Asif Məmmədov: "İnter"də qalacağam"
"İnter" klubunun yarımmüdafiəçisi Asif Məmmədovun Qol.Az saytına müsahibəsi
- Əvvəlcə çempionatın geridə qalan 18 turunu özün üçün qiymətləndirərdin...
- Məncə, mövsümün yarısını pis keçirmədim. Sadəcə Avroliqa oyununda zədələndim və uzun müddət meydana çıxa bilmədim. Bu, bəzi oyunlarda ehtiyatda qalmağıma da səbəb oldu. Ancaq deməzdim ki, formamdan uzağam.
- Türkiyədə təlim-məşq toplanışınız necə keçir?
- Hər şey qaydasındadır. Artıq bir neçə gündür ki, Antalyadayıq. Əsasən fiziki məşqlər edirik. Komandada yaxşı ab-hava var. Bir neçə yoldaşlıq oyunu keçirəcəyik.
- Futbolçular hamısı sıradadır?
- Bəzi zədəlilərimiz var. Ancaq ciddi bir şey yoxdur. Tezliklə tam şəkildə məşqlərə başlayacağıq.
- Fasilədən sonrakı "İnter"i necə görürsən?
- İnşallah yaxşı hazırlıq keçəcəyik. Çatışmazlıqlar üzərində işləyirik ki, əvvəlki səhvləri təkrarlamayaq. Bunları edə bilsək, daha güclü "İnter"in şahidi olacaqsınız.
- Hansı çatışmazlıqlar vardı komandanızda?
- Əsasən zəif cəhətimiz çox qol buraxmağımız idi. Qarşıda bizi bir neçə yoldaşlıq görüşü gözləyir. Həmin oyunlar səhvlərimizin üzərində işləmək üçün çox əhəmiyyətlidir. Yəqin ki, fasilə ərəfəsində heyətimizə yeni futbolçular qoşulacaq və komandamız daha güclənəcək.
- "İnter"lə müqavilən nə vaxt bitir?
- Hələ ki, 1.5 il "İnter"dəyəm. 2015-ci ildə müqaviləm bitəcək.
- Qarşıdakı bir il müddətində daha sərfəli təklif gələrsə, "İnter"dən ayrıla bilərsən?
- İndiyədək təkliflər olub. Getmək fikrim olsaydı, gedərdim. Müqaviləmin sonuna qədər "İnter"də qalacağam.
- Əvvəlki illərlə müqayisədə "İnter"in çempionluq şansı daha az görünür. Sən necə düşünürsən?
- Qətiyyən belə düşünmürəm. Biz həmişə çempionluğa oynamışıq. Bu mövsüm də çempion olmaq üçün əlimizdən gələni edəcəyik. Kiməsə inandırıcı gəlməyə bilər, ancaq bizim lider "Qarabağ"la cəmi 9 xal fəqimiz var. Qarşıdakı 18 tur ərzində 9 xallıq fərqi aradan qaldırmaq mümkündür.
Ramiq AĞAMƏMMƏDOV