəlimiz yeganə Rəşad Sadıqovdur ki, o da fərdi məşqlər edir. Braziliyalı futbolçularımız komandaya bir qədər gec qoşuldular. Ancaq artıq bütün komanda birlikdədir. Dünəndən gərgin fiziki məşqlərə başlamışıq. Hazırda bütün futbolçularımız yaxşı formada deyillər. Bu da təbiidir. Çünki hamısı tətildən qayıdıb. İnanıram ki, fərdi məşq keçən oyunçularımız da tezliklə formaya düşəcəklər. İndi hər şey etməliyik ki, fasilədən sonra bizi gözləyən ilk  3-4 çətin oyunun öhdəsindən gələk.

- "Qarabağ" 4 yoxlama oyununda qüvvəsini sınamağı nəzərdə tutub. Rəqibləriniz haqda nə deyə bilərsən, sizə uyğun komandalardır?

- Yanvarın 19-da Rumıniyanın "Dinamo" (Buxarest) klubu ilə qarşılaşacağıq. Həmin oyuna əsas heyətlə çıxa bilməsək də, əsasən komandanın aparıcı üzvləri meydana çıxacaq. Hələ bəzi futbolçular oynama hazır deyil. Yoldaşlıq oyunlarında hesab o qədər də önəmli deyil. Müəyyən çatışmazlıqlarımız var. Hansı ki, onu məşqdə yox, yoxlama oyunlarında görmək olur. Digər yoxlama oyunlarına qədər hələ vaxtımız var. Əsas birinci oyundur ki, görək nə baş verir. Çalışacağıq ki, qarşıdakı yoxlama oyunlarında "Qarabağ"ın oyun stilini qaytaraq. Sonuncu yoxlama oyunumuz Ukraynanın "Volın" klubu ilə olacaq. İnanıram ki, ona qədər bütün futbolçularımız hazır olacaq və çempionatda oynadığımız ilk 11-lik həmin qarşılaşamada da meydana çıxacaq.

- Toplanışa çempionatın lideri kimi gəlmək necədir?

- Neçənci yerdə olmağımızdan asılı olmayaraq, məşq prosesimizi əvvəlcədən müəyyənləşdiririk. "Qarabağ" uzun müddətdir ki, eyni stildə oynayır. Bu, bizə bəzən çətinlik yaradır. Çünki rəqiblər artıq bizi analiz etməyi yaxşı bacarır. İndi fərqli oyun üslubu üzərində çalışırıq. Fasilədən sonra oyunlarda həmin taktiki dəyişikliklərdən istifadə edəcəyik.

- Digər rəqibləriniz də təlim-məşq toplanışındadır. Onlar "Qarabağ"a nisbətən heyətlərini artıq yeni oyunçularla gücləndirib. Bu baxımdan sizi çətin oyunlar gözləyir...

- Əlbəttə liderliyi qorumaq çətindir. Bu gün "Qəbələ"dən bir xal irəlidəyiksə, altı xal onlardan geri düşməyə də hazır olmalıyıq. Cari çempionat tam fərqli məcrada keçir. Heç bir komanda deyə bilməz ki, bizim əsas rəqibimiz "Qarabağ", "Qəbələ" və ya "Neftçi"dir. Məncə, "Qəbələ" və "Neftçi"yə növbəti oyunlarda qalib gələ bilsək, autsayderlərlə heç-heçə etməklə də sona qədər liderliyimizi qoruya bilərik. Yəni "Qəbələ" və "Neftçi"yə xal verməsək, istəyimizə çatacağıq. 

- "Qəbələ" futbolçuları açıqlamalarında "Qarabağ"ı özlərinə əsas rəqib kimi göstərib. Sən necə düşünürsən?

- "Qəbələ" futbolçuları bunu ona görə deyir ki, cari çempionatda hər iki oyunda onlara qalib gəlmişik. Avroliqadakı çıxış etdiyimiz üçün birinci oyunda komandamız ikinci heyətlə oyuna çıxdı və buna baxmayaraq, qalib gəldik. İkinci oyunda isə "Qəbələ"yə dörd qol vurduq. Düzdü, "Qəbələ" bu qollardan üçünün əvəzini çıxdı. Hətta dördüncü qolu vurub, bizdən bir xal da ala bilərdilər. Bu, baş versəydi, bizim üçün çox ağır zərbə olacaqdı. Yəni bütün bunlara görə, "Qəbələ" bizi daha güclü hesab edir. Ancaq təlim-məşq toplanışının gedişindən məlum olur ki, "Qəbələ" və "Xəzər Lənkəran" bizdən daha hazırlıqlıdır. Bu da ondan irəli gəlir ki, onlar məşqlərə bizdən tez qoşulub və bütün futbolçularla birlikdə hazırlığa başlayıblar. Həm də "Qəbələ" artıq bir neçə yoldaşlıq oyunu keçirsə də, bizim ilk oyunumuz yanvarın 19-da olacaq. Ancaq hər bir komandanın öz hazırlıq planı var. O demək deyil ki, "Qəbələ" 7 yoldaşlıq oyunu keçirdiyi üçün bizdən hazırlıqlı olacaq. Bizim də öz hazırlıq proqramımız var.

- Növbəti dövrədə necə "Qarabağ" görəcəyik?

- Qış fasiləsindən sonra futbolçularda daha çox istək olur. Onlarda psixoloji yorğunluq da aradan qalxır. Məncə, bizim ilk 3 oyunumuzdan çox şey asılı olacaq. İlk oyunlarda istədiyimiz nəticəni qazana bilsək, inanıram ki, sona qədər həmin tempi saxlayacağıq. Ancaq ilk oyunlardakı hər hansı bi xal itkisi psixoloji problemlər yarada bilər. Onu da qeyd edim ki, ilk oyunlarda "Qəbələ" və "Xəzər Lənkəran" kimi rəqiblərlə qarşılaşacağıq.

- Hələ ki, komandanızda yeni futbolçu görmürük. Əgər heyət gücləndirilməsə, mövcüd heyətlə çempion olmaq mümkündür?

- Bu heyətlə çempion ola bilərik. Bunun üçün bütün futbolçularımız stabil çıxış etməlidir, heç kim ulduz xəstəliyinə tutulmamalıdır, çempionatın sonuna 2-3 oyun qalmış fikirləşməməlidir ki, istirahət üçün hara gedim? Həm də futbolçular rejimə əməl etməlidir. Ancaq bunlara tam olaraq əməl etmək çətindir. Elə futbolçu var ki, bir oyun yaxşı təsir bağışlayır, iki oyun inamsız çıxış edir və ya bir oyun qol vurur, sonra isə itib-batır. Belə problemlərin olmaması üçün daha yaxşı olardı ki, əvəzedici futbolçular olsun. Həm də onlar eyni səviyyəli oyunçular olmalıdır ki, lazım olan məqamda oyuna çıxıb nəsə etsinlər. Bizə belə futbolçular lazımdır.

- "Qarabağ"ın çempionluq şansının bu mövsüm daha çox olduğunu deyirlər...

- Məncə, bizim Avroliqadakı çıxışlarımıza görə bunu deyirlər. Çünki Avroliqada qarşımıza "nəhənglər" çıxana qədər  yaxşı irəliləyirik. Bu, bir dəfə olsaydı, deyərdilər təsadüfdür. Artıq neçənci dəfədir ki, uğurlu çıxışlarımızla pley-off mərhələsinə çıxırıq. Ona görə fikirləşirlər ki,"Qarabağ"da nəsə var. Sonra baxırlar ki, "Neftçi" Albaniyanın "Skenderbeu" komandasını keçə bilmir. Ona görə də düşünürlər ki, deməli "Qarabağ" "Neftçi"dən güclüdür və ciddi xal itkiləri olmasa, çempion olacaq. Ancaq bunları söyləmək hələ bir az tezdir. Qarşımızda 18 oyun var. Mümkün deyil ki, xal itkisi ilə üzləşməyək. Qeyd etdiyim kimi əsas odur ki, "Neftçi" və "Qəbələ" ilə oyunda xal itirməyək.

- Təbii ki, neçə ildir çempionluq arzusu ilə yaşayan və buna yaxınlaşan "Qarabağ" futbolçularında istək daha da artıb. Bəs, oyun baxımından əvvəlki illərə nisbətən irəliləyiş var "Qarabağ"da?

- Artıq 6 ildir ki, "Qarabağ"dayam. Əvvəlki illərdən fərqli olaraq bu mövsüm onu hiss etdim ki, bütün komanda üzvlərimiz qol vurmaq istəyir. Hətta qapıçımız da qol vurub, komandanı irəli çəkmək istəyir. Müdafiəçi olsam da, mən də qol vurmaq istəyi çoxdur. Oyunlara baxanda da bunu hiss edə bilərsiniz. Komanda üzvlərimi aktiv görəndə mən də daha istəkli oluram və müdafiədən gəlib qol vurmağa çalışıram. Son oyunlarımıza nəzər salanda hiss olunur ki, "Qarabağ" daha çox çempion olmaq istəyir, nəinki başqa komandalar. Uzun illərdir ki, "Qarabağ" çempion olmur. Heyətimizdə olan futbolçuların heç biri "Qarabağ"la çempion sevinci yaşamayıb. Çempionatın axırına qədər belə davam etsək, inanmıram ki, çempionluq şansını qaçıraq.

Ramiq AĞAMƏMMƏDOV, Antalya

Daha çox


Son xəbərlər
topaz banner