"Foqts çempionatın bütün oyunlarını izləməlidir"
"Milli komandamızın Estoniya ilə yoldaşlıq oyunu keçirməsini təqdirəlayiq hal hesab edirəm. Çünki Estoniya millisi Avropada oynayır, normal futbol ölkəsidir. Qırğızıstanla oyunumuza gəldikdə isə, daha güclü rəqiblə qarşılaşaraq, yaxşı təcrübə toplamaq olardı. Ancaq bu, əvvəlcədən danışılan məsələdir. Hər iki millinin futbol rəhbərləri danışıb razılaşıbsa, buna qarşımağımız düzgün deyil. Onu da nəzərə alın ki, hazırda bir çox Avropa komandaları Azərbaycan yığması ilə oynamaq istəmir. Məsafə amilini və səviyyə fərqini düşünürlər".
Qol.Az saytına açıqlamasında bu sözləri Azərbaycanın əməkdar məşqçisi Ağasəlim Mircavadov milli komandamızın Estoniya və Qırğızıstanla keçirəcəyi yoldaşlıq görüşləri haqda danışarkən deyib.
Millimizin sabiq baş məşqçisi belə yoldaşlıq görüşlərinin müntəzəm keçirilməsinin tərəfdarı olduğunu qeyd edib: "Hər ay komandamız yoldaşlıq oyunu keçirməlidir. Çünki Berti Foqts gənc futbolçuları sınaqdan keçirməlidir. Bundan əlavə milli öz oyun tempini saxlamaq üçün tez-tez oynamalıdır".
Təcrübəli mütəxəssis milli komandamızın hazırkı heyəti haqda da danışıb. Qeyd edib ki, təcrübəli futbolçularla yanaşı mütəmadi olaraq gəclərə də üstünlük verilməlidir: "Bunun üçün isə Berti Foqts çempionatı izləməlidir. Yığma komanda yaşından asılı olmayaraq Azərbaycanın ən güclü futbolçularından təşkil olunmalıdır. Ancaq süni şəkildə gəncləri qabağa vermək düzgün deyil. Əvvəlcə onlar U-19 və U-21 yığmalarında özlərini göstərməlidir. Rusiya milli komandasının baş məşqçisi Fabio Kapello son oyunlarda aşağı yaş qruplarından 8 futbolçu dəvət etmişdi. O, həmin futbolçuları klublarının oyunlarında görüb və bəyənib. Həmişə demişəm ki, milli komandanın baş məşqçisi klublarla sıx əlaqədə olmalıdır, bütün oyunları izləməlidir. Mən millidə baş məşqçiyəmsə, işim bütün oyunları, hətta birinci divizion matçlarını da izləmək olmalıdır".