Cavid Hüseynov: "Həmin cəzanın əziyyətini çəkirəm"
"Bakı" klubunun hücumçusu Cavid Hüseynovun Qol.Az saytına müsahibəsi
- Topaz Premyer Liqanın son turunda "Xəzər Lənkəran"a böyük hesabla (3:0) qalib gəldiniz. Bu maraqlı görüş haqda fikirlərini bilmək istərdik...
- "Xəzər Lənkəran"la ilk mərhələnin oyununda səfərdə uduzmuşduq. Ona görə bu qələbə bizim üçün revanş oldu. Yaxşı, uğurlu oyun alındı. Qazandığımız nəticə ilə yanaşı, oyun baxımından da yaxşı təsir bağışladıq. Layiqli qələbə qazandığımızı deyə bilərəm. Qol imkanlarımız çox oldu. Daha böyük hesabla qalib gələ bilərdik.
- Oyuna ikinci hissədə daxil oldun və qol vurdun. Bu əvəzləməni baş məşqçinin düzgün addımı kimi qiymətləndirirlər. Ancaq start heyətdə meydana çıxsaydın komandaya daha çox xeyir verməzdinmi?
- Mən də ilk dəqiqədən meydanda olmaq istyirəm. Bu istəyimi daima göstərirəm. Təbii ki, bunları məşqdə və oyunda göstərmək lazımdır. Qeyd etdiyiniz kimi bunu da bacarıram. Ancaq baş məşqçinin qərarına bir söz deyə bilmərəm. Təbii ki, 25 futbolçunun hamısı ilk dəqiqədən meydana çıxa bilməz. Özüm də ehtiyatda oturmaqla razılaşa bilmirəm.
- AFFA İntizam Komitəsi tərəfindən üç oyunluq cəzalandırılana qədər daima start heyət oyunçusu olurdun...
- Həmin cəzanın mənə çox mənfi təsirləri oldu. İndi də onun əziyyətini çəkirəm.
- Mövsümün əvvəlində bombardirlər siyahısına başçılıq edirdin. Artıq bu siyahıda da geriyə düşdün...
- Üç oyun meydana çıxmamağım hərtərəfli ziyanıma oldu. Qarşıdakı oyunlarda bunun nə dərəcədə əvəzini çıxacağımı zaman göstərəcək.
- Yenidən bombardir olmaq kimi bir hədəfin varmı?
- Sevindirici haldır ki, bu gün bombardirlər siyahısına yerli futbolçularımız başçılıq edir. Bununla belə mən yenidən o siyahıda birinci olmağı istəyirəm. Əslində mən daha çox meydanda məhsuldar ötürmələrimlə yadda qalıram. Heç vaxt ötürmə verəndə paxıllıq etməmişəm. İndi də belə fikrim yoxdur. Kimsə düşünməsin ki, bombardir olmaq üçün ötürmə verməyəcəm. Bombardir olmağı hamı kimi mən də istəyirəm. Ancaq ilk növbədə komandamın uğurunu arzu edirəm.
- Sabah çempionatın növbəti turunda "İnter"lə qarşılaşacaqsınız. Bu rəqib haqda nə düşünürsən?
- Belə deyək ki, "İnter" həmişəki kimi sakit şəkildə gəlir. İndi bu komanda turnir cədvəlində bizdən sonrakı pillədədir. Bu da bizi narahat edir. Ona görə oyuna çox ciddi hazırlaşmışıq. Rəqibimizin səviyyəsini də, inkişafda olduğunu da bilirik. Maraqlı oyun olacaq. İnşallah, qələbə qazanarıq.
- İlk dövrədə "İnter"ə qalib gələ bilməmişdiniz. Dediyin kimi indi bu komanda daha da güclənib. Bu mənada qələbənin daha çətin olacağını düşünmürsən?
- Təbii ki, bu dəfə bizi daha çətin oyun gözləyir. "İnter"i həmişə ilk "üçlük"də görməyə öyrəşmişik. Sadəcə olaraq çempionatın əvvəllərində xal itkiləri ilə üzləşiblər. İndi onun əziyyətini çəkirlər. Ancaq hazırda "İnter" daha güclüdür. Bu komandaya qarşı saymamazlıq etmək olmaz.
Ramiq AĞAMƏMMƏDOV